• cümə, 03 Yanvar, 03:48
  • Baku Bakı 9°C

“Biz Qafqazda sülh və sabitlik istəyirik”

30.09.23 05:43 3781
“Biz Qafqazda sülh və sabitlik istəyirik”

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər yeddi milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

Şərqi Zəngəzur sıfırdan inşa edilir

Dövlət başçısı bildirib ki, bütün Qarabağ kimi Şərqi Zəngəzur da sıfırdan yenidən inşa edilir. Onun sözlərinə görə, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: “Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır”.

Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlət başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Prezident vurğulayıb.

30 kəndin təməli qoyulub

Prezident bu zamana kimi işğaldan azad edilmiş ərazilərin bərpasına sərf olunan vəsaitin miqdarını da açıqlayıb. 

“İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq”, - dövlət başçısı deyib. Onun sözlərinə görə, indiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli layihələr həyata keçiriləcək. 

Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək

Prezident lokal antitteror tədbirlərindən sonrakı proseslərə də toxunub. “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik. Dini, təhsil, mədəni, bələdiyyə hüquqları (Qarabağ ermənilərinin – red.) - bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Bizim səbrimizlə oynamayın”

Prezident Azərbaycana qarşı qəbuledilməz planları olanlara da mesaj göndərib: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Prezident bildirib ki, sentyabrın 20-də Azərbaycan öz suverenliyini bərpa edib: “Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulub. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir. Bu, yaxşı siqnaldır, - bəziləri hələ də qisas, revanşist ideyalarla yaşayırlar, - bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən imtina etsinlər”.

Dövlət başçısının sözlərin görə, sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsinlər və sülh sazişinin layihəsi üzərində işləsinlər: “Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq”.

Bununla yanaşı, sərhədlərin delimitasiyası üzərində fəal şəkildə çalışmağın və uzun müddət sürən bu qarşıdurmaya son qoymağın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır”.

banner

Oxşar Xəbərlər