BOK Azərbaycandan üzr istədi
Beynəlxalq Olimpiya Komitəsi Fransa telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib. Bildirilib ki, bütün məsul şəxslərlə əlaqə saxlanılıb, onlara BOK-un prinsip və iş protokolları bir daha xatırladılıb.
İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus televiziya olan "France2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyindən bildirilib.
Məsul şəxslərə xəbərdarlıq edilib
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.
Məktubda deyilir: "BOK-un prezidenti cənab Tomas Baxa ünvanlanmış 27 iyul 2024-cü il tarixli məktubunuz üçün təşəkkür edirik. Fürsətdən istifadə edərək, Paris-2024 Olimpiya Oyunlarının Açılış Mərasiminin təkrar yayımı zamanı "France2" televiziyasının müxbirlərinin işlətdiyi ifadələrə görə sizə ən səmimi üzrxahlığımızı çatdırmaq istərdik. Bu cür ifadələr Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsiplərə və dəyərlərə uyğun gəlmir. Ona görə də biz bütün məsul şəxslərlə əlaqə saxlayıb onlara öz prinsiplərimizi və iş protokollarımızı xatırlatmışıq".
Paris də üzr istəməlidir
Məktubda bildirilir ki, Azərbaycan gələcəkdə oxşar ifadələrdən istifadə edilməməsi üçün aydın göstərişlərin çatdırıldığından əmin ola bilər: "Anlayışınıza görə çox minnətdarıq və 2024-cü il Paris Olimpiya Oyunları zamanı idmançılarınızın uğurlu nəticələr qazanması üçün hər şeyin ən yaxşısını arzu edirik".
"Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan "France2" telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik", - nazirlikdən bildirilib.
Başlıca günahkar Makron Fransasıdır
Qeyd edək ki, məlum təxribatda başlıca günahkar əslində Makron Fransasıdır. 2020-ci il tarixi qələbəmizdən sonra hər fürsətdə Azərbaycanı hədəfə alan Paris bu dəfə idmanı özünün çirkin siyasətinə alət etdi. Bununla bağlı açılış mərasimindən dərhal sonra Azərbaycanın müvafiq qurumları Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək kəskin etirazını bildirdi.
Xatırladaq ki, iyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan "France2" telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb.
F.Abasoğlu