Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi
Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) ilə bağlı proseslər intensivləşib. Bir zamanlar xəyal kimi görünən Zəngəzur dəhlizi layihəsi artıq reallığa çevrilməkdədir.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm tərkib hissəsi olan Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) – Zəngəzur dəhlizi ilə bağlı proseslər diqqət çəkir. Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə də əsas müzakirə istiqamətlərindən biri məhz Zəngəzur dəhlizi olub.
“Ölkəmizin bilavasitə iştirakı olmadan...”
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da mediaya açıqlamasında bildirib ki, TRIPP-lə bağlı əsas danışıqlar Amerika Birləşmiş Ştatları və Ermənistan arasında aparılır. Çünki bu layihənin müəyyən hissəsi Ermənistan ərazisinə düşür. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarından olan tərəfdaşlar mütəmadi şəkildə Azərbaycan tərəfini danışıqların gedişatı barədə məlumatlandırırlar. Belə ki, layihənin həm daxilolma, həm çıxış nöqtəsi Azərbaycan sərhədidir və ölkəmizin bilavasitə iştirakı olmadan layihənin həyata keçirilməsi mümkünsüzdür.
“Son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir”
Nazir qeyd edib ki, razılaşmaları həyata keçirmək üçün müəyyən bir vaxt lazımdır. “Bizə verilən məlumata görə, danışıqlar uğurla davam etdirilir. Hesab edirik ki, bu layihənin bir qədər tez icra olunması daha yaxşıdır. Çünki layihə həm Azərbaycan, həm Ermənistan, eləcə də digər maraqlı ölkələr üçün olduqca faydalıdır. Azərbaycan layihənin icrası istiqamətində üzərinə düşən işləri uğurla davam etdirir. Eyni zamanda, dövlətimizin başçısının göstərişinə əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xətlərinin bərpa edilməsi istiqamətində də müvafiq işlərə başlanılıb. Sözügedən layihədə iştirak etməkdə maraqlı beynəlxalq tərəfdaşlar da mövcuddur, onlarla da danışıqlar aparılır”,- deyə nazir bildirib. Nazir bu istiqamətdə konkret vaxt da açıqlayıb. “Son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir”, - deyə o bildirib.
Bakı və İrəvanın ortaq yanaşması
TRIPP-lə bağlı digər mühüm məqam sərhədlərin delimitasiyası ilə bağlıdır. Layihənin giriş və çıxış nöqtələrində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hələlik konkret razılaşmalar olmasa da, bu istiqamətdə də tərəflər arasında intensiv müzakirələri aparıldığı bildirilir. Ümumilikdə sərhəd məsələsində Bakı və İrəvanın ortaq yanaşması bəllidir. “Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”, - deyə C.Bayramov bildirib. XİN başçısı daha spesifik məsələlərin delimitasiya komissiyalarının işinin gedişində müzakirə olunacağını və həllinin gözlənildiyini vurğulayıb. Təbii ki, spesifik məsələlər sırasında Zəngəzur dəhlizi ilə bağlı məqamlar da öz əksini tapır.
Ermənistandan gələn müsbət mesajlar
Məsələ ilə bağlı İrəvandan gələn mesajlar da müsbətdir. “Azərbaycan və Ermənistan dövlət sərhədinin “Tramp Marşrutu”nun keçəcəyi hissəsinin delimitasiyasını apara bilər”, - deyə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan jurnalistlərə açıqlamasında bildirib. “TRIPP həyata keçirilməyə başlayanda, məsələn, dəmir yolunun keçəcəyi və ya neft və qaz kəmərlərinin çəkiləcəyi sahələrdə qismən delimitasiya işlərinin aparılması ehtimalı var. Yəni, lokal sahələr baxımından delimitasiya məntiqinin dəyişməsi mümkündür, lakin ümumi məntiq ondan ibarətdir ki, delimitasiya şimaldan cənuba doğru aparılmalıdır”, - o deyib.
Vaşinqtonun koordinasiyalı fəaliyyəti
TRIPP-lə bağlı əsas aparıcı rola malik tərəflərdən biri təbii ki, ABŞ-dir. Bu baxımdan Vaşinqtonun sözügedən istiqamətdə atdığı addımlar da maraq doğurur. Ağ Evin sözügedən məsələdəki aktivliyi Zəngəzur dəhlizinin qısa müddətdə reallaşması ehtimalını da artırır. Vaşinqtonun bu məsələdə yürütdüyü siyasət təqdirəlayiqdir. Əsas müzakirələrin İrəvan və Vaşinqton arasında aparılmasına baxmayaraq, ABŞ-nin rəsmi Bakını da daim məlumatlandırması, koordinasiyalı fəaliyyətə və tərəflərin maraqlarının uzlaşdırılmasına ciddi dəstək verməsi mühüm məqamlardandır. Bu xüsusda ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Alenin Azərbaycana səfəri diqqət çəkir. Qeyd edək ki, sentyabrın 8-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Alen ilə görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. Tərəflər Tramp Marşrutunun icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Azərbaycan səfərindən əvvəl isə, ABŞ-nin müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin Siyasi planlaşdırma şöbəsinin baş məsləhətçisi Conatan Askonasın da aralarında yer aldığı Ermənistan və ABŞ nümayəndələri TRIPP layihəsi çərçivəsində yolun Ermənistan hissəsinin tikintisinin davam etdiyi Sünik vilayətinə birgə səfər ediblər.
TRIPP-in imkanlarını müzakirə etmək üçün yerli özünüidarəetmə orqanlarının və icmaların nümayəndələri ilə görüşlər keçiriblər.
Göründüyü kimi, rəsmi Bakının sülh istiqamətində ortaya qoyduğu qətiyyətli mövqe, siyasi iradə və çevik diplomatiya sayəsində bir zamanlar xəyal kimi görünən Zəngəzur dəhlizi layihəsi artıq reallığa çevrilməkdədir.
Azad Əliyev