• şənbə, 19 Sentyabr, 07:18
  • Baku Bakı 23°C

Dövlətçilik tariximizin şanlı salnaməsi 

19.09.26 05:24 25
Dövlətçilik tariximizin şanlı salnaməsi 

Antiterror əməliyyatlarının dövlətimiz üçün nəticələri olduqca böyükdür. Suverenliyin elanı ilə dövlət idarəçiliyi ölkənin bütün ərazilərində bərpa olundu. Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Uzun illər qanlı müharibələrə şahidlik edən Cənubi Qafqazda silahlı qarşıdurma dövrü başa çatdı.

Azərbaycanın üç il öncə sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yekunlaşdı. Bununla da Cənubi Qafqazda hazırda mövcud olan sülh üçün əsaslı zəmin yarandı. 

Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Bu reallıq Azərbaycanın minlərlə qəhrəman övladının canı, qanı bahasına əldə edilib. 2020-ci ildə 30 illik işğala 44 gün ərzində son qoyan Vətən müharibəsi, 2023-cü ildə isə 100 illik separatizm ocağını cəmi 23 saata darmadağın edən antiterror əməliyyatları müstəqil dövlətçilik tariximizin ən şanlı salnamələri arasında yer alır. 

Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və müasir tariximizin yeni dövrünün də məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını diqqətə çatdırdı. Bildirdi ki, istər siyasi, hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. 

Sentyabrın 20-si antiterror əməliyyatları ilə separatizm qalıntılarından azad edilən şəhərlərimiz üçün də əlamətdar tarixdir. 
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni separatçılarından təmizlənməsindən və tarixi ədalətin bərpasından artıq üç il keçir.

Suverenliyimiz xalqımızın milli sərvətidir

Dövlət Suverenliyi Gününün əhəmiyyəti Prezident İlham Əliyevin müvafiq sərəncamında xüsusi qeyd olunur. Sərəncamda bildirilir ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib: “Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Dövlət Suverenliyi Günü yalnız bir Qələbə tarixi deyil

Bir gündən az davam edən antiterror əməliyyatlarının dövlətimiz üçün nəticələri olduqca böyükdür. Məhz bu əməliyyatlar nəticəsində suverenliyin elanı ilə dövlət idarəçiliyi ölkənin bütün ərazilərində bərpa olundu. Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Uzun illər qanlı müharibələrə şahidlik edən Cənubi Qafqazda silahlı qarşıdurma dövrü başa çatdı. Artıq separatizmi, işğalı özündə əks etdirən münaqişə ocağı tarixin qaranlıq arxivinə göndərilib. Bu missiya Azərbaycanın ali rəhbərliyinin qətiyyəti, uzaqgörənliyi və dəmir siyasi iradəsi, xalqın öz liderinə olan bağlılığı və sarsılmaz inamı, Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində uğurla reallaşdırıldı. Artıq beynəlxalq aləmdə Azərbaycan adı gəldikdə işğala məruz qalan, suverenliyi pozulmuş ölkə yox, bölgəmizdə yeni reallıqlar yaradan, prosesləri yönləndirən, sürətlə inkişaf edən güclü, müstəqil və qalib dövlət statusu ön plana çıxır. Beləliklə, Dövlət Suverenliyi Günü yalnız bir Qələbə tarixi deyil, həm də gələcək nəsillər üçün dərsdir. 

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd yenidən qurulur

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə başlayan bərpa quruculuq prosesi suverenliyimizin tam bərpasından sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd rayonlarını da əhatə etdi. Bu gün həmin şəhərlər doğma Azərbaycanın bir parçası olaraq yenidən qurulur, separatizmin, işğalın açdığı dərin yaralar milli birliyimiz, gücümüz sayəsində sarılır, sağaldılır. Bir zamanlar işğal faktının əsas ünvanlarından sayılan Xankəndi bu gün Azərbaycanın ən sürətli inkişaf edən şəhərlərinin sırasında yer alır. Minlərlə tələbə Qarabağ Universitetində təhsil alır. Qan yaddaşımız olan Xocalıya yeni həyat qayıdır. 

Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması ölkənin müstəqil dövlətçilik tarixində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 

Dövlət Suverenliyi Günü bir daha göstərdi ki, xalq və dövlət bir olduqda heç bir güc Azərbaycanın qarşısında dura bilməz. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər