• şənbə, 10 Oktyabr, 04:00
  • Baku Bakı 20°C

Ehtiyac duyulan platforma

10.10.26 02:53 23
Ehtiyac duyulan platforma

MDB Dövlət Başçıları Şurasının məhdud və geniş tərkibdə iclasları keçirilib. Təşkilat çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı bildirib ki, bu il MDB özünün 35 illiyini qeyd edir: “Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.

Humanitar sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, həmçinin aparılan bərpa işlərinin miqyasının əyani şahidi ola bildilər”.

Dövlət başçısı bildirib ki, əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir:

“2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.

Hörmətli həmkarlar, Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır”.

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Sonra MDB çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb.

 

banner

Oxşar Xəbərlər