şənbə, 02 Iyul, 03:00

Baku Bakı 22°C

Deputat: Prezidentin səfəri münasibətlərin inkişafına yeni təkan verdi

icon 294 icon 22 iyun 2022 | 18:15 Deputat: Prezidentin səfəri münasibətlərin inkişafına yeni təkan verdi

Azərbaycan Prezidenti İlham Əliyevin dost və qardaş Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan vermiş oldu. Səfər zamanı iyirmiyə qədər mühüm sənəd imzalandı ki, bunların hər biri ayrılıqda olduqca əhəmiyyətlidir. Çünki məzmun etibarilə bu sənədlər iki ölkə arasında münasibətlərin böyük bir spektrını kompleks şəkildə əhatə edir. Buraya iqtisadi, mədəni sahədən başlamış hərbi texniki əməkdaşlığa qədər geniş blok daxildir.

Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti postpandemiya dövrünün ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etdi. Çünki hazırkı mürəkkəb geostrateji şərtlər milli dövlətlər üçün proqnozlaşdırılması mümkün olmayan təhdidlər yaradır. Belə təhdidləri yalnız etibarlı müttəfiq və tərəfdaşlarla birlikdə dəf etmək mümkündür. Bu təhdidlər, sadəcə, hərbi siyasi məzmunlu deyil, həm də iqtisadi, tibbi-sağlamlıq, informativ və s. olmaqla çoxşaxəlidir. Bütün bunlar milli maraqların qorunması üçün fəal əməkdaşlığı zəruri edir. Özbəkistanda başda Prezident Şavkat Mirziyoyev olmaqla siyasi elita və bütövlükdə özbək xalqı Azərbaycan Prezidenti İlham Əliyevi böyük təntənə və ehtişamla qarşıladı. Yəni Özbəkistan Azərbaycan Prezidentini qalib Sərkərdə kimi qarşıladı. Yalnız qardaş xalq qardaşının tarixi Zəfərinə belə sevinə bilər. Prezident Şavkat Mirziyoyev bildirdi ki, “mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi”. Belə səmimi və sevgi dolu cümləni qurmaq üçün yalnız qardaş olmaq lazımdır ki, Özbəkistan–Azərbaycan qardaşlığı da ölkənin liderinin dilindən məhz bu cür səsləndirilir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Onun sözlərinə görə, ancaq belə mənəvi-humanitar məsələlərlə yanaşı iki ölkənin qarşılıqlı iqtisadi, hərbi–texniki və siyasi əməkdaşlığı o qədər böyük potensiala və perspektivə malikdir ki, bu potensialın realizə olunması regionun iqtisadi və kommunikativ mənzərəsini tamamilə dəyişə bilər. Bunun üçün Azərbaycanın yaratdığı logistika və kommunikasiya layihələri Özbəkistan üçün Qərbə çıxış qapısı rolunu oynaya bilər. Özbəkistan işğaldan azad edilmiş Füzuli rayonunda məktəb inşa etməyi planlaşdırır. Bu, bir qardaş töhfəsidir və məhz məktəbin tikilməsi ayrıca məzmun daşıyır. Bu səfər və imzalanan sənədlər ən qısa zamanda iki qardaş və dost ölkə arasında strateji müttəfiqlik şərtləri yaradacaq qədər əhəmiyyətlidir.