• şənbə, 11 Iyul, 04:48
  • Baku Bakı 26°C

Bakıdan başlayan yüz illik yol

11.07.26 02:22 32
Bakıdan başlayan yüz illik yol

Birinci Türkoloji Qurultaydan 100 il keçməsinə baxmayaraq, əsası həmin dövrdə qoyulan birlik, həmrəylik və əməkdaşlıq ideyaları bu gün reallığa çevrilməkdədir. Bu mirasın əsas daşıyıcılarından olan Azərbaycan türk dünyasını özünün ailəsi olaraq qəbul edir.

Azərbaycan türk dünyasının aparıcı üzvlərindən biri olaraq, türkdilli dövlətlər arasında yalnız siyasi, iqtisadi, hərbi münasibətlərin deyil, mədəni, elmi və humanitar əlaqələrin dərinləşdirilməsinə də öz töhfəsini verir. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" də türk dövlətlərini yenidən bir araya gətirdi. Tədbirə türk respublikaları daxil olmaqla 20 ölkədən rəsmilər, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də 126 türkoloq-alim qatıldı. "Türk Dünyası Həftəsi" çərçivəsində ölkəmizin müxtəlif bölgələrində ən aktual mövzular ətrafında geniş müzakirələrin aparıldığı, türk dünyasının birliyinə töhfə verə biləcək təklif və ideyaların ortaya qoyulduğu silsilə konfranslar təşkil edildi.  

“Türk Dünyası” anlayışının doğulduğu qurultay

Xatırladaq ki, tədbir Prezident İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşib. Tarixən Azərbaycan Türk dünyasının birliyi, həmrəyliyi üçün mühüm rol oynayıb. Yüz il əvvəl Bakıda təşkil olunan Türkoloji Qurultay da məhz bu ideyaların gerçəkləşməsi, yeni baxışların, ideyaların təmərküzləşməsi istiqamətində atılan ən mühüm addımlardan biri hesab olunurdu. Təsadüfi deyil ki, “Türk Dünyası” anlayışı ilk dəfə məhz yüz il əvvəl Bakıda təşkil olunan Birinci Türkoloji Qurultayda meydana çıxıb.  
Azərbaycan üçün bu tədbiri əhəmiyyətli edən digər mühüm amil onun Bakının Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi bir məqamda təşkilidir. Xatırladaq ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair təklif ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. 

Prezident İlham Əliyevin təbrik müraciəti

“Türk Dünyası Həftəsi”nin, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təşkilinə bütün türk dövlətləri böyük diqqət və həssaslıqla yanaşıblar. Bu, ölkə başçılarının yubiley münasibəti ilə ünvanladıqları təbrik məktublarında da açıq şəkildə görünür.   

Prezident İlham Əliyev təbrik məktubunda vurğulayıb ki, Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində aktiv fəaliyyəti ilə yadda qalıb: "Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik". Prezident qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.

Tarixi dönüş nöqtəsi

Türk dünyası çərçivəsində sarsılmaz bağların qurulmasında Azərbaycanın mühüm rol oynadığını digər türkdilli ölkələrin rəhbərləri də xüsusi qeyd edirlər. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib ki, Azərbaycanın türk dünyasında tutduğu yer xüsusidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müraciətində bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və ictimai həyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisə kimi yadda qalıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün türk dünyasının ortaq məsuliyyətidir. Qırğızıstan Prezidenti Sadır Japarov da Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsinin türk xalqlarının intellektual, mədəni və siyasi birliyinin formalaşmasında tarixi dönüş nöqtəsi olduğunu bildirib.

Xankəndi Bəyannaməsi

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər. Bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevə yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünə, müvafiq Sərəncamın imzalanmasına, türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi daimi diqqətə, eləcə də tədbirlərin Bakı və Xankəndi şəhərlərində yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıq ifadə olunub. Sənəddə, həmçinin "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladıqları təbrik müraciətlərinə görə türk dövlətlərinin başçılarına təşəkkür bildirilib.

Mirasın layiqli daşıyıcısı

Birinci Türkoloji Qurultaydan 100 il keçməsinə baxmayaraq, əsası həmin dövrdə qoyulan birlik, həmrəylik və əməkdaşlıq ideyaları bu gün Türk Dövlətləri Təşkilatı və ikitərəfli münasibətlər çərçivəsində reallığa çevrilməkdədir. Bu mirasın əsas daşıyıcılarından olan Azərbaycan türk dünyasını özünün ailəsi olaraq qəbul edir. Atılan addımlar, həyata keçirilən siyasət də məhz bu prinsip üzərində qurulur. “Türk Dünyası Həftəsi”nin təşkili ilə Azərbaycan həm ortaya qoyduğu yanaşmalar, həm də həyata keçirdiyi siyasətlə türk dünyasının mirasının əsas və layiqli davamçılarından biri olduğunu bir daha göstərmiş oldu.   

F.Abasoğlu
  

banner

Oxşar Xəbərlər