• çərşənbə axşamı, 24 dekabr, 07:48
  • Baku Bakı 5°C

COP-ların ən yaddaqalanı 

23.11.24 05:34 1713
COP-ların ən yaddaqalanı 

COP29 yalnız yüksək peşəkarlıqla təşkil olunması ilə yadda qalmadı. Bu tədbir, həm də bir çoxlarının səsi oldu. Dünyanın müxtəlif xalqlarının, dövlətlərinin üzləşdikləri problemlər, maneələr COP29 tribunasından bütün dünyaya bəyan edildi.

Azərbaycan COP29 kimi dünyanın mühüm tədbirlərindən birinə ev sahibliyi etməklə növbəti dəfə adını beynəlxalq aləmdə yaxşı mənada hallandırmağı bacardı. Yüksək peşəkarlıq, möhtəşəm təşkilatçılıq, innovativ texnologiyaların tətbiqi ilə yaradılan şərait.

Bütün bunlar hər kəsi düşündürən iqlim dəyişmələrinə qarşı mübarizə kimi ümumbəşəri problemdən çıxış yollarının müzakirə olunduğu COP29-un yüksək səviyyədə təşkili və fəaliyyəti baxımından böyük təsir gücünə malik vacib amillərdir. Bakı bütün dünya qarşısında bu sınaqdan da uğurla çıxmağı bacardı.  

İnam və etimadın göstəricisi

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar verilərkən dünyanın yekdil formada bu təşəbbüsü dəstəkləməsi əslində beynəlxalq aləmin Azərbaycana olan inam və etimadının göstəricisi idi. Səsvermədə iştirak edənlərin hər biri Bakının bu məsuliyyətli və ağır prosesi uğurla reallaşdıra biləcəyinə şübhə etmirdi. Təbii ki, qısa müddət ərzində həyata keçirilən hazırlıq prosesi zamanı Azərbaycanın uğurlarına kölgə salmağa çalışanlar tapılsa da, ümumilikdə COP29-un açılış mərasimindən tutmuş müxtəlif müzakirə panellərinə qədər təşkil olunan tədbirlər bu təşəbbüslərin heç bir nəticə vermədiyinin əyani sübutu idi.      

Ən yaddaqalan və səmərəli COP

80-dən artıq dövlət və hökumət başçısının, ümumilikdə 70 mindən çox insanın qatıldığı COP29 nəticələrindən asılı olmayaraq iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı təşkil olunan müzakirələrin tarixinə ən yaddaqalan və səmərəli tədbir kimi düşüb. Təbii ki, bu uğurların əsas meyarı ev sahibi kimi Azərbaycanın ortaya qoyduğu əzmkarlıq, diplomatik fəaliyyətdir. COP29 çərçivəsində iqlim dəyişmələrinə qarşı mübarizənin maliyyələşdirilməsi çərçivəsində aparılan müzakirələrin 300-500 milyard dollarlıq bir hədəf ətrafında getməsi də tədbirin əhəmiyyəti və nəticəyönümlülüyə hesablanmasının göstəricisidir. 

COP29-da hər kəsin səsi eşidildi

COP29 tək yüksək peşəkarlıqla təşkil olunması ilə yadda qalmadı. Bu tədbir, həm də bir çoxlarının səsi oldu. Dünyanın müxtəlif xalqlarının, dövlətlərinin üzləşdikləri problemlər, maneələr COP29 tribunasından bütün dünyaya bəyan edildi. Aparıcı media orqanlarının iştirakı ilə onların səsi dünyanın səsi olaraq eşidildi. Təbii ki, bu məsələdə də əsas təşəbbüskar rəsmi Bakı və Azərbaycanın ali rəhbərliyi oldu. Ortaya qoyulan siyasi iradə, qətiyyət müstəmləkə zülmündən əziyyət çəkən, qlobal istiləşmənin ən çox zərər verdiyi kiçik xalqlar və dövlətlərin eşidilməyən səsləri Azərbaycan Prezidentinin bütün dünyada böyük əks-səda yaradan çıxışlarında əksini tapdı.    

Möhtəşəm tribuna

COP29 həm də Azərbaycan həqiqətlərinin bir daha bütün dünyaya bəyan edilməsi üçün möhtəşəm tribuna rolunu oynadı. Təşkil olunan bütün müzakirələr Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı təşəbbüsləri, yaşıl enerji, yaşıl iqtisadiyyata keçid üçün atdığı addımlar, sahib olduğu imkanların ən yüksək təqdimatı ilə yadda qaldı. Azərbaycan həm ənənəvi, həm də bərpaolunan enerji imkanlarına malik bir ölkə olaraq onların uğurlu sintezinin təşkili təcrübəsini dünyaya bir nümunə kimi göstərdi. 

Ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki önəmli rolu, geosiyasi və coğrafi mövqeyinə görə beynəlxalq əhəmiyyətli tranzit nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olması xüsusi vurğulandı. Hazırda bütün dünyanın diqqət etdiyi bu iki məqamla bağlı yaşıl texnologiyaların tətbiqi sahəsində Azərbaycanın irəli sürdüyü ideya və təşəbbüslərə güclü siyasi dəstək ifadə edildi. Bununla da COP29 həm də Azərbaycan qarşısında açılan yeni imkanlar pəncərəsi kimi xüsusi önəm daşıyır. 

Həm təcrübə, həm də yeni imkanlar

Azərbaycan da qlobal dünyanın bir parçası olaraq iqlim dəyişmələrinin ciddi təsirinə məruz qalan ölkələrdəndir. Bu mənada COP29 həm də Azərbaycan üçün bu qlobal kataklizmlərin ölkəmizə təsirlərin minimuma endirilməsi, üzləşdiyi problemlərdən çıxış yollarının tapılması istiqamətində həm mühüm təcrübə, həm də yeni imkanlar demək idi. 

“COP29 fantastikdir”

Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etməsi və nəticəyönümlü olması istiqamətində səyləri tədbir iştirakçıları, müxtəlif dövlətlərin rəsmiləri tərəfindən də bəyan edilir, alqışlanır. 

Məsələn, Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri, İqlim Dəyişikliyi və Tərəflər Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun sədri Uzodinma Adirieje bildirib ki, Azərbaycanda təşkil olunan COP29 əvvəlki konfranslarla müqayisədə istisna təşkil edir. “Burada gördüklərim və eşitdiklərim məni heyran etdi. Azərbaycan hökumətini, COP29-un təşkilatçılarını və media nümayəndələrini təbrik edirəm. Biz indi bir daha gördük ki, bu ilin fevralında təşkilatımız Azərbaycanda bu konfransın keçirilməsinin dəstəklənməsi barədə doğru bəyanatlar verib. Azərbaycan dünya üçün nümunəvi işlər görür”, - Uzodinma Adirieje bildirib.

Gürcüstan Milli Muzeyinin rəhbəri, Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, professor David Lordkipanidzenin sözlərinə görə, COP29 fantastikdir. "Böyük miqyas, əla təşkilatçılıq, hər şey təkcə texniki cəhətdən yaxşı deyil, həm də böyük zövqlə həyata keçirilib. Burada Azərbaycanın mədəni irsini görmək çox xoşdur. Düşünürəm ki, bu uğur Azərbaycan və Bakının böyük xəritədə olması üçün növbəti addımdır", - o deyib.

Bütün dünya bir daha Azərbaycanın hansı imkanlara, hansı iqtisadi gücə, siyasi sabitliyə və inkişafa malik olduğunu bir daha əyani şəkildə izləmiş oldu. COP29 bu günlər ərzində ölkəmizin adını bütün dünyaya duyurdu. Artıq qarşıda yeni hədəflər var. Həm dünya, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu hədəflərə nail olmaq isə həmrəylik və ahəngdarlıq tələb edir. Azərbaycan cəmiyyətində olduğu kimi... 

Azad Əliyev

banner

Oxşar Xəbərlər