• şənbə, 06 Sentyabr, 09:45
  • Baku Bakı 25°C

Bakının növbəti diplomatik qələbəsi - TƏHLİL

06.09.25 04:47 76
Bakının növbəti diplomatik qələbəsi - TƏHLİL

30 il ərzində Azərbaycan ərazilərinin işğalına hüquqi don geyindirərək onu legitimləşdirməyə çalışan Minsk qrupu artıq mövcud deyil. Qarşıda isə bizləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin yaratdığı daha bir perspektiv reallıq gözləyir - sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması.

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. Minsk prosesinin bağlanması haqqında qərar təşkilata üzv 57 ölkə tərəfindən yekdilliklə qəbul olunub. Qərara əsasən, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız sayılır.

Anti-Azərbaycan qüvvələrin kabusu

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa edib. Qarabağ münaqişəsi birdəfəlik olaraq həllini tapıb. Hələ Vətən müharibəsinin nəticəsinə uyğun olaraq, yaranan yeni reallıqlar şəraitində keçmiş Minsk qrupunun fəaliyyətinin artıq heç bir əhəmiyyət daşımadığı aydın idi. Rəsmi Bakı bu illər ərzində ardıcıl şəkildə Minsk qrupunun ləğvi məsələsini gündəmə gətirsə də, həmsədr ölkələr, ən başlıcası isə Ermənistan bu qərarın qəbul edilməsinə süni maneələr yaradır, müxtəlif bəhanələr irəli sürürdülər. Çünki münaqişənin həlli güclü və bütöv Azərbaycan reallığının tam müstəqil siyasi kursla birləşməsi anlamına gəlirdi ki, bu da Cənubi Qafqazda özlərinin məkrli planlarını həyata keçirtmək istəyən beynəlxalq dairələrin ən böyük kabusu demək idi. 

Ermənipərəstləri geri çəkilməyə məcbur edən anlaşma

Lakin Prezident İlham Əliyevin həyata keçirtdiyi ardıcıl və qətiyyətli siyasət, diplomatik gedişlər yeni reallığın doğurduğu nəticənin - Minsk qrupunun ləğvi zərurətinin məntiqi sonluqla yekunlaşmasında mühüm rol oynadı. Hələ üç il əvvəl Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan etməsi Dağlıq Qarabağ probleminin birdəfəlik həll edildiyinin ilkin mesajı idi. Bununla belə, başda Fransa və ABŞ-nin keçmiş rəhbərliyi olmaqla, erməni lobbisinin təsiri altında İrəvanın Minsk qrupunun buraxılması tələbinə qarşı çıxmasına zəmin yaradırdı. Rəsmi Bakının hərbi-siyasi qələbəsinin yaratdığı reallıqlar, həmçinin beynəlxalq aləmdə baş verən ciddi dəyişikliklər, xüsusilə də Donald Trampın ABŞ Prezidenti seçilməsi bu məsələdə həlledici rol oynadı. Məhz Ağ Ev rəhbərinin birbaşa təşəbbüsü ilə Vaşinqtonda imzalanan tarixi razılaşmalar İrəvan da daxil olmaqla, Minsk qrupunun ləğvinə qarşı çıxanları fakt qarşısında qoydu. Təsadüfi deyil ki, Vaşinqtonda sülh mətninin paraflanmasından, Azərbaycan və Ermənistanın ATƏT-ə birgə müraciətindən sonra Cənubi Qafqazda uzun illər özünün destruktiv fəaliyyəti ilə seçilən Fransa dərhal bu təşəbbüsü dəstəkləyən bəyanatla çıxış etdi. Bir qədər gözləməklə Rusiya da analoji yanaşmanı ortaya qoydu.    

 

Bakı ardıcıl mövqeyini davam etdirəcək

Beləliklə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulandığı kimi, sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsinin, bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir. Bu qərar həm də avqustun 8-də Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək.

Revanşistlərə ağır zərbə

Azərbaycanın əldə etdiyi bu möhtəşəm diplomatik qələbə Dağlıq Qarabağ kartının Bakıya qarşı təzyiq kimi istifadəsini birdəfəlik neytrallaşdırdı. Bu, həm də İrəvandakı revanşist qüvvələrin əllərində bayraq etdikləri Madrid, Kazan, Ki-Uest və s. “prinsipləri”nin əks olunduğu sənədlərin də heç bir hüquqi gücünün qalmadığının təsbiti deməkdir.  

Beynəlxalq reaksiya

Qəbul edilən qərarla bağlı beynəlxalq reaksiyalar da rəsmi Bakının mövqeyinə tam dəstəyin ifadə olunmasının göstəricisi kimi qiymətləndirilə bilər. Məsələn, ATƏT PA-nın Prezidenti Pere Joan Pons Minsk Prosesinin bağlanması ilə bağlı ATƏT Nazirlər Şurasının qərarını alqışlayıb. “Dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, - deyə ATƏT PA-nın Prezidenti vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin də Minsk qrupunun ləğvi qərarına reaksiyası təqdirəlayiqdir. "Ermənistan və Azərbaycanı sülhə və münasibətlərin normallaşmasına yönəlmiş tarixi sazişlər və onların həyata keçirilməsinə dərhal başlamaq qərarı münasibətilə bir daha təbrik etmək istəyirəm. Mən onların birgə müraciətinə dərhal cavab verdim və prosesdə gözəl əməkdaşlığa görə tərəflərə səmimi qəlbdən təşəkkürümü bildirirəm", - E.Valtonen bəyan edib.

Rusiya tərəfi də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır. "Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb", - deyə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib.
Göründüyü kimi, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına hüquqi don geyindirərək onu legitimləşdirməyə çalışan Minsk qrupu artıq mövcud deyil. Qarşıda isə bizləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin yaratdığı daha bir perspektiv reallıq gözləyir - sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması. Bunun üçün İrəvanın yerinə yetirməli olduğu tələblər də bəllidir. 

Azad Əliyev     

banner

Oxşar Xəbərlər