Azərbaycana verilən yüksək dəyər

ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin ləğvi ilə bağlı qərarı rəsmi olaraq dərc edilib. Ağ Ev rəhbəri bu qərarını Azərbaycanın ABŞ üçün mühüm əhəmiyyətə malik ölkə olması, həmçinin beynəlxalq terrorla mübarizədə mühüm rol oynaması ilə əsaslandırıb.
ABŞ Federal Hökumətinin rəsmi jurnalı olan “Federal Register”də Prezident Donald Trampın 2025-ci il avqustun 8-də imzaladığı "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin fəaliyyətinin dayandırılması haqqında Memorandum dərc edilib. Sənəddə qurumlar və prezident tərəfindən qəbul edilmiş qaydalar, bildirişlər və digər məqamlar yer alıb.
Qərar Konqresə göndəriləcək
"Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxrac Maliyyələşdirilməsi və Əlaqəli Proqramlar Aktının II bölməsi (107-115 saylı Qanun) tərəfindən mənə verilən səlahiyyətlər əsasında, bununla Azərbaycana qarşı Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin (102-511 saylı Qanun) dayandırılmasının
- Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün zəruri olduğunu;
- Birləşmiş Ştatların Silahlı Qüvvələrinin və ya beynəlxalq terrorizmə qarşı mübarizədə koalisiya tərəfdaşlarının döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu;
- Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduğunu;
- Ermənistan və Azərbaycan arasında sülh nizamlanması üzrə danışıqlar üçün cari səylərə xələl gətirməyəcəyini və ya mane olmayacağını və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcəyini müəyyən edir və təsdiq edirəm.
Müvafiq olaraq, bu qərarla mən Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin müddəalarının tətbiqindən imtinanı uzadıram", - sənədin mətnində deyilir.
Tramp ABŞ-nin Dövlət katibi Marko Rubioya bu qərarı "Federal Reyestr"də dərc etməyi və bu qərarı və izahedici qeydi Konqresin müvafiq komitələrinə göndərməyi tapşırıb.
Baydenin ikiüzlü davranışı
Qeyd edək ki, bu düzəlişin dondurulması barədə sənəd Prezident İlham Əliyevin keçən həftə ABŞ-yə səfəri zamanı Prezident Donald Trampla apardığı müzakirələr zamanı imzalanıb. Ağ Ev rəhbəri sələfindən fərqli olaraq, Bakının beynəlxalq terrorizmə qarşı mübarizədə, ABŞ ilə müttəfiqlik münasibətlərində sərgilədiyi mövqeyi yüksək qiymətləndirir. Azərbaycanın bu kimi fundamental əhəmiyyət daşıyan məsələlərdə mühüm rol oynadığını Tramp administrasiyası özü də etiraf edir. Xatırladaq ki, Co Baydenin dönəmində Əfqanıstandan ABŞ qüvvələrinin çəkilməsi ilə ABŞ prezidentləri tərəfindən uzun illər 907-ci düzəlişin dondurulması ənənəsinə son qoyulmuşdu. Belə demək mümkündürsə, əvvəlki administrasiya Azərbaycanın Əfqanıstan və digər beynəlxalq missiyalardakı rolunu gözardı edərək, erməni lobbisinin birbaşa təsiri ilə bu addımı ataraq, Vaşinqton-Bakı münasibətlərinə ciddi zərər vurmuşdu. İndi isə Əliyev-Tramp əlaqələri dövlətlərarası münasibətlərdəki mənfi tendensiyaların ardıcıl olaraq aradan qaldırılması istiqamətində mühüm rol oynayır.
Siyasi və rəmzi məna daşıyan imtina
Yeri gəlmişkən, hələ ABŞ-də olanda Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində bu məsələyə xüsusi diqqət ayırmışdı. “Azadlığa dəstək aktı”na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi. O zaman təbii ki, Konqres üzvlərinin Azərbaycandan, Cənubi Qafqazda baş verənlərdən xəbəri yox idi. Onlar erməni lobbi qruplarının təsiri altına düşüb və qurban Azərbaycanı işğalçı kimi təqdim edirdilər. Beləliklə, bu düzəliş bizi həmin o illərdə çox ehtiyac duyduğumuz birbaşa Amerika yardımından məhrum etmişdir”, - dövlət başçısı bildirib. İlham Əliyev qeyd edib ki, Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var: “Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir”.
Göründüyü kimi, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə artıq rəsmən başlamış sayılır. Bu müstəvidə maneə yarada biləcək məqamlar isə qarşılıqlı şəkildə ardıcıl olaraq ortadan qaldırılmaqdadır.
Azad Əliyev
