cümə axşamı, 29 sentyabr, 18:14

Baku Bakı 23°C

Azərbaycan enerji ölkəsi statusunu hələ uzun müddət qoruyub saxlayacaq

icon 247 icon 21 sentyabr 2022 | 15:30 Azərbaycan enerji ölkəsi statusunu hələ uzun müddət qoruyub saxlayacaq

Azərbaycan enerji ölkəsi statusunu hələ uzun müddət qoruyub saxlayacaq.

Bu barədə deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 28 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.

“Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gəlib konsorsium yaradaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldildi və 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanıldı. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edildi ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil olundu. Yeni əsrdən isə Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırdı. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək Sazişin imzalanması istiqamətində davam etdirildi.

“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmək imkanları möhkəmləndi”, - deyə deputat vurğulayıb.

Diqqətə çatdırılıb ki, “Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq imicini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə belə, sözügedən sərmayələr ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Atəşkəs sazişi və “Əsrin müqaviləsi” nəticəsində ölkə iqtisadiyyatının ən uzunmüddətli tənəzzül prosesi dayandırıldı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti 2005-ci ildə BTC ilə dünya bazarlarına çıxacaq və neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi, büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı.

V.Bayramov deyib: “Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır. “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə Sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur. “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı, “Yeni əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” ilə “Yeni əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda, bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü təbii ki, tamamilə fərqli idi.

“Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya, həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır. Bu isə o deməkdir ki, Azərbaycan enerji ölkəsi statusunu hələ uzun müddət qoruyub saxlayacaq”.