• şənbə, 16 Avqust, 16:24
  • Baku Bakı 29°C

Cənubi Qafqazda sülhün açdığı qapılar 

16.08.25 04:39 164
Cənubi Qafqazda sülhün açdığı qapılar 

Cənubi Qafqazda əldə olunacaq sülh unikal təcrübə kimi nəzərdən keçirilməlidir. Bu imkanlar Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, liderliyi və qətiyyəti sayəsində mümkün olub.

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Zirvə görüşü və imzalanan sənədlər Cənubi Qafqazda uzun illərdir bağlı qalan sülh qapılarını yenidən açdı. Lakin görüşün nəticələri ilə bağlı cərəyan edən proseslər sülh müstəvisində süni maneələr yaratmağa çalışanların varlığını bir daha ortaya qoydu. Bu dəfə sülh və sabitliyin bölgə və dünya üçün doğuracağı nəticələrə əks prizmadan yanaşacağıq. Cənubi Qafqazda sülh bölgə dövlətlərinə, dünyaya nə verəcək? 

Sülhdən ən çox qazananlar

Təbii ki, bu prosesin ən çox qazananı bir-biri ilə uzun illərdir müharibə şəraitində yaşayan, bütün sahələrdə əlaqələri tamamilə sıfırlanmış Azərbaycan və Ermənistan olacaq. Bu, Azərbaycan üçün hərbi-siyasi sahədə əldə edilmiş uğurların diplomatik və beynəlxalq müstəvidə rəsmən tanınması deməkdir. Bakı həm də yaratdığı yeni reallıqlar fonunda sülhü əldə etməklə dünyada özünə qarşı istifadə edilən erməni kartını tamamilə zərərsizləşdirir. 

Real sülhə ən çox ehtiyacı olan isə Ermənistandır. Bunu İrəvanın siyasi rəhbərliyi hər fürsətdə dilə gətirir. Regiona sülh gələrsə, Ermənistan ən azından 30 illik təcriddən çıxar, kommunikasiyaları açılar, beynəlxalq və regional layihələrin iştirakçısı olmaq imkanını əldə edər. Təbii ki, bunun üçün İrəvan ilk növbədə sülh yolunda ən böyük maneə olan Konstitusiyasında yer almış Azərbaycana qarşı ərazi iddialarını ortadan qaldırmalıdır.  

Rusiya üçün təhlükəsizlik zonası

Cənubi Qafqazda baş verənləri özü üçün prioritet elan edən Rusiyanın sərgilədiyi mövqe də bu zamana qədər suallar doğurub. Çünki Rusiya üçün Qafqazda münaqişə bölgədə geosiyasi varlığının təminatı idi. Bəs sülh Kremlə nə gətirəcək? Məlumdur ki, Moskvanın ən böyük tezisi bölgə dövlətlərinin NATO-ya qoşulması təhlükəsi və ya Qərbin burada hərbi mövcudluğu amilidir. Lakin Kremldə nəzərə almalıdırlar ki, sülh şəraitində Ermənistandakı Avropa İttifaqının casus fəaliyyətini yerinə yetirən müşahidə missiyasının varlığına son qoyulacaq. Bölgə dövlətlərinin NATO-ya nə zamansa üzv olacağı ehtimalı da çox aşağıdır. Beləliklə, Cənubi Qafqaz inkişaf etmiş və sabit bölgə olaraq, Rusiyanın Şimali Qafqaz kimi təhlükəli regionuna yaxın cənub sərhədlərində sabitlik demək olacaq. 

Tehran üçün həyati əhəmiyyət kəsb edir

İrana gəldikdə isə, bu ölkə üçün Cənubi Qafqazın mühüm əhəmiyyət daşıdığını Tehran hər fürsətdə bəyan edir. Cənub qonşumuzun da regionda münaqişənin varlığı ilə bağlı mövqeyi bu zamana qədər Rusiyanın yanaşmasından elə də ciddi fərqlənməyib. Lakin Qərb təhdidinin real olmaması, Tehranın hər zaman ehtiyat etdiyi Rusiyanın bölgəyə hərbi müdaxilə ehtimalının ortadan qalxmasının başlıca şərti Cənubi Qafqazda sülhün və iqtisadi inkişafın, sabitliyin nə dərəcədə təmin olunacağından asılıdır. Çünki sabit və inkişaf etmiş bölgədə kənar və təxribatçı qüvvələrin fəaliyyət imkanlarının məhdudluğu artıq bir aksiomdur. Sanksiyalardan ciddi şəkildə əziyyət çəkən İranın inkişaf edən Cənubi Qafqazla ticari-iqtisadi münasibətlər qurması da həyati əhəmiyyət kəsb edir. 

Türkiyə ilə bağlı hər şey aydındır

Bölgədə varlığı əhəmiyyətli dərəcədə hiss edilən digər oyunçulara gəldikdə isə Türkiyə ilə bağlı hər şey aydındır. Bakı-Ankara sarsılmaz ittifaqı həm də bütün türk dünyası üçün örnəkdir. Sabit Cənubi Qafqaz türk birliyi qarşısında unikal imkanlar açır. 
Son illərdə Azərbaycanla strateji əlaqələrini genişləndirən, Bakı ilə münasibətlərə xüsusi diqqət ayıran Çinə gəldikdə, Cənubi Qafqaz Pekin üçün Qərbə doğru alternativ tranzit yoludur. Orta Dəhlizin ən mühüm halqası olan bölgəmiz Pekinin “Bir kəmər, bir yol” layihəsində də özünəməxsus yer tutur. Təbii ki, bu siyasət layihənin reallaşdığı bütün coğrafiyada, o cümlədən Cənubi Qafqazda sülh və sabitliyin mövcudluğunu tələb edir. 

Avropa İttifaqına (Aİ) gəldikdə isə, Cənubi Qafqaz Brüssel üçün həm alternativ dəhliz, həm də zəngin enerji ehtiyatlarına çıxış deməkdir. Hər iki sahə mövcud beynəlxalq konyunkturada Aİ üçün müstəsna əhəmiyyət kəsb edir. İstər Çinlə tranzit əlaqələrin genişləndirilməsi, istərsə də Mərkəzi Asiyanın zəngin resurslarına çıxış imkanı məhz Cənubi Qafqazdan keçir. Daha doğrusu, Azərbaycan və Ermənistan arasında ədalətli, hərtərəfli sülhün təmin olunmasından. Bu baxımdan, sabit bölgə Aİ üçün də hər mənada ən ideal seçimdir. 

Bu reallığın memarı Azərbaycan Prezidentidir

Təbii ki, sadaladığımız amillər, mövcud perspektiv imkanlarının yaradılmasının əsas memarı Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, liderliyi və qətiyyəti sayəsində mümkün olub. Tərəflərin sülh və sabitlik məsələsində uzlaşmasının hər kəsin xeyrinə olacağını Azərbaycan Prezidenti dəfələrlə bildirib. 30 illik işğala son qoyulması, separatizmin kökünün kəsilməsi, Ermənistanda sülh prosesinin irəlilədilməsi məhz müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən müharibəsində xalqının və ordusunun birliyi, həmrəyli ilə qazandığı qələbənin nəticəsidir. Bu qələbə və ondan sonra rəsmi Bakının dərhal sülh prosesinə start verməsi həm də dünya üçün bir nümunədir. Cənubi Qafqazda maneələrin aradan qaldırılması ilə əldə olunacaq sülh digər münaqişə ocaqlarının söndürülməsi istiqamətində də unikal təcrübə hesab edilir. 

Azad Əliyev  

banner

Oxşar Xəbərlər