• şənbə, 12 Sentyabr, 01:07
  • Baku Bakı 21°C

Bakıda faydalı iqlim müzakirələri

12.09.26 00:36 13
Bakıda faydalı iqlim müzakirələri

Ceyhun Bayramov: “Dünyada hazırda sürətli ekoloji dəyişikliklər baş verir. Bu dünyanın hər bir yerində, o cümlədən regionumuzda baş verir. Bunun ən bariz nümunəsi Xəzər dənizidir".

Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) keçirilib. İqlim həftəsi çərçivəsində bir çox aktual mövzularla bağlı müzakirələr aparılıb, görüşlər keçirilib.

Azərbaycan iqlim müzakirələrini aparmaqda qətiyyətlidir

Açılış mərasimində çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, dünyada hazırda sürətli ekoloji dəyişikliklər baş verir: "Bu, dünyanın hər bir yerində, o cümlədən regionumuzda baş verir. Bunun ən bariz nümunəsi Xəzər dənizidir. Bulvarın bəlli ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür, bütün bunlar iqlim dəyişikliyinin göstəricidir".

Nazir bildirib ki, iqlim dəyişikliyi fonunda baş verənlər iqtisadi sabitlik və davamlılıq öz aktuallığını artırır: "Düşünürəm ki, Bakı İqlim Həftəsi bu kontekstdə ciddi müzakirə platformasıdır".

C.Bayramov əlavə edib ki, Azərbaycan iqlim müzakirələrini davamlı olaraq aparmaqda qətiyyətlidir. Azərbaycanın iqlim məsələlərindəki mövqeyinə sadiqliyini vurğulayan nazir bu kontekstdə Bakıda keçirilən COP29-un uğurunu xatırladıb: "Biz hazırda Türkiyə və digər ölkələrdən həmkarlarımızla aktiv fəaliyyət göstəririk. Bu gün də iqlim mütəxəssisləri Bakıdadır, məqsəd yenə də eynidir. Sözsüz, COP31-ə qədər bu dinamikanı qorumaq prioritet məsələdir. Azərbaycan qardaş Türkiyəyə COP31-də lazımi dəstəyi davam etdirəcək. Düşünürük ki, COP31 iqlim məsələlərinin həlli üçün mühüm platformaya çevriləcək".

Bakı beynəlxalq iqlim əməkdaşlığının əhəmiyyəti

UNFCCC-nin icraçı katibi Saymon Stil fikirləri də maraqlıdır. Onun sözlərinə görə, Bakı beynəlxalq iqlim əməkdaşlığının ən yeni tarixində son dərəcə mühüm yer tutur. S.Stil bildirib ki, təmiz enerjiyə geri dönüşü olmayan keçidə baxmayaraq, iqlim dəyişikliyinin fəsadları güclənməkdə davam edir. "Hər bir region getdikcə daha ciddi fəsadlarla - ekstremal istilər, daşqınlar, quraqlıqlar, yanğınlar və ərzaq çatışmazlığı ilə üzləşir. Hər bir iqtisadiyyat da bu amillərin təsirinə məruz qalır", - o qeyd edib. "Keçirilən tədbir qərarların icrasını sürətləndirmək, tərəfdaşlıqları inkişaf etdirmək və investisiyalar cəlb etmək üçün bütün iştirakçıları birləşdirməyə xidmət edir", - UNFCCC-nin icraçı katibi bildirib.

COP29 iqlim diplomatiyasına önəmli töhfə verib

COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bildirir ki, Azərbaycanın keçirdiyi COP29 iqlim diplomatiyasına önəmli töhfə verib. Onun sözlərinə görə, iqlimlə bağlı böhran sərhədləri açırsa, ölkələr də buna qarşı iradə göstərməlidir: "COP31-də bunu təşviq etmək niyyətindəyik. Bakı maliyyələşmə hədəfi ətrafında konsensus formalaşdıran, Bakıdan Belemə yol xəritəsini irəli aparan və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarı qaydalarını yekunlaşdıran COP29 Sədrliyini iqlim diplomatiyasına verdiyi bu töhfələrə görə təqdir edirəm. Bu uğurlar Antalya yolunda fəaliyyətimiz üçün güclü bünövrə yaradacaq".

Türk dünyası ölkələri bu sahədə əməkdaşlığı dərinləşdirməlidir

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, Türk dünyası ölkələri biomüxtəlifliyin qorunması, təbii irsin mühafizəsi və iqlim dayanıqlılığının artırılması üçün ənənəvi bilikləri və müasir yanaşmaları birləşdirməlidir. O, UNESCO-nun transsərhəd Ümumdünya İrsi obyekti olan və Azərbaycanla qonşu ölkələr arasında bölünmüş Hirkan meşələrinin qorunması məsələsində əməkdaşlığın vacibliyini vurğulayıb. "Onların qorunması elmin, mühafizə olunan ərazilərin idarə edilməsinin və yerli biliklərin birləşdirilməsinin vacibliyini nümayiş etdirir", - prezidentin nümayəndəsi bildirib. Onun sözlərinə görə, Türk dünyası ölkələri artıq toplanmış mədəni qarşılıqlı əlaqə təcrübəsi əsasında təbiətin mühafizəsi sahəsində əməkdaşlığı genişləndirə bilərlər.

 

banner

Oxşar Xəbərlər