• şənbə, 18 May, 12:14
  • Baku Bakı 19°C

Azərbaycan Ordusu dünyanın ən qüdrətli və nizamlı orduları sırasındadır

24.09.22 18:30 810
Azərbaycan Ordusu dünyanın ən qüdrətli və nizamlı orduları sırasındadır

Bu il xalqımız Azərbaycan tarixinin ən şərəfli günlərindən biri və parlaq Qələbəmizə gedən yolun başlanğıcı olan 27 sentyabr – Vətən müharibəsinin başlandığı günün ikinci ildönümünü qeyd edir. Tarixə əbədi həkk olan və 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanı ağır məğlubiyyətə uğradaraq düşmənlərimizi doğma torpaqlarımızdan qovdu və Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı Ordumuz tərəfindən istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı. Həmçinin ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatların öyrənilməsinin zəruriliyini qeyd etdilər.

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, bu gün hər bir azərbaycanlı Qalib Azərbaycan dövlətinin vətəndaşı olduğu üçün fəxr və qürur hissi keçirir. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının dəqiqliklə hesablayaraq həyata keçirdiyi müdrik, uzaqgörən, inkişafa və tərəqqiyə hesablanmış siyasətinin nəticəsində mümkün oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən illər ərzində digər sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində həyata keçirilən effektiv, müdrik siyasət və Silahlı Qüvvələrdə aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən qüdrətli və nizamlı orduları sırasındadır. Ölkəmizdə hər zaman şəhid ailələri, qazilər və müharibə iştirakçıları Azərbaycan Prezidentinin və dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Müvafiq kateqoriyadan olan şəxslərin sosial şəraitinin yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bir çox tədbirlər həyata keçirilib, qanunlar qəbul edilib və sərəncamlar imzalanıb. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına olan diqqət və qayğı dünya ölkələrinə nümunədir.

“Bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Əminliklə demək olar ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa-quruculuq və infrastruktur layihələri nəticəsində bu ərazilər qısa müddətdə cənnətə çevriləcək və ümumilikdə bölgənin hərtərəfli inkişafında mühüm rol oynayaraq ölkəmizin gücünə güc qatacaq.

Allahdan bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfalar diləyirəm. Uca Tanrı bizlərə qələbələr bəxş edən, bizi qalib xalqa çevirən Ali Baş Komandan İlham Əliyevi və Müzəffər Azərbaycan Ordusunu qorusun”.

banner

Oxşar Xəbərlər