• bazar ertəsi, 30 dekabr, 21:25
  • Baku Bakı 6°C

Azərbaycanın növbəti diplomatik uğuru

21.12.24 00:26 810
Azərbaycanın növbəti diplomatik uğuru

Azərbaycan D-8 təşkilatının üzvü seçilib. Təşkilata üzvlüklə bağlı qərar istər xarici siyasət, istərsə də iqtisadi əməkdaşlıq imkanlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 Azərbaycan daha bir beynəlxalq təşkilatın tam hüquqlu üzvü seçilib. Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

Dostluğumuzun və əməkdaşlığımızın göstəricisi

Bu, müstəqillik tariximizdə əldə olunan davamlı diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi dəyərləndirilir.
Prezident İlham Əliyev də Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib: “Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir.

Öz həmkarlarımı əmin edirəm ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir”. 

Azərbaycanın D-8-ə üzvlüyü həm ölkəmiz, həm də təşkilata üzv digər dövlətlər üçün unikal imkanlar açmaqdadır. Təşkilatın mövcud potensialı Bakının beynəlxalq aləmdə mövqelərinin daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. D-8 tarixində ilk dəfə olaraq genişlənmə qərarı alınması, ilk olaraq bu qərarın Azərbaycana şamil olunması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və etimadın bariz nümunəsidir.

Sammit zamanı səsləndirilən fikirlər də bir daha təsdiqləyir ki, geosiyasi mövqeyi, geniş iqtisadi potensialı, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional mərkəzlərdən biri kimi seçilən Azərbaycanın üzvlüyü təşkilatı daha da möhkəmləndirəcək. Bununla bağlı ümumi fikirlər birmənalıdır və ən yüksək səviyyələrdə qeyd olunur.  

D-8-in iqtisadi potensialı

Qeyd edək ki, D-8 iqtisadi imkanlarına görə çox mühüm platforma sayılır. Təşkilat üç qitəni əhatə edir. Quruma üzv dövlətlərin ümumi daxili məhsulunun həcmi bütövlükdə dörd trilyon dollardan artıqdır. Ticarət dövriyyəsi 130 milyard həcmindədir. Üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edir. 

Təşkilata üzvlüklə bağlı qərar həm də Bakının istər xarici siyasət, istərsə də iqtisadi əməkdaşlıq imkanlarının şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki,  Azərbaycanın dövlət başçısı ilk dəfə olaraq İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib.

İslam dünyası ilə əlaqələr dərinləşir

D-8 həm də Bakının İslam dünyası ilə qarşılıqlı əlaqələrinin genişləndirilməsi, daha da inkişaf etdirilməsində yeni mərhələ sayılır. İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olan Azərbaycanın D-8-ə qoşulması ölkəmizin xarici siyasətində bir-birini tamamlayan elementlərdir. Ölkəmizin D-8 üzvlüyü bir daha sübut edib ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.

Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.

Xatırladaq ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. 

F.Abasoğlu 

banner

Oxşar Xəbərlər