Azərbaycan Türkiyə qardaşlığı dünyaya bir nümunədir

Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Bu qardaşlıq dünya ölkələri üçün bir nümunədir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq.
Türkiyədə baş verən dəhşətli zəlzələdə çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycan cəmiyyətini çox sarsıtdı və kədərləndirdi.
Azərbaycan-Türkiyə qardaşlığını şərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ fəlakəti Azərbaycan xalqını sarsıdıb və kədərləndirib.
"Onlarla şəhər, kənd, yaşayış məskənləri sanki birdən - birə qeybə çəkilib, milyonlarla insan evsiz - eşiksiz qalıb. Ölənlərin və yaralanların sayı günbəgün artır. Türkiyə belə ağır, çətin günlərdə tək deyil. İlk olaraq qan qardaşı, can sirdaşı Azərbaycan yanındadır. Bu zəlzələ xəbəri yayılan anda hiss edildi və xalqımız, başda hörmətli Prezidentimiz İlham Əliyev olmaqla bunu bütün dünyaya nümayiş etdirdi.Azərbaycan xalqı 44 günlük müharibədə olduğu kimi bir anda səfərbər olundu, yumruq kimi birləşdi, həmrəyliyin, qardaşlığın nə olduğunu bəşəriyyətə göstərdi. Kimin gücü nəyə çatırsa onu etməyə, Türk xalqının yarasına məlhəm qoymağa çalışdı. Azərbaycanın qocası da, uşağı da, qızı - gəlini də hər zaman Türkiyənin yanında olduğunu sözlə deyil əməllə göstərdi. Bu birlik, həmrəylik göstərdi və göstərir ki, həqiqətən də Azərbaycan - Türkiyə qardaşlığı əbədi, dönməz və sarsılmazdır. İlk saatlardan xalqımızın Türkiyəyə verdiyi dəstək, onun yanında olmağımız dünyaya bir nümunə olmaqla, həm də Türk dünyasının əzmkarlıq, sədaqət mesajıdır."
Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Azərbaycan Türkiyə qardaşlığı dünyaya bir nümunədir və biz bu nümunəni dəfərlərlə görmüşük. Hər zaman ağrılı günlərində də, sevincli günlərində də bu iki xalq bir birinin yanında olub.
"Türkiyədə baş verən zəlzələdən sonra Türkiyənin yanında birinci məhz qardaşı Azərbaycan oldu. zərbaycan xalqı Vətən müharibəsində necə ki, bir yumruq olaraq düşmənə qarşı mübarizə aparırdısa, bu günlərdə də kiçikdən böyüyə xalqımız ayğa qalaraq bütün imkanları ilə qardaş Türkiyə üçün birləşib.
Azərbaycan xalqı bu faciədən qardaş Türkiyə xalqı qədər acı çəkir. Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk olaraq əlaqə saxlayıb və ardınca da aidiyyatı dövlət qurumlarına lazım olan köməyi göstərmək barədə tapşırıqlar verib. İlk olaraq peşəkar xilasetmə heyəti və tibbi heyəti Azərbaycandan qardaş Türkiyəyə yollanıb və bu gün Azərbaycan cəmiyyətində böyük yardım kampaniyası başlayıb və təbii ki, bu dəstək zəlzələnin fəsadları tam aradan qaldırılana qədər davam edəcək.
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar.
Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıblar", - deyə o qeyd edib.
Nəticə etibarilə Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və zəlzələdən zərər çəkənlərə öz yardımını edir. Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunun bir daha şahidi olduq. Qardaş ölkələr arasında müttəfiqlik sənədinin Şuşada imzalanması dünyaya bu birliyin əsas göstəricilərindəndir. Hazırda bütün Azərbaycan cəmiyyəti və dövləti Türkiyədə baş verən dəhşətli yanğınları öz qəlbində hiss edir və əlindən gələn bütün vasitələrlə qardaş ölkəyə dəstək verir.
Türkiyə və Azərbaycan bir-birinə yadım etməyi özlərinə qardaş borcu hesab edirlər.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub. (Trend)
