• şənbə, 05 Sentyabr, 08:51
  • Baku Bakı 23°C

Bişkekdə Bakı-İrəvan dialoqu

05.09.26 03:41 34
Bişkekdə Bakı-İrəvan dialoqu

Bişkek görüşü ikitərəfli format çərçivəsində sülh gündəliyinə yeni stimul verir. Bu görüş həm də gələcəkdə atılacaq addımların koordinasiyasını təşkil etmək, qarşılıqlı etimadı gücləndirmək, iqtisadi əlaqələri genişləndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Bakı ilə İrəvan arasında sülh prosesi çərçivəsində görüşlərin daha bir raundu reallaşıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib. Xatırladaq ki, bu, Ermənistanda keçirilən parlament seçkilərindən sonra iki ölkə rəhbərliyinin ilk üz-üzə təmasıdır. Bundan əvvəl isə tərəflər Vaşinqton razılaşmalarının bir illiyi ilə bağlı telefonla əlaqə saxlayıblar. 

Ermənistandakı seçkilərdən sonra ilk görüş 

Bişkek görüşündə tərəflər Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə işlərin davam etdirməsinin vacibliyini vurğulayıblar. Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə sülh istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Münaqişə səhifəsi artıq bağlanılıb

Göründüyü kimi, Bakı-İrəvan ikitərəfli sülh formatı özünün müsbət nəticələrini verməkdə davam edir. Qısa müddət ərzində əldə olunan razılaşmalar, həyata keçirilən tədbirlər davamlı sülh və sabitliyə istiqamətlənən hədəfləri daha da yaxınlaşdırır. Artıq Azərbaycan və Ermənistan arasında tək münaqişənin nəticələrinin aradan qaldırılması yox, həm də ikitərəfli ticarət əlaqələrinin, bağlantıların, vətəndaş cəmiyyəti nümayəndələrinin, iş adamlarının qarşılıqlı səfərlərinin reallaşdırılması müzakirə edilir. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, tranzit vasitəsi ilə üçüncü ölkələrdən yük daşımalarının bərpasının ardınca, əks tərəfdən də mal mübadiləsinin mümkünlüyü önə çəkilir. Beləliklə, ikitərəfli format çərçivəsində əldə olunan razılaşmaların Vaşinqtonun zəmanəti ilə həyata keçirilməsi həqiqətən də 30 ildən artıq müddətdə münaqişələrdən, hərbi qarşıdurmalardan əziyyət çəkən Cənubi Qafqaza de-fakto sülh gətirib. Bu vəziyyət isə Azərbaycan və Ermənistanın maraqlarına uyğundur.   

İkitərəfli müzakirələr digər formatlarda davam etdirilir

Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüşdən dərhal sonra sülh gündəliyi ilə bağlı ikitərəfli müzakirələrin digər formatlarda da davam etdirilməsi diqqət çəkir. Belə ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib. Bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib. "Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi üzrə müzakirələr Alen Simonyanla davam etdirilib", - deyə paylaşımda bildirilib. Bu görüş bir daha tərəflərin sülh prosesini daha da irəli götürmək, qarşılıqlı etimad və əlaqələrin bərpası ilə bağlı yeni təşəbbüslər irəli sürmək istiqamətində güclü siyasi iradəsinin olmasının əyani sübutu kimi dəyərləndirilir. 

Zəngəzur dəhlizinin yaratdığı imkanlar

Bakı və İrəvan arasında sülh prosesinin davamlılığı ilə bağlı əldə olunan razılaşmalar bölgənin meqatranzit layihələrin bir parçasına çevrilmək imkanlarını da genişləndirir. Yerləşdiyimiz coğrafiyada sərhədlərimizə yaxın bölgələrdə yaşanan və illərlə davam edən münaqişələr fonunda Azərbaycan və Ermənistanın münaqişə səhifəsini bağlayaraq sülh və əməkdaşlığa üstünlük verməsi qlobal oyunçuların və regional ölkələrin də maraqlarına cavab verir. Bakı-İrəvan sülh prosesi alternativ və etibarlı bağlantıların tezliklə reallığa çevrilməsi, bu istiqamətdə qlobal tələbatın təmin edilməsinə ciddi töhfələr veriləcəyinə dair nikbinliyi də artırır. Bunun məntiqi nəticəsi olaraq, Zəngəzur dəhlizi istiqamətində cərəyan edən proseslərə nəzər salmaq kifayətdir. Tək tranzit yox, həm də elektrik ixracı və sair bu kimi strateji istiqamətləri də özündə cəmləyən TRIPP layihəsi xüsusi qeyd olunmalıdır. Azərbaycan və Ermənistan mütəxəssislərinin bu layihə ilə bağlı qarşılıqlı səfərləri, Laçında və Ermənistanda aparılan müzakirələr əməli addımların atıldığını göstərir. 

Beləliklə, Bişkek görüşü ikitərəfli format çərçivəsində Azərbaycan-Ermənistan sülh gündəliyinə yeni stimul verir. Bu görüş həm də gələcəkdə atılacaq addımların koordinasiyasını təşkil etmək, qarşılıqlı etimadı gücləndirmək, iqtisadi əlaqələri genişləndirmək baxımından mühüm əhəmiyyətə malikdir. 

Azad Əliyev 

banner

Oxşar Xəbərlər