• şənbə, 24 May, 10:24
  • Baku Bakı 14°C

Ədalətin tələb etdiyi hökm

24.05.25 04:48 104
Ədalətin tələb etdiyi hökm

Bakı ilə Tehran arasında siyasi münasibətlər normallaşır, iqtisadi, hərbi, mədəni və sair sahələrdə birgə layihələr reallaşdırılır. Lakin bu proses əslində daha əvvəl başlaya bilərdi. Əgər Tehran ədalətin tələb etdiyi hökmü gecikdirməsə idi...

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub. Bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb. Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra edilib. 


Səfirliyə hücum, pozulan əlaqələr

Xatırladaq ki, səfirliyimizə hücum 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Məhz bu hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyətini dayandırmışdı.

Rəsmi Bakının ədalətli hökmün verilməsi və onun təxirə salınmadan icrasına dair təkidli tələbləri fonunda Tehran bu məsələni uzatmağa və müxtəlif bəhanələr irəli sürməyə cəhd göstərirdi. Lakin Azərbaycanın tutarlı arqumentləri və faktlar qarşısında geri çəkilməyə məcbur qalan İran rəhbərliyi edam hökmünün yerinə yetiriləcəyini bildirdi. İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.

Azərbaycanın İran tərəfindən əsas gözləntisi 

Səfirliyimizdə terror aktı törədən cinayətkarın edam hökmü ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edib. Bildirilib ki, Yasin Hüseynzadənin edamının icra prosesini Azərbaycan səfirliyinin iki əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

"Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir", - bəyanatda deyilir. 

Qeyd edək ki, hökm tək siyasi və hüquqi ədalətin yox, həm də mənəvi ədalətin qələbəsi kimi qiymətləndirilə bilər. Bu, ən azından mənfur hücumda həyatını itirən Orxan Əsgərovun yaxınları üçün bir təsəllidir. Mərhumun atası Rizvan Əsgərov Oxu.Az-a açıqlamasında bildirib ki, iki ildən artıq idi ki, terrorçunun edam qərarının icrasını gözləyirdi: "Çünki qərar verilsə də, icra olunmurdu. Prezident İlham Əliyevə təşəkkür edirəm ki, onun qəti mövqeyi olmasaydı, bu edam hökmü icra olunmayacqdı". 

Ata bildirib ki, övlad ağrısı ilə yanaşı, onun qatilinin cəzasını almaması çox çətin idi: "Çox şükür ki, terrorçunun edamı bizim yaramızın üstünə az da olsa, su səpdi. Övlad ağrısı heç vaxt unudulmur. Sanki övladımızın yanında günahımız azaldı. Çünki özümüzü günahkar hiss edirdik ki, onu qətlə yetirən öz cəzasını almayıb".

Dəyişən ritorika

Qeyd edək ki, artıq iki ölkə arasında münasibətlərdə müsbətə doğru müəyyən dəyişikliklər müşahidə olunmaqdadır. Təbii ki, bu prosesdə Azərbaycanın ali rəhbərliyinin qətiyyətli siyasi iradəsi, həmçinin beynəlxalq gərginliyin artdığı bir məqamda ölkəmizin bölgədə sabitləşdirici və ehtiyac duyulan geosiyasi oyunçu olması da mühüm rol oynayır. Bu məqamlar İran rəhbərliyinin də diqqətindədir. Məhz rəsmi Bakının yaratdığı yeni reallıqlardan İran tərəfi də maksimum dərəcədə fayda götürməyə çalışır. Lakin bu məqsədə nail olmaq üçün ilk növbədə Azərbaycana qarşı sərgilənən mövqe və ritorika dəyişməli, qarşılıqlı maraqların nəzərə alınmasında bərabərhüquqluluq prinsipinə riayət olunmalı idi ki, Tehranın son dövrlərdə bu istiqamətdə addımlar atdığı müşahidə edilir.  

Yeni inkişaf mərhələsi

Bugünlərdə İranda səfərdə olan və Tehran Forumuna qatılan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Tasnim”ə müsahibəsində ikitərəfli əlaqələrə dair açıqlamaları da diqqət çəkir. 

“Hesab edirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub”, - deyə o bildirib. Prezidentin köməkçisi münasibətlərin inkişafının əsas amillərini də açıqlayıb: “İran İslam Respublikasının hörmətli Prezidenti ağaye Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran – Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.

Birgə hərbi təlimlər

Azərbaycanla güc və hədə yolu ilə danışmağın qeyri-real olduğunu artıq İran rəhbərliyinin hərbi qanadı da dərk etməkdədir. Vaxtilə Araz çayı üzərində ölkəmizi hədəfə alan hərbi təlimlər keçirməklə beynəlxalq hüquqa əsaslanan mövqeyimizə təsir göstərəcəyini düşünənlər çox qısa müddətdə bunun yanlış olduğunu dərk etdilər. Bunun məntiqi nəticəsi olaraq bu gün Araz çayı üzərində hər iki ölkənin hərbçilərinin birgə təlimləri təşkil olunmaqdadır. “Araz-2025” birgə təlimi artıq uğurla yekunlaşıb. Təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Göründüyü kimi, ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra ikitərəfli münasibətlərdə yaşanan gərginlik artıq yerini müsbətə doğru dəyişikliklərə verməkdədir. Bakı ilə Tehran arasında siyasi münasibətlər normallaşır, iqtisadi, hərbi, mədəni və sair sahələrdə birgə layihələr reallaşdırılır. Lakin bu proses əslində daha əvvəl başlaya bilərdi. Əgər Tehran ədalətin tələb etdiyi hökmü gecikdirməsə idi...

Azad Əliyev

banner

Oxşar Xəbərlər