• cümə axşamı, 26 iyun, 12:51
  • Baku Bakı 27°C

Enerji sisteminin səmərəliliyi artırılır

26.06.25 04:52 88
Enerji sisteminin səmərəliliyi artırılır

Prezident İlham Əliyevin bölgələrə son səfəri çərçivəsində Azərbaycan üçün ən mühüm əhəmiyyət daşıyan məqamlardan biri Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasiminin gerçəkləşməsi idi. Enerji ilə yüksək səviyyədə təminat hər bir dövlətin iqtisadi inkişafı və təhlükəsizliyinin ən ümdə elementi sayılır.

Prezident İlham Əliyevin Yevlax, Goranboy və Mingəçevirə budəfəki səfəri də özünün əhəmiyyəti və zənginliyi ilə seçildi. Dövlət başçısı bir çox açılışlarda iştirak etdi, görülən işlərlə maraqlandı. 

Təbii ki, bu səfər çərçivəsində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məqamlardan biri Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasiminin gerçəkləşməsi idi. Enerji ilə yüksək səviyyədə təminat hər bir dövlətin iqtisadi inkişafı və təhlükəsizliyinin ən ümdə elementi sayılır. Azərbaycan bu illər ərzində tək özünün yox, həm də çox böyük bir coğrafiyanın enerji təhlükəsizliyinin təminində mühüm aktora çevrilib. 

Ölkəmizin ən böyük elektrik stansiyası

Sözügedən məqamlar Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışında da əksini tapıb. Dövlət başçısı bildirib ki, “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır: “Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.

2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir”.

İtaliya və Çin şirkətlərinin böyük payı

Dövlət başçısı qeyd edib ki, bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər. Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir: “Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı”.

Prezident qeyd edib ki, bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var: “Qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır”. 

Şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək

Prezident bildirib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq: “Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək”. 

Dövlət başçısı qeyd edib ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir.

“Beş ildir Azərbaycanda sülh tam təmin edilib”

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcək: “Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik". Dövlət başçısı qeyd edib ki, beş ildir Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq: “Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq”. 

İqtisadi inkişaf, sosial rifah

Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı dövlət başçısı Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə maraqlanıb. Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışlarında iştirak edib. Prezident Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılışına da qatılıb. 

Prezident İlham Əliyevin Goranboy rayonuna səfəri zamanı isə  tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib. Göründüyü kimi, dövlət başçısının məlum səfəri çərçivəsində yaşanan hər bir hadisə bölgə əhalisinin sosial rifah halının yüksəlməsinə, iqtisadi inkişafa və məşğulluq səviyyəsinin artırılmasına xidmət edir.  

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər