• çərşənbə, 24 Aprel, 16:41
  • Baku Bakı 27°C

Erməni müxalifətinin uğursuzluğunun səbəbi nədir? - TƏHLİL

13.05.22 17:55 1081
Erməni müxalifətinin uğursuzluğunun səbəbi nədir? - TƏHLİL

“Erməni müxalifətinin yaratdığı “ Müqavimət hərəkatı” may ayının 12-də  İrəvanın müxtəlif rayonlarında avto yürüşlər təşkil etdi. Bu tədbiri də onlar etiraz aksiyalarına cəlb olunan iştirakçılarının sayını artırmaq məqsədi ilə həyata keçirdilər. Müxalifətdən olan Ermənistan Parlamentinin vitse-spikeri İşxan Saqatelyan bildirir ki, indiki mərhələdə əsas məqsəd mitinqlərə cəlb olunan insanların sayını artırmaqdır. Qeyd etmək lazımdır ki, müxalifət qüvvələri may ayının 1-dən İrəvanda kütləvi aksiyalara başlayıblar və elə o vaxtdan bu günə qədər aksiya iştirakçılarının sayını artırmaqla məşğuldurlar. Etiraz mitinqlərinin təşkilatçıları olan İşxan Saqatelyan və Artur Vanetsyanın hər gün iştirakçıların sayının artması haqda verdikləri raportlara baxmayaraq, istənilən nəticənin əldə olunmaması göz qabağındadır”.

Kaspi.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

O qeyd edib ki, müxalifətin Ermənistanda erməni qadınlarından istifadə etmək  təşəbbüsləri də nəticəsiz qalıb. Politoloqun sözlərinə görə, onlar ötən həftə qadınları meydana çıxardıblar ki, əhalini nümayişdə iştirak etməyə stimullaşdırsınlar, lakin yenə nəticə əldə edə bilməyiblər: “Mitinqlərə qoşulanların sayının az olmasını müxtəlif səbəblərlə izah edirlər. Bu heç də Ermənistanın Baş Naziri Nikol Paşinyanın apardığı siyasətlə razı olanların sayının daha çox olması və respublikada mövcud olan iqtisadi-siyasi vəziyyətin əhalini tam qane etməsi anlamına gəlməməlidir. Məlum olduğu kimi 44 günlük müharibədən sonra Paşinyanın apardığı siyasətin ölkəni uçuruma aparmasını düşünənlərin sayı artıb və ölkədə iqtisadi-siyasi vəziyyət hər keçən gün daha ağırlaşır. Amma məsələ burasındadır ki, mitinq və nümayişlərə ciddi münasibət bəslənilməməsinin əsas səbəbi onların arxasında keçmiş prezidentlər, Qarabağ klanının rəhbərləri Robert Köçəryan və Serj Sarqsyanın dayanmasıdır. Təşkilatçılar eks prezidentləri kolgədə saxlamağa çalışsalar da sadə insanları aldada bilmədilər. Çünki onlar  Robert və Serjin nümayişləri təşkil etməkdə əsil məqsədlərinin nədən ibarət olduğunu çox gözəl başa düşürlər. Xalqdan məhz belə reaksiya gözlədiklərinə görə müxalifət nümayəndələri bu keçmiş prezidentləri indiki mərhələdə gizlətməyə çalışdılar”.

Politoloq deyib ki, hazırda Ermənistanda yaşayan heç kim növbəti dəfə Robert Köçəryan və Serj Sarqsyanın, bununla da Qarabağ klanının hakimiyyəti altına düşmək istəmir: “Paşinyan hakimiyyəti ermənilər üçün nə qədər məhrumiyyətlər gətirsə, onlara Qarabağ klanı daha dəhşətli gəlir. Qarabağ klanının yenidən siyasi səhnəyə qayıtması daha möhkəm şəkildə Rusiyanın əsarəti altına düşmək, Avropaya yaxınlaşmaq xəyalından əl çəkmək, yenidən müharibə, erməni xalqının əlində olub qalanın talanması deməkdir. Çox qəribədir ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da nümayiş təşkilatçılarının əsas məqsədlərinin milli maraqlara xidmət etməkdən tamamilə uzaq olduğunu başa düşüb və xalqa bu barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Nikol Paşinyanın Ermənistanın bütün bəlalarının günahkarı kimi qiymətləndirilməsi düzgün deyil. Əslinə qalanda təslimçi təkcə Nikol deyil, onunla bərabər Robert Köçəryan, Serj Sarqsyan və Ermənitanın özüdür. Paşinyanın yerinə kim olsaydı qarşısına qoyulan təslimçilik aktını imzalayacaqdı. Çünki, onlardan əvvəlki prezidentlər addım-addım Ermənistanı təslimçiliyə doğru sürükləmişdilər. Problem Ermənistana rəhbərlik edənin şəxsiyyətində deyil, əgər bu həqiqəti başa düşməsələr və daxili çəkişmələr davam etdirilsə, bundan sonra bizim qarşımıza qoyulan tələblər daha da ağır olacaq””.

Ə.İbrahimov söyləyib ki, Levon Ter-Petrosyan dolayısı ilə Azərbaycanın, onun Prezidentinin apardığı xarici siyasət qarşısında aciz qaldıqlarını bildirmək istəyir: “Təbii ki, bu zaman o açıq şəkildə bizim siyasi sahədə əldə etdiyimiz nailiyyətləri təbliğ edə bilməzdi. Amma örtülü şəkildə də olsa o,  Azərbaycanın atdığı addımlara qarşı adekvat tədbir görməkdə aciz qaldıqlarını nəzərə çatdırır. Ermənistanın birinci prezidenti ölkəsinin gələcəyinin daha da acınacaqlı olacağı barədə verdiyi proqnozlar da diqqəti cəlb edir. Onun dediyinə görə, əgər indiki müxalifət öz addımları ilə xalqı uçuruma apardığını  başa düşür və yenə də gərginlik yaratmaqda davam edirsə, deməli onlar milli maraqlara deyil, kənar qüvvələrin maraqlarına  xidmət edirlər. Bu kənar qüvvələr  isə Köçəryan və Sarqsyanın yenidən siyasi səhnəyə qayıtmaq arzusundan başqa bir şey deyil. Ermənilər də növbəti dəfə bu şəxslərin maraqlarına xidmət etmək istəmir və məhz ona görə də mitinqin təşkilatçıları insanları küçəyə tökməkdə acizdirlər”. 

Alpər TURAN

banner

Oxşar Xəbərlər