Azərbaycan körfəzdə, BƏƏ Qafqazda

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Füzuli və Şuşaya səfərlə ölkəsinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını diqqət mərkəzində saxladığını nümayiş etdirir. Bu ərazilərdə aparılan yenidənqurma işləri həm Azərbaycan, həm də BƏƏ üçün strateji əhəmiyyət daşıyır.
Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəldi. Azərbaycan Prezidenti İlham Əliyev həmkarını Füzuli Beynəlxalq Hava Limanında qarşıladı. Şuşada isə Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi oldu. Bu, BƏƏ-nin Azərbaycanla olan strateji münasibətlərini işğaldan azad edilmiş ərazilər üzərindən xüsusi yanaşma ilə əks etdirdiyini göstərir.
Füzuli və Şuşadan strateji yanaşma
BƏƏ Prezidenti Füzuli və Şuşaya səfərin timsalında ölkəsinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını diqqət mərkəzində saxladığını nümayiş etdirir. Çünki bu ərazilərdəki yenidənqurma işləri, sosial-iqtisadi inkişafın təmin edilməsi həm Azərbaycan, həm də BƏƏ üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda BƏƏ Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə olan dəstəyini strateji istiqamətlərlə zənginləşdirən trayektoriyada olduğunu dünyaya nümayiş etdirir.
Azərbaycan BƏƏ üçün strateji investisiya indeksində etibarlı tərəfdaşdır. Prezident İlham Əliyev həmkarı ilə geniş tərkibdəki görüşdə deyib: “Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olub”.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan çıxış edərkən bildirib: “Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlıyıq, ələlxüsus da inkişaf sektoruna aid olan iqtisadiyyat və bərpaolunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət sahələrində və əlbəttə ki, digər əhəmiyyətli sahələrdə. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir”.
Göründüyü kimi, Azərbaycana, o cümlədən azad edilmiş ərazilərə böyük sərmayə yatırmaq, bərpa, quruculuq prosesinə dəstək vermək BƏƏ-nin xarici siyasət prioritetlərində ağırlıq qazanır. Ona görə ki, BƏƏ bununla həm də daha geniş regional mövqelənməyi hədəfləyir.
Birgə Bəyannaməni necə oxumaq olar?
Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın səfəri zamanı Azərbaycanla BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. İlham Əliyev deyib: “İmzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir”.
BƏƏ lideri isə bildirib: “Bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir”.
Göründüyü kimi, sənəd Azərbaycan və BƏƏ-nin qarşılıqlı olaraq geosiyasi genişlənməsi üçün fəallıq dərəcəsini gücləndirir.
Yəni, Azərbaycan-Ermənistan münasibətlərindəki müsbət tendensiyalar, onun regional və qlobal əhəmiyyətinin fonunda BƏƏ-nin Cənubi Qafqazdakı vizyonu yenilənir. Bununla paralel olaraq, Azərbaycanın Körfəz regionunda geosiyasi konsepsiyasının formalaşmasını stimullaşdırır.
Regional və qlobal reallıqlara vahid pəncərədən baxış
Strateji əlaqələr Azərbaycanla BƏƏ-nin regional və qlobal reallıqlara uyğunlaşmaya vahid pəncərədən baxmağı şərtləndirir. Uzlaşdırma mexanizmlərinin əsas ayağı, şübhəsiz ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar irəli sürdüyü strateji vizyon və təşəbbüslərlə əlaqəli şəkildə görünəcək. Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın bu il iyulun 10-da BƏƏ-də, avqustun 8-də isə ABŞ Prezidenti Donald Tramp vasitəsilə Vaşinqtonda görüşdü. Bu, Bakı ilə İrəvan arasındakı Zəngəzur dəhlizi ilə əlaqədar əldə edilmiş Vaşinqton razılaşmasına BƏƏ vasitəsilə keçidi göstərə bilər. Bu baxımdan BƏƏ Prezidentinin Bakı-İrəvan sülh proqramı ilə bağlı verdiyi bəyanat təsadüf deyil. BƏƏ lideri bəyanatında iki xətti irəli sürüb:
- BƏƏ Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyir,
- BƏƏ regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazırdır.
Bu, son bir neçə ayda BƏƏ-nin Cənubi Qafqazla əlaqədar xarici siyasət oriyentasiyasını daha çoxtərəfli yanaşmaya doğru dəyişəcəyini göstərir. BƏƏ-nin Zəngəzur dəhlizi ilə əlaqədar yanaşmalarının Vaşinqton razılaşmasına tam uyğunlaşdıraraq, koridordakı iqtisadi-ticari investisiya portfelinə sərmayələr yatırması bu sahədə diqqətçəkən addımlardan ola bilər.
İlham Əliyev isə güclü imicindən, Azərbaycanın strateji təşəbbüslərindən yararlanaraq ölkəmizə Körfəz regionunda əhəmiyyətli oyunçu statusu qazandıran strategiya həyata keçirəcək. Bu, Azərbaycanın Körfəz bölgəsində mühüm strateji ərazidə yerləşən və dünya bazarlarında önəmli söz sahiblərindən olan BƏƏ vasitəsilə regional gücünü artıran dinamikalara təkan verəcək.
Aqşin Kərimov
