• şənbə, 20 Aprel, 04:00
  • Baku Bakı 15°C

Beynəlxalq oyunçular hərəkətə keçdi - Sülh müqaviləsi imzalanacaq?

01.05.23 14:09 1383
Beynəlxalq oyunçular hərəkətə keçdi - Sülh müqaviləsi imzalanacaq?

“Ötən günlərdə sülh sazişi ilə bağlı danışıqların keçirilməsi üçün Moskva və Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi. Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir”.

Kaspi.az xəbər verir ki, bu barədə politoloq İlyas Hüseynov bildirib.

O, bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda görüşəcəyini, həmçinin Bakı vaxtı ilə saat 17:45-də Blinkenin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycan-Ermənistan sülh danışıqlarında beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib: “Aprelin 30-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-a gediblər. Rəsmi məlumata görə, Vaşinqtonda onlar arasında Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün müzakirələrin növbəti raundu baş tutacaq. Aprelin 29-da ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan baş naziri arasında telefon danışığı olub. Bu gün ABŞ Dövlət katibi Blinken Prezident İlham Əliyevlə telefonla danışaraq sülh sazişi məsələsini müzakirə ediblər. Azərbaycan-Ermənistan sülh danışıqlarında deyəsən beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib. Bəzi insayd məlumatlara görə danışıqlar bir neçə gün davam edə bilər. Bu artıq prosesin ciddi xarakterindən xəbər verir. Burada əsas məsələ bundan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin. Ötən dövr ərzində qarşı tərəfin necə söz oyununa getdiyini, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq”.

Politoloqun qənaətincə, Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin: “Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir. Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Moskva da prosesləri diqqətlə izləyir və danışıqlar bir neçə gün davam edərsə, o zaman istisna olunmur ki, zəmin uzərində təxribatlar da baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır. Həmçinin ötən həftəsonu İrəvanda olan Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər. Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq. ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. İzləyək, vasitəçilərdən asılı olmayaraq bizim sülh gündəliyimiz dəyişməz olaraq qalır”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər