• şənbə, 06 Iyun, 07:07
  • Baku Bakı 21°C

Bakıdan dünyaya enerji mesajı

06.06.26 04:46 25
Bakıdan dünyaya enerji mesajı

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi” çərçivəsindəki çıxışı ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminində artan rolu və strateji hədəflərini bir daha beynəlxalq aləmə nümayiş etdirdi. 

“Bakı Enerji Həftəsi” bu dəfə də özünün aktuallığı, yeniliyi və qlobal enerji böhranının yaşandığı dövrdə mövcud çağırışlarla bağlı həll yollarının arandığı aktual platforma olaraq yadda qaldı. Prezident İlham Əliyevin 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışı zamanı ölkəmizin bu prosesdə artan rolu və strateji hədəfləri bir daha dünyanın diqqətinə çatdırıldı. 

“Azərbaycan çox bariz nümunədir”

Dövlət başçısı bildirib ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Onun sözlərinə görə, dünya faydalı qazıntı olmadan yaşaya bilməz: “Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”

Prezident İlham Əliyev qeyd edib ki, ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı inkişafı üçün istifadə edir: “Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız”.

“Bizim artıq investisiya dərəcəli reytinqimiz var”

Prezident qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır: “Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı”. 

“Bu gün onların sayı 16-dır”

Dövlət başçısı dünyada enerji təhlükəsizliyinin təmini məsələsinə də toxunub: “Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada - “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq”. 

Prezident qeyd edib ki, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcək. 

Yüksəksəviyyəli diplomatik fəaliyyət

Prezident qeyd edib ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olub. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir: “Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq”.

Dünya liderlərinin Azərbaycan vurğusu

Açılış mərasimində dünya liderlərinin məktublarında ölkəmizin artan rolu, qlobal müstəvidəki əvəzedilməz fəaliyyətinə xüsusi vurğu edilməsi də diqqət çəkən məqamlardan idi. 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. “Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır”, - Donald Tramp məktubunda qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunda deyilir: “Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik”. 

Beləliklə, “Bakı Enerji Həftəsi” bir daha dünyaya Azərbaycanın enerji təhlükəsizliyindəki artan rolunu göstərmiş oldu. 

F.Abasoğlu

banner

Oxşar Xəbərlər