• şənbə, 05 Oktyabr, 17:16
  • Baku Bakı 24°C

"Dayandırın bu təhlükəli oyunları!"

05.10.24 06:06 133
"Dayandırın bu təhlükəli oyunları!"

Prezident İlham Əliyev: “Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər. Yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim edilib. Dövlət başçısı tədbirdə çıxış edib.

Azad edilən ilk şəhər 

Prezident çıxışında bildirib ki, onun Sərəncamı ilə 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilib: "Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur". 

Prezident bildirib ki, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərib, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəldib: "Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər".

Birinci yeni yaşayış məhəlləsi

Prezident İlham Əliyev bildirib ki, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilib: “Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir".

Özləri özlərinə məktub yazırlar

Dövlət başçısı ərazi bütövlüyünün bərpası məsələsinə münasibətdə Azərbaycana göstərilən ikili standartlara da münasibət bildirib: "Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri. Başqa yerlərdə də bütün Azərbaycan kəndlərini bax, bu günə qoyublar. Məscidlərimizi dağıdıblar, heyvanxana düzəldiblər, inək-donuz saxlayıblar. Qərbdə bir adam deyib ki, Azərbaycanın mədəni irsi talan edilir, dağıdılır, təhqir edilir? Yox. Ancaq bizi nədə ittiham edirlər? Guya biz hansısa tarixi irsi məhv edirik. Tamamilə əsassızdır". 

Anti-Azərbaycan qüvvələr üçün yas günü

Prezident deyib ki, bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür: "Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir. Mən bunu bir neçə gün bundan əvvəl demişəm. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir". 

“Nə qədər çalışsalar da, heç nə alınmayacaq”

Dövlət başçısı deyib ki, bu dağıntılar təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil: "Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları! Bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq".

Prezident deyib ki, bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. 
Sonra açarların sakinlərə təqdim edilməsi mərasimi olub. Qeyd edək ki, Prezident İlham Əliyev Zəngilan və Cəbrayıl rayonlarına səfəri çərçivəsində bir sıra açılışlarda və təməlqoyma mərasimlərində də iştirak edib. 

 

banner

Oxşar Xəbərlər