Beynəlxalq səyyahlar Kəlbəcərdə olublar

MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar. "Report" xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar.
Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib.
Səfərlə bağlı təəssüratlarını bölüşən filippinli səyyah Coel Loren bildirib ki, dağıdılmış və bərpa edilmiş Kəlbəcər arasındakı fərq heyrətləndiricidir.
"Ermənistanın işğalından sonra geriyə qalan dağıdılmış evlərə baxdıqda və onları indi tikilənlərlə müqayisə etdikdə, bu, həqiqətən heyranlıq doğurur", - o qeyd edib. Səyyahın sözlərinə görə, xüsusilə onu yeni mənzillərin sakinlərə pulsuz verilməsi təəccübləndirib: "Bir vaxtlar evlərini tərk etməyə məcbur olan vətəndaşlara mənzillər pulsuz verilir. Azərbaycan öz vətəndaşlarına böyük qayğı göstərir. Bu, böyük üstünlükdür".
Digər səyyah Frensis Kandiya isə qeyd edib ki, Kəlbəcər sürətli inkişafı və təbii gözəlliyi ilə heyranlıq doğurur.
"Kəlbəcərdə baş verən dəyişikliklər əvvəlki vəziyyətlə müqayisədə həqiqətən heyranlıq doğurur. Regionun indiki hala çevrilməsi sadəcə heyrətləndiricidir", - o bildirib.
Səyyah regionun gələcəyi ilə bağlı gözləntilərini də bölüşüb: "Hər şey artıq tamamlananda dörd və ya beş ildən sonra Kəlbəcərin necə olacağı mənə çox maraqlıdır. Şəhər insanlarla dolduğu zaman bu, tamamilə yeni bir təəssürat olacaq".
F.Kandiya vurğulayıb ki, bu onun Azərbaycana ilk səfəridir və burada gördüklərini məşhur Avropa mənzərələri ilə müqayisə edib: "Arxa plandakı dağlar - sanki mən İsveçrə və ya Avstriyadayam. Bu, İsveçrə Alplarındakı kimi bir hissdir. Bura mütləq qayıdacağam".
Qeyd edək ki, iyulun 10-da Beynəlxalq səyyahlar klubu MTP üzvlərinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir. Qrupa klubun təsisçisi, amerikalı səyyah Çarlz Vili rəhbərlik edir.
Üç gün ərzində iştirakçılar Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar. Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.
