• çərşənbə, 04 Dekabr, 04:12
  • Baku Bakı 6°C

“Binokl tamaşası”nın yeni personajı 

30.11.24 05:40 445
“Binokl tamaşası”nın yeni personajı 

Varşavanın Bakı ilə münasibləri İrəvanın qızışdırıcılıq hərəkətlərinə qurban verən istiqamətdə gedir. Prezident Andjey Dudanın Ermənistana səfəri zamanı Naxçıvanla sərhədə gedərək Aİ missiyasının “binokl tamaşası”nda iştirak etməsi məhz bu cür qəbul edilir.

Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri Azərbaycan tərəfindən həm diplomatik, həm də ictimai-siyasi mühitdə etirazlarla qarşılandı. Çünki Polşa prezidentinin İrəvanda həyata keçirdiyi proqram Azərbaycanın dövlət və legitim təhlükəsizlik maraqlarına zərbə kimi qiymətləndirilir. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Mixal Qreçilonun XİN-ə çağırılması bu fikri təsdiqləyir ki, Varşava Bakı ilə münasibətləri İrəvanın regional qızışdırıcılıq hərəkətlərinə qurban verən vektora doğru gedir. 
Niyyəti gizlətmək üçün düşünülən texniki məqamlar

Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda noyabrın 26-da İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib. O, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və spiker Alen Simonyanla görüşlər keçirib.

Texniki yöndən yanaşılsa, Polşa dövlət başçısının Ermənistan üzrə qrafikini ikitərəfli əlaqələrə xüsusi diqqət yetirmək və xarici siyasət münasibətlərini əks etdirən qarşılıqlı münasibətlər kimi başa düşmək olardı. 

İkinci texniki bir detal bundan ibarətdir ki, 2025-ci ilin birinci yarısında Avropa İttifaqına prezidentlik edəcək Polşa Azərbaycan-Ermənistan münasibətlərinin perspektiv strukturlaşdırılmasına cavabdehlik daşıyan tərəf kimi özünü göstərməyə çalışır. 

Lakin Dudanın İrəvandan sonra Naxçıvanla sərhədə - Arazdəyənə gedərək Aİ missiyasının “binokl tamaşası"nda iştirak etməsi həmin texniki məqamların yalnız görüntü olaraq prioritetləşdirilməsini göstərdi. 

Daha alt qata endikcə isə Polşanın əslində Aİ-yə sədrliyi dövründə Ermənistanın regional maraqlarının şişməsi üçün koordinasiya həyata keçirəcəyi şübhələri ilə üzləşmək mümkündür. Belə olmasa idi, rəsmi Bakının bəyanatları daha yumşaq mətnlə hazırlanar və ya ümumiyyətlə Dudanın İrəvan proqramına reaksiya verilməzdi. Amma rəsmi Bakı bəyanat verirsə və müvəqqəti işlər vəkili XİN-ə çağırılırsa, bu, artıq ciddi məsələdir. 

Polşa başqa nə istəyir? 

Polşa Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesinə səhv yoldan daxil oldu. Hiss etdirmək istədi ki, o, Bakı-İrəvan sülh güdəliyindəki danışıqlarda Aİ-nin sədri kimi vasitəçilik missiyası ilə çıxış edə bilər. Amma elə ilk andan etibarən özünün qərəzli gələcək moderator kimi təqdimatını verdi və Azərbaycanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı cəbhədə ola biləcəyini göstərdi. 
COP29 çərçivəsində Azərbaycana səfər edən Dudanın Ermənistana ayrıca proqramla getməsi də bu fikrin diplomatik-siyasi şəkildə təsdiqi kimi başa düşülməsini asanlaşdırır. Bundan sonra Polşa ən azından diplomatik-siyasi tarazlığı saxlamaqdan ötrü Azərbaycana da səfər epizodu hazırlamalıdır. Üstəlik, bu qədər səmimidirsə, Polşa prezidenti hətta Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etməli və bu torpaqların Ermənistanın işğalı nəticəsində hansı əziyyətlər çəkdiyini görüb bunu bəyan etməlidir. Əks təqdirdə, Polşa Azərbaycan əleyhinə hərəkət üçün imtiyaz qazanmaq istədiyini və Bakı-İrəvan sülh gündəliyini pozmaq istiqamətində addımlar atacağını təsdiqləmiş olacaq. 

Azərbaycan isə Ermənistanın Aİ-yə üzv bəzi dövlətlərin, o cümlədən Polşanın hərəkətlərindən vəcdə gəlib təxribat ssenarilərinə getməsinə cavablar hazırlamaq hüququnu özündə saxlayır.

Azərbaycanın mövqelərinə yönələn cəhdlər fiaskoya uğrayacaq 

Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini də buraya əlavə etsək, Azərbaycanın Polşanın davranışları fonunda missiyaya qarşı əks-həmlə prosedurlarını müəyyən etməsi daha qaçılmaz hal alacaq. Birincisi ona görə ki, missiya sərhəd təhlükəsizliyinin təmininə deyil, Ermənistanı Azərbaycana qarşı təkrar qarşıdurma xətlərinə doğru salmaqda maraqlı tərəf kimi görünür. İkincisi, missiya hərbi kəşfiyyat kimi fəaliyyət göstərir. Çünki binoklla tez-tez Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin mövqelərini müşahidə etmək məlumat toplayıb onu İrəvanla bölüşməyin göstəricisidir. Əlavə olaraq Ermənistan bunları Qərblə artan əlaqələri sayəsində hərbi faydaya çevirmək gündəliyinin davamı kimi nəzərdən keçirir. Bu amil ümumilikdə regionda Azərbaycanı ağır itkilərlə üzləşdirmək üçün istifadə edilən metodların bir hissəsidir. Ancaq bütün hallarda Azərbaycanın geosiyasi mövqelərinə və qüvvələr müstəvisindəki liderliyinə xələl gətirmək cəhdləri fiasko ilə nəticələnəcək. Çünki Ermənistanın strateji itkilərini kompensasiya etmək üçün girdiyi atmosfer yanlışdır və o, ən təhlükəli anlarda tək buraxıla bilər. Başqa tərəfdən, Azərbaycan həm strateji müttəfiqi Türkiyə, həm Qərb, həm Rusiya, həm də Çinlə strateji tərəfdaşlıq əlaqələri ilə İrəvanın əlində olan-qalanları almaq qabiliyyətini inkişaf etdirir. Üçüncüsü, Azərbaycanın hərbi qüdrəti son sözü deyən aktdır. 

Aqşin Kərimov 

 

banner

Oxşar Xəbərlər