• çərşənbə, 28 Fevral, 03:25
  • Baku Bakı -3°C

Azərbaycan Avropaya açılan qapı rolunda

25.11.23 06:45 2340
Azərbaycan Avropaya açılan qapı rolunda

Bu gün Azərbaycan və Mərkəzi Asiya dünya arenasında vahid tarixi-mədəni coğrafi region kimi çıxış edir. SPECA-nın Bakıdakı Zirvə görüşü də bu istiqamətdə növbəti uğurlu addım kimi qiymətləndirilə bilər. 

Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib.

“Bizim ölkələrimizdə sülh, sabitlik hökm sürür”

Dövlət başçısı bildirib ki, bu il SPECA-nın 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.

“Onların taleyi xarici sponsorların əlindədir”

Dövlət başçısı deyib ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir: “SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq”.

Əməkdaşlıq üçün yeni imkanlar

Zirvə görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, SPECA-ya üzv dövlətlər arasında investisiya əməkdaşlığını stimullaşdırmaq üçün alətlərin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır.

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvinin sözlərinə görə isə, Körfəz ölkələri Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan bildirib ki, Azərbaycanın sədrliyi ilə SPECA-nın fəaliyyəti yeni impuls qazanmağa başlayıb.

Macarıstanın Baş naziri Viktor Orbanın sözlərinə görə, ölkəsi Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə qardaşlıq əlaqələri qurur.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxışı zamanı deyib ki, Azərbaycan Gürcüstanın çox mühüm iqtisadi tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 16% artıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri SPECA ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Vahid tarixi-mədəni coğrafi region

Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq xarici siyasətimizin əsas prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin xüsusi təşəbbüsü və fəallığı ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan və Mərkəzi Asiya dünya arenasında vahid tarixi-mədəni coğrafi region kimi çıxış edir. İstər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıq formatlarında Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birilərinin müstəqilliklərini, ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Statistikaya nəzər salsaq görərik ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi üç dəfədən çox, bu ilin yeddi ayı ərzində isə daha 50 faiz artıb.

Azərbaycanın müstəsna rolu

Mərkəzi Asiya dövlətlərinin Azərbaycana artan marağını şərtləndirən digər bir amil ölkəmizin geosiyasi və coğrafi mövqeyi, sahib olduğu logistika imkanlarıdır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub qovşaqlarının kəsişməsində yerləşməsi, həmçinin indiki gərgin beynəlxalq münasibətlər fonunda hamının böyük maraq göstərdiyi Orta Dəhlizin əsas açar dövlətlərindən biri olması ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Çindən Avropaya daşınan yüklərin orta hesabla 20-25 günə çatdırılmasını təmin edən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında da Azərbaycanın müstəsna rolu var. Sahib olduğumuz imkanlar Mərkəzi Asiya ölkələrinin də istifadəsi üçün təqdim edilir. Onlara bu imkanlardan yararlanmaq, dünya bazarlarına çıxış üçün əlavə geniş şərait yaradılır. Bu imkanlar hesabına SPECA proqramına daxil olan dövlətlərlə qarşılıqlı ticarət dövriyyəsi də müntəzəm olaraq artır. Statistik məlumatlara əsasən, Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. 

Bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, həyata keçirtdiyi layihələrlə, təşəbbüslərlə beynəlxalq proseslərə istiqamət verən, öz sözünü deyən ölkəyə çevrilib. 

Azad Əliyev 

 

banner

Oxşar Xəbərlər