• cümə axşamı, 19 dekabr, 10:16
  • Baku Bakı 5°C

Çoxdan gözlənilən qanun 

14.12.24 00:25 635
Çoxdan gözlənilən qanun 

Milli Məclis “Diplomatik xidmət haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə bu sahədə çalışanların hüquq və vəzifələrini müəyyənləşdirir.

Diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətləri müəyyənləşir. Bununla bağlı yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Diplomatik xidmət əməkdaşlarının vəzifələri

Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər. 

Hansı məhdudiyyətlər nəzərdə tutulur?

Yeni qanun layihəsinə əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.

Layihədə həmçinin vurğulanıb ki, xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.

Diplomatik fəaliyyətin hüquqi əsasları möhkəmlənəcək

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, yeni qanunun qəbulundan sonra diplomatik fəaliyyətin hüquqi əsasları möhkəmlənəcək. O qeyd edib ki, yeni qanun layihəsi çoxdan gözlənilirdi və diplomatların bundan sonra daha da səmərəli işləməsinə şərait yaradacaq: “Bir il bundan öncə diplomatların maaşı kəskin artırıldı. İndiki XİN rəhbərliyi səfirlərin və səfirliklərin işinə çox diqqətlə yanaşır, problemləri həll etməyə çalışır. Vəziyyət ildən-ilə düzəlir. Yeni qanunun qəbulundan sonra isə diplomatik fəaliyyətin hüquqi əsasları möhkəmlənəcək”.

Qadın səfirlərin sayı azdır

Mili Məclisin deputatı Nigar Arpadarai isə bildirib ki, diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər. O qeyd edib ki, Azərbaycanda qadın səfirlərin sayı azdır: “Kvota sistemi və pozitiv diskriminasiyanın tərəfdarı deyiləm. Amma müvəqqəti addımlar atmaq, imtiyazlar vermək mümkündür. Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər”.

Deputat həmçinin vurğulayıb ki, vaxtilə bir neçə dəfə səfir təyin olunmuş bəzi yaşlı diplomatlar hazırda işsizdirlər: “Onlara nə XİN-də, nə digər əlaqədar orqanlarda müvafiq iş yoxdur. Lakin onlar hələ də işləmək istəyirlər və həmin kadrların təcrübəsindən hansısa şəkildə istifadə etmək olar”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın qadınlarla bağlı kvota tətbiqi haqqında təklifinə müsbət yanaşmadığını söyləyib: “Kvota məsələsi gender bərabərliyi problemi olan ölkələrdə keçərli ola bilər. Azərbaycanda isə gender bərabərliyi Konstitusiyada da öz əksini tapıb”.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

banner

Oxşar Xəbərlər