• cümə axşamı, 18 aprel, 07:42
  • Baku Bakı 12°C

Azərbaycan revanşist qüvvələrin cavabını vermək iqtidarındadır

15.08.22 09:45 963
Azərbaycan revanşist qüvvələrin cavabını vermək iqtidarındadır

Regionların inkişafı Prezident İlham Əliyevin daxili siyasətinin ən vacib sahələrindən biridir. Ötən dövr ərzində dövlət proqramlarının icrası nəticəsində çoxsaylı işlər görülüb. Bu istiqamət üzrə görülən işlər davamlı xarakter daşıyır. Dövlət tərəfindən hər bir bölgənin özünə xas şəkildə inkişafına töhfələr verilib və bu işlər bu gün də davam etməkdədir. İnfrastruktur layihələrinin həcmi və icrasından əldə olunan nəticələr kifayət qədər uğurludur.

Bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.

Prezidentin bölgələrə səfərinin yerli camaat tərəfindən diqqətlə izlənildiyini və böyük maraqla qarşılandığını söyləyən deputat deyib: “Prezident ölkə rəhbəri kimi görülən işlərlə yerində tanış olmaqla və dərhal tapşırıqlar verməklə insanlarda davamlı inkişaf üçün əminlik yaradır. Vətəndaşlar qısa zaman ərzində genişmiqyaslı işlərin şahidi olurlar. Avqustun 12-də Prezident və Birinci vitse-prezidentin İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri də bu qəbildən olan əhəmiyyətli səfər idi. Ölkə rəhbəri səfər zamanı dövlət televiziyasına müsahibəsində olduqca vacib məsələlərə toxundu. Bu məsələlər həm bölgələrdə görülən çoxşaxəli işləri, həm də postmüharibə dövründə cərəyan edən hadisələri əhatə edirdi.

Prezident müsahibəsində bir neçə vacib məqamı vurğuladı. Dövlət başçısı kənd təsərrüfatının ölkə iqtisadiyyatında rolunu nəzərə alaraq bu sahənin inkişafı ilə bağlı işlərin görülməsi üçün ciddi tapşırıqların verildiyini bir daha diqqətə çatdırdı. Özümüzü problemlərdən tam sığortalamaq üçün praktiki işlərin aparılması ərzaq təhlükəsizliyini təmin etmək üçün də mühüm rol oynayacaq.

Müzəffər Ali Baş Komandanın toxunduğu önəmli məsələlərdən biri də Qarabağda yaşayan ermənilərə qarşı Azərbaycan dövlətinin münasibəti idi. Prezident bildirdi ki, onlar bizim vətəndaşlarımız olduqlarını nə qədər tez dərk etsələr, o qədər də hamı üçün yaxşı olar. Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirməsi, Azərbaycan hakimiyyətinin isə öz təsir imkanlarını artırması nəticəsində onlar açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Prezident “Qisas” əməliyyatı ilə bağlı danışarkən bu əməliyyatın Ermənistan üçün dərs olduğunu vurğulayaraq onların çirkin əməllərindən əl çəkməyə çağırdı. Azərbaycan güclü tərəfdir və sərt şəkildə revanşist qüvvələrin cavabını vermək iqtidarındadır. Ermənistan hökumətinin də, Qarabağda yaşayan ermənilərin də çıxış yolu Azərbaycan dövləti ilə hesablaşmaqdır”.

banner

Oxşar Xəbərlər