• çərşənbə, 24 Aprel, 11:38
  • Baku Bakı 13°C

Azərbaycan üçün ən mühüm məsələ

06.05.23 06:00 1749
Azərbaycan üçün ən mühüm məsələ

Azərbaycan dövlətinin əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərimizin sürətli bərpasıdır. Bu baxımdan Prezident İlham Əliyevin Ağdam, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Füzuli və Xocavəndə növbəti səfəri mühüm əhəmiyyətə malikdir. 

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Azərbaycan dövləti qarşısında dayanan ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərimizin sürətli şəkildə bərpasıdır. Prezident İlham Əliyev də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda bildirdi ki, qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Hazırda sözügedən isttiqamətdə həyata keçirilən işlər birbaşa Prezidentin şəxsi nəzarətindədir. Dövlət başçısı mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur. Bir neçə gün öncə İlham Əliyevin Ağdam, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Füzuli və Xocavəndə növbəti səfərinin şahidi olduq. 

Ağdamın siması dəyişir

İşğal dövründə ən çox dağıntılara məruz qalan şəhərlərimizdən biri «Qafqazın Xirosiması» da adlandırılan Ağdamdır. Hazırda burada geniş miqyaslı bərpa quruculuq işləri aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfərləri çərçivəsində “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyublar. Burada işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib olunub, həm personalın, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub.

Göründüyü kimi, işğaldan azad edilən ərazilərin böyük enerji potensialından yararlanmaq üçün gələcək planların təməlləri indidən atılır. Reallaşdırılacaq layihələrin kadr potensialının praktiki hazırlığı, hər bir məqamın zərgər dəqiqliyi ilə hesablanması üçün işlər ölçülüb-biçilmiş formada həyata keçirilir. 

Yerli idarəetmədə yeni sistem 

Prezidentin Ağdam səfəri zamanı şəhərdə tikiləcək inzibati binanın təməlinin qoyulması da diqqəti cəlb edir. Belə ki, layihəyə əsasən, beş mərtəbədən ibarət olacaq binada bütün dövlət qurumlarının yerli nümayəndəlikləri bir yerdə fəaliyyət göstərəcək. Prezidentin xüsusi nümayəndəliyinin qərargahı da burada olacaq. Təbii ki, idarəetmə sahəsində bu cür innovativ formanın tətbiqi görülən və görüləcək işlərin keyfiyyətinin, şəffaflığının artırılması, nəzarət mexanizminin gücləndirilməsi, koordinasiyalı fəaliyyət kimi amillərin yüksək səviyyədə təmininə münbit şərait yaradır.

Artıq ilkin qərarlar və yanaşmalar işğaldan azad ərazilərimizdə yeni idarəetmə üsulunun konturları barədə geniş təsəvvürümüzün formalaşmasına təkan verir. Vətəndaş məmnunluğu, insan amili həyata keçirilən siyasətin mərkəzində dayanır.  

Nəqliyyat infrastrukturu genişləndirilir

İşğaldan azad ərazilərin məskunlaşdırılmasını daha da asanlaşdırmaq, işlərin miqyasını genişləndirmək və çatdırılmanı təmin etmək üçün nəqliyyat infrastrukturunun bərpası və istifadəyə verilməsi başlıca prioritetdir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən dəmiryollarının, avtomobil yollarının bərpasına xüsusi diqqət yetirilir. Dövlət başçısı Ağdam səfəri çərçivəsində Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə də tanış olub. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. İşğaldan azad ərazilərdə tək Bərdə-Ağdam dəmiryolu yox, həm də Zəngəzur dəhlizinin əsasını təşkil edəcək Füzuli-Zəngilan dəmiryolunun inşası da sürətlə davam edir. Bu işlərin qısa zaman kəsiyində yekunlaşdırılması planlaşdırılır. Qeyd olunan nəqliyyat arteriyalarının istifadəyə verilməsi işğaldan azad ərazilərin məskunlaşdırılması prosesini sürətləndirməklə yanaşı, həm də bu rayonların sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. 

Yeniliklərlə yadda qalan səfər

Prezident İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına da səfər edib. Dövlət başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub. İlham Əliyev Zəngilan şəhərində isə Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.

Göründüyü kimi, Prezident və birinci xanımın işğaldan azad edilən rayonlara, şəhərlərə hər səfəri bir çox yeniliklər, təməlatma mərasimləri ilə yadda qalır və özünün zənginliyi ilə seçilir. Bütün bunlar azad edilmiş rayonların bərpası prosesinin qısa zamanda sistemli və ardıcıl yerinə yetiriləcəyinə, keçmiş məcburi köçkünlərin layiqli həyat şəraiti ilə təmin olunacağına inamı daha da artırır.  

Azad Əliyev

banner

Oxşar Xəbərlər