• cümə axşamı, 07 noyabr, 10:38
  • Baku Bakı 6°C

"Budəfəki "Dəmir yumruq" Ermənistan üçün daha ölümcül olacaq" - ŞƏRH

14.09.22 13:30 797
"Budəfəki "Dəmir yumruq" Ermənistan üçün daha ölümcül olacaq" - ŞƏRH

"Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır. Məhz bu cür halların fonunda sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı hərbi təxribat, həmçinin bu təxribatdan sonra erməni informasiya maşının yenidən yalan məlumatlar, dezinformasiyalar yayması düşmən ölkənin hansı məqsəd güddüyünü ortaya qoydu".

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

İki il öncə baş verən 44 günlük Vətən müharibəsinin Ermənistanın acınacaqlı məğlubiyyəti ilə başa çatdığını qeyd edən deputat deyib: “Müharibədə mütləq Qələbə qazanan Azərbaycan bununla belə regionda əbədi sülhün əldə edilməsi üçün əməkdaşlıq təkliflərini irəli sürdü. Düşünmək olardı ki, Ermənistan rəhbərliyi bu imkanları, ona uzanan sülh əlini doğru şəkildə dəyərləndirəcək. Çünki bu, hamıdan daha çox Ermənistanın özünə lazımdır. Lakin biz bunun əksini müşahidə edirik. Xarici ölkələrdəki danışıqlar zamanı sülhpərvər dona girən Ermənistan rəhbərliyi reallıqda tamamilə başqa addımlar atır. Əslində bu, sırf Ermənistan dövlətinə və hakimiyyətinə xas olan ikiüzlü siyasətdir. Bunun başqa adı yoxdur. Çünki Nikol Paşinyan Moskvada, Brüsseldə keçirilən görüşlərdə sülhdən danışır, guya sülhün imzalanması üçün çalışdığı görüntüsünü yaradır. Amma realda təxribatçı addımları davam etdirir. Bu adam xarici ölkələrə səfər edərək orada həm öz dağılmış siyasi imicini bərpa etmək üçün ayrı-ayrı dövlətlərin rəhbərlərindən dəstək istəyir, həm də müharibədə darmadağın olmuş Ermənistan ordusunun yenidən dirçəldilməsi üçün yardımlar xahiş edir. Əslində, hər iki halda məqsəd aydındır. Qərbin bəzi imperialist, regionda əbədi sülhün əldə edilməsinə qarşı olan mərkəzlərinin və dövlətlərinin yanaşmasından ürəklənən Ermənistan yenidən müharibəyə səbəb olacaq təxribatlara baş vurur”.

V.İskəndərov deyib ki, N.Paşinyanın timsalında Ermənistan hakimiyyətinin son vaxtlar sərgilədiyi mövqe, xüsusilə də bu yarımçıq siyasətçinin Vladivostok forumunda qarşıdurma ritorikasına əsaslanan çıxışı, nəhayət sentyabrın 12-də əl atdığı genişmiqyaslı hərbi təxribat ciddi təhlükədən xəbər verir.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür. Düşmən yenə də odla oynayır. Görünür 44 günlük müharibə onlara yetərincə dərs olmadı. Hazırda bəzi xarici dairələrin təhriki ilə bu addımı atırlar. Bu isə Ermənistanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə baş-başa qoyacaq. Onlar bilməlidirlər ki, ayıq-sayıq Azərbaycan Ordusu Vətənin keşiyindədir və ağıllı olmasalar budəfəki dəmir yumruq Ermənistan üçün daha ölümcül olacaq”, - deyən deputat fikirlərini yekunlaşdırıb .

banner

Oxşar Xəbərlər