çərşənbə, 25 May, 20:13

Baku Bakı 19°C

Azad edilmiş torpaqlara həyat qayıdır

icon 550 icon 14 may 2022 | 02:30 Azad edilmiş torpaqlara həyat qayıdır

Prezident İlham Əliyev: “Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”.

Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan öz ərazi bütövlüyünün müdafiəsi, torpaqlarının işğaldan azad olunması üçün həm savaşda, həm də diplomatik cəbhədə daim mübarizə aparıb. İstər danışıqlar masasında, istərsə də döyüş meydanında prinsipiallıq nümayiş etdirilib, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyib. Bu şəkildə 30 ilə yaxın davam edən işğal faktına 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixini əhatə edən 44 günlük Vətən Müharibəsində son qoyulub.

Şanlı Ordu, Müzəffər Komandan

Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 300-dən artıq yaşayış məntəqəsini döyüşərək, şəhid və qazilərimizin qanı, canı bahasına işğaldan azad edib. Savaş meydanında ağır məğlubiyyətə uğrayan, ordusu darmadağın edilən Ermənistan təslimçi sülhə imza atmaq, digər rayon, şəhər, qəsəbə və kəndləri döyüşsüz boşaltmaq məcburiyyətində qalıb. Həmin tarixdən indiyə qədər ötən iki ilə yaxın vaxt ərzində Azərbaycan işğaldan azad olunan ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, ardınca sürətli quruculuq və bərpa tədbirlərinə start verib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa dəfələrlə etdikləri səfərlər çərçivəsində yeni infrastruktur obyektlərinin, yaşayış binalarının təməli qoyulub, açılışlar edilib.

Ekoloji tarazlığın qorunması işinə mühüm töhfə

Cari ilin 10-12 may tarixində ölkə rəhbəri və birinci xanımın Füzuli rayonunda, Şuşa şəhərində səfərdə olması da bu baxımdan diqqət çəkib. Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Lisey ildə 800-ə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq. 180 çarpayılıq xəstəxana isə Füzulidə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində mühüm infrastruktur layihələrindən biridir. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılacaq. Füzulidə yeni yaradılacaq park kompleksi isə şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək. Sözügedən parkda prezident və birinci xanım ağac əkiblər.

Cıdır düzündə “Xarıbülbül” Festivalı

Ardınca Şuşaya gələn ölkə rəhbərliyi şəhərdəki inzibati binada, ətraf ərazidə, həmçinin Şirin su hamamında, məşhur tarzən Sadıqcanın vaxtilə yaşadığı evdə, Mehmandarovların malikanə kompleksində, Şuşa Realnı Məktəbində həyata keçirilən abadlıq və bərpa işləri ilə tanış olub. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Prezidentin köməkçisi Anar Ələkbərov, Təhsil naziri Emin Əmrullayev görülən işlər barədə dövlət başçısına ətraflı məlumat veriblər. Bundan başqa, ölkə rəhbəri Şuşada yeni inşa olunacaq məscid kompleksinin layihəsi, “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi ilə də tanış olub, Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Mayın 12-də isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında iştirak ediblər.

Hər gün daş üstə bir daş qoyulur

Şuşadan ictimaiyyətə müraciət edən Prezident İlham Əliyev bildirib ki, bundan sonrakı fəaliyyəti dövründə də Azərbaycan xalqının, dövlətinin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək. O qeyd edib ki, azad edilmiş bütün torpaqlar bərpa ediləcək: “Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. …Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Böyük Qayıdışa addım-addım yaxınlaşırıq

Prezident və Birinci xanımın Qarabağa növbəti səfərinin əhəmiyyətini “Kaspi” qəzetinə şərh edən millət vəkili Hikmət Babaoğlu deyib ki, onların işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri böyük maraqla qarşılanır. Deputatın qənaətincə, Qarabağa edilən hər səfər bizi illərlə həsrətində olduğumuz, xəyallarımızda yaşatdığımız Böyük Qayıdışa addım-addım yaxınlaşdırır: “Füzuli Peşə Liseyinin təməlinin qoyulması azad olunmuş ərazilərimizdə məskunlaşmanın və məşğulluğun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Füzuli şəhərində yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisinin seçilməsi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın orada ağac əkmələri təkcə yeni parkın təməlinin qoyulması deyil, həm də illərlə erməni vandallarının ekologiyamıza vurduqları ziyanın dünyaya nümayişi və Azərbaycanın bu barbarlığa humanistcəsinə cavab verməsinin təzahürüdür. Səfər çərçivəsində dövlətimizin başçısının Şuşada tarixi abidələrimizin bərpası, Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə görülən işlər, mədəniyyət paytaxtımızın tarixi simasının özünə qaytarılması ilə bağlı məlumatlandırılması da mühüm əhəmiyyət kəsb edir”.

Rufik İSMAYILOV