• şənbə, 15 Fevral, 21:52
  • Baku Bakı 7°C

Dünyaya liderlik dərsi

15.02.25 05:02 147
Dünyaya liderlik dərsi

Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər ölkəmizin sahib olduğu imkanlar və xarici siyasət prioritetlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində Çinin CGTN telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər ölkəmizin sahib olduğu imkanlar və xarici siyasət prioritetlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Budəfəki auditoriyanın dünyanın əsas güc mərkəzlərindən və iqtisadi lokomativlərindən sayılan Çini əhatə etməsi xüsusilə diqqətəlayiqdir. 

Şaxələndirilmiş xarici siyasət

Ölkə başçısı bir daha rəsmi Bakının şaxələnmiş xarici siyasətə sahib olduğunu qeyd edərək, ayrı-ayrı mərkəzlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmləri qurduğunu bəyan edib. Azərbaycanın Çinlə əməkdaşlığa xüsusi önəm verdiyini deyən Prezident İlham Əliyev 2024-cü ildə iki ölkə liderinin görüşündən sonra strateji tərəfdaşlıq üzrə Bəyannamənin qəbul edildiyini xatırladıb: “Eyni zamanda, biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”.

Milli maraqlarını müdafiə etməyi bacaran ölkə 

Təbii ki, dünya dövlətləri ilə Azərbaycanın sahib olduğu yüksək səviyyəli, qarşılıqlı etimad və hörmətə əsaslanan ikitərəfli münasibətlərin əsasında ölkəmizin sahib olduğu imkanlar və iqtisadi güc dayanır. Bu gün Bakı beynəlxalq səviyyədə milli maraqlarını müdafiə etməyi bacaran azsaylı ölkələrdən biridir. Dövlətimiz qarşısına qoyduğu hədəfləri uğurla reallaşdırır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın hədəfi dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmaq idi və bu gün buna nail olunub: “Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.

“Biz əminik və nikbin fikirdəyik”

Məhz yuxarıda qeyd olunan amillər Azərbaycanı hazırda dünyada baş verən və yaşanan gərginliklər fonunda özünü daha rahat hiss etməsinə, geniş manevr imkanlarına sahib olmasına şərait yaradır. Biz bunu Prezident İlham Əliyevin indi hər bir dövləti ciddi şəkildə düşündürən ABŞ-də Donald Tramp Administrasiyası ilə bağlı suala cavabında da açıq şəkildə görürük. Dövlət başçısı bildirib ki, bu məsələdə əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır: “Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu dörd il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”. Prezident qeyd edib ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb: “Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-də dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

“Heç vaxt xalqına yalan danışmamalısan”

Təbii ki, Azərbaycanın gəlib çatdığı zirvə, bu gün qalib dövlət olaraq ərazi bütövlüyünü, sərhədlərini tam bərpa etməsi, bütün təzyiqlərə baxmayaraq, dönməz müstəqil siyasət yürütməsi ona dünya səviyyəli, hər kəsin hesablaşdığı Liderin rəhbərlik etməsinin təzahürüdür. Prezident İlham Əliyevin müsahibəsində liderliklə bağlı səsləndirdiyi fikirlər xüsusilə təqdirəlayiqdir: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.

Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.

Azad Əliyev

banner

Oxşar Xəbərlər