• cümə, 26 Iyun, 05:54
  • Baku Bakı 25°C

Bakı-Aşqabad münasibətlərində yüksəliş

26.06.26 04:24 16
Bakı-Aşqabad münasibətlərində yüksəliş

Türkmənistan Prezidentinin Azərbaycana səfəri tək ikitərəfli münasibətlər kontekstində yox, həm də regional iqtisadi əməkdaşlıq və Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Hər iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün geniş perspektivləri var.

Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli münasibətləri sürətlə inkişaf edir. Baş tutan qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar əməkdaşlıq müstəvisini sürətlə genişləndirir. Həftənin əvvəlində reallaşan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri də Bakı ilə Aşqabad arasında dərinləşməkdə olan qarşılıqlı əməkdaşlığın göstəricisi kimi dəyərləndirilir. 

Türkmənistana “Dostlug” tankeri hədiyyə edildi

Qeyd edək ki, səfər çərçivəsində Sərdar Berdiməhəmmədov azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb, tərəflər dövlətlərarası münasibətlərin mövcud durumu, gələcək perspektivlər və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. 

“Qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”

Tərəflər mətbuata birgə bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub: “Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkmənistanın nəqliyyat-logistika sahəsində əməkdaşlığı geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. 

İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin yüksək qiymətləndirildiyini qeyd edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov  ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğulayıb.

“İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, - deyə o bildirib. 

Prezidentlərin Füzuli və Şuşaya səfəri

Səfər çərçivəsində prezidentlər Füzuli və Şuşaya da gediblər. Dövlət başçıları Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.
Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verilib. Məscid kompleksinin ümumi ərazisi bir hektardan çoxdur. Məscidin hər biri 40 metrdən ibarət iki minarəsi olacaq. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Şuşaya səfər çərçivəsində isə prezidentlər burada inşa edilmiş birinci yaşayış kompleksində olublar, Şuşa məscidində tikinti işlərinin gedişi ilə maraqlanıblar. İlham Əliyev və Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.

Dövlət başçıları Şuşada Cıdır düzündə də olublar. Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına “Mərd” adlı Qarabağ atını hədiyyə edib.

Geniş coğrafiyaya təsir edən münasibətlər 

Xatırladaq ki, Türkmənistan Prezidentinin Azərbaycana səfəri tək ikitərəfli münasibətlər kontekstində yox, həm də regional iqtisadi əməkdaşlıq və Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyətə malikdir. Hər iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün geniş perspektivləri var. Bir tərəfdən, Orta Dəhlizin genişlənməsi, digər tərəfdən Xəzəryanı dövlətlər arasında əməkdaşlığın güclənməsi bu sahədə yeni imkanlar yaradır. 

Bu proses, eyni zamanda, Türk dünyasında inteqrasiyanın güclənməsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Bakı-Aşqabad təmasları tək Türk dünyasında yox, həm də Qərbdə diqqətlə izlənilir. Çünki hər iki ölkə həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinin perspektivlərini müəyyənləşdirən əsas mənbələrdən sayılır. Son zamanlarda yenidən gündəmə gələn Trans-Xəzər layihəsinin reallaşması perspektivləri böyük ölçüdə Bakı və Aşqabadda veriləcək qərarlardan asılıdır. Bu baxımdan, Azərbaycan və Türkmənistan arasında münasibətlərin daha da inkişaf etməsi, dərinləşməsi və əməkdaşlıq platformasında strateji sahələrin daha çox yer alması çox böyük coğrafiyada geosiyasi və geoiqtisadi proseslərə birbaşa təsir etmək gücündədir.  

Qarşılıqlı sənədlər və ticarət dövriyyəsi 

Qarşılıqlı münasibətlərin əsasını təşkil edən və bu əlaqələri hüquqi müstəvidə gücləndirən ikitərəfli müqavilələr də mühüm əhəmiyyət daşıyır. Bu baza olduqca genişdir və çoxistiqamətliliyi ilə seçilir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Son səfər çərçivəsində imzalanan sənədlərlə bu hüquqi baza daha da zənginləşdirilib. 

Azərbaycan-Türkmənistan əməkdaşlığında iqtisadi amil də mühüm əhəmiyyətə malikdir. Burada qarşılıqlı ticarət dövriyyəsi ilə yanaşı, nəqliyyat-logistika sahəsində birgə səylər də önəmli rol oynayır. 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artaraq 2,344 tona çatıb. Keçən il tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon dollar olaraq qeydə alınıb.

F.Abasoğlu

 

banner

Oxşar Xəbərlər