"Yuğ"un 30 illik yubileyinə Nəsimi və III Riçard da gələcək
Artıq
teatr mövsümünün sonuna yaxınlaşmağımıza baxmayaraq, YUĞ Dövlət Teatrında
yaradıcılıq prosesi davam edir. Bu il 30
yaşını qeyd etməyə hazırlaşan teatr mövsümün sonuna yaxın yeni yaradıcılıq uğurları
ilə tamaşaçılarını sevindirməyə davam edir. Belə ki,
teatr, bu günlərdə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən
"Novruz” türkdilli xalqların teatr festivalından qayıdıb.
Ədəbi
hissə müdiri Elçin Cəfərovun verdiyi məlumata görə, teatr beynəlxalq festivalda
Azərbaycanı R.Akutaqavanın "Cəngəllikdə” əsəri əsasında hazırlanmış "Müəmmalı
bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib.
Tamaşanın
quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə,
quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşanın musiqisi Əməkdar artist Vüqar
Camalzadənindir.
Səhnə əsərində
Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev,
Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edirlər.1-8 iyun tarixlərində
Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən
XIV Novruz festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları
daxil olub.
Azərbaycan
teatrının tamaşası həm mütəxəsəssislər, həm də tamaşaçılar tərəfindən müsbət
qarşılanıb. YUĞ Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya
Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.
Hazırda
teatr üç yeni tamaşanın premyerasına hazırlaşır. Bunlardan biri "Mən ağacam”,
digəri "Vəsvəsə”, sonuncusu isə "Lənət” tamaşalarıdır. Belə ki, 21 və 23 iyun tarixlərində saat
19.00-da YUĞ Dövlət Teatrında "Mən ağacam” tamaşasının premyerası keçiriləcək.
Nobel
mükafatçısı Orxan Pamukun "Mənim adım qırmızı” romanının motivləri əsasında
hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əbdülqəni
Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.
Tamaşada
YUĞ Dövlət Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa
Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış
edirlər.
Orxan
Pamuk çağdaş dövrdə dünyada əsərləri ən çox nəşr olunan və oxunan 10 yazıçıdan
biridir. Avropalılar onu "Avropaya roman yazmağı öyrədən yazıçı”, "Türkiyənin
Umberto Ekosu” adlandırırlar. Yazıçının şah əsərlərindən olan "Mənim adım
Qırmızı” romanı Avropada son qırx ilin ən yaxşı romanı hesab olunur. Müəllifin
"ən rəngli və qorxulu romanım” adlandırdığı "Mənim adım Qırmızı” əsəri Osmanlı
dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayətdir.
Romanda
Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə – 1591-ci ilin doqquz
qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda
bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində
toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu ondadır
ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar
belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.
Rejissor
Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli
baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun "Mənim adım qırmızı”
romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış
edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş,
siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, 1 saat 10 dəqiqə ərzində
romandakı gizli mənaları açmağa çalışırlar. Mövsümün sonuncu premyerası isə 22
iyun tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında ünlü Norveç yazarı Henrik
İbsenin "Vahimə” əsəri əsasında hazırlanmış "Vəsvəsə” adlı tamaşası olacaq.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid
Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə
Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır. Tamaşada Əməkdar artist
Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü
Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev
(Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina)
çıxış edirlər.
Skandinaviyalı
dramaturqunun əsəri əsasında hazırlanan tamaşanın süjet xətti belədir. Ərinin
xatirəsini əbədiləşdirmək üçün tikilən yetimlər evinin açılış mərasiminə, bu
işdə ona yardımçı olan keşiş şəhərdən dəvət olunur. Açılış mərasiminin müzakirəsi
zamanı qadın keşişə etiraf edir ki, onun əri ömrünü əyyaşlıq və pozğunluqla
yaşayıb. Evlərindəki qulluqçu ilə münasibətdən bir qız dünyaya gətirib. Xanımın
uşaqlıqdan uzaqda yaşayan oğlu isə bilmədən bacısı ilə evlənmək niyyətindədir.
Mərhumə qulluqçu ilə pul müqabilində nigahda olan dülgər isə, qızı buradan
uzaqlaşdırıb, açmaq istədiyi əxlaqsızlıq yuvasında işlətmək niyyətindədir.
Sığortalanmamış yetimlər evinin gözlənilmədən yanmasının səbəbkarının keşiş
olduğunu iddia edən dülgər, sirrin açılmaması müqabilində keşişi gələcək
planlarının həyata keçirilməsinə dəsək olmağa məcbur edir. Qadının xəstə oğluna
baxmaqdan imtina edən qız, xoş güzaran arzusu ilə dülgərin təklifinə razı olub,
keşiş və dülgərə qoşularaq şəhərə yollanır. Hamı öz gələcək planlarının dalınca
gedir. Hər şeyini itirmiş xanım vahimə, qorxu və ümidsizlik içində qalsa da,
çirkaba bulaşmış saxta dəyərlərdən imtina edərək mənəvi azadlığına qovuşur.
"Mənəviyyatını
itirən hər şeyini itirir!” – maksimasından çıxış edən rejissorun fikrincə,
"Azadlığını itirən mənəvi əzabdan başqa heç nə qazanmır”. Tamaşanın növbəti
nümayişi iyun ayının 26-da baş tutacaq.
Həmçinin
teatrda bu günlərdə YUĞ Teatrında yeni beynəlxalq layihə də həyata
keçirilir. Teatrının mətbuat xidmətindən
verilən məlumata görə, artıq bolqar rejissor Xristo Stoyçev YUĞ Teatrında
U.Şekspirin "III Riçard” əsəri üzərində məşqlərin ilkin mərhələsinə başlayıb.
H.Stoyçev U.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim edir. Pyesi Azərbaycan
dilinə YUĞ Teatrın aktyoru, Əməkdar artist Vidadi Həsənov çevirib. Tamaşada cəmi
4 obraz iştirak edəcək. "Lənət” adı ilə təqdim olunan səhnə əsərində YUĞ
Teatrının aktyorları Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), Qasım
Nağı (Bekingem), aktyorlar Oqtay Mehtiyev, Vüqar Hacyev (Riçard),
Elgün Həmidov (Bekingem), Natəvan Qeybani (Marqarita), Zümrüd Qasımova və Təranə
Ocaqverdiyeva (Kraliça Yelizaveta) çıxış edirlər. Tamaşanın quruluşçu rəssamı da Bolqarıstandan dəvət oluub.
"III Riçard” tamaşasına səhnə tərtibatının bolqar rəssam Olqa Boseva tərəfindən
veriləcək. Tamaşanın məşqlərinin iyul ayının 15-ə qədər yekunlaşması gözlənilir.
Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənovun sözlərinə görə,
növbəti mövsümün məhz "Lənət” tamaşası ilə açılması planlaşdırılır.
Qeyd edək
ki, Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan
mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Rejissorun 2000-ci ildə Lənkrəran
Dövlət Dram Teatrında hazırladığı "Mizantrop” tamaşası mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilib.
Teatr həmçinin
növbəti mövsümdə 30 illik yubileyinə hazırlaşır. Mədəniyyət Nazirliyinin dəstəyi
ilə ilin sonlarında YUĞ Teatrının 30, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70
illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Növbəti
mövsümdə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin
quruluşunda İlqar Fəhminin əsəri əsasında İmadəddin Nəsiminin 650 illiyinə həsr
olunmuş tamaşa-kompozisiyanın və Mikayılov Mikayılovun quruluşunda İvan
Vırıpaevin pyesi əsasında "İllüziyalar” adlı yeni səhnə əsərinin hazırlanması
planlaşdırılır. Kollektiv növbəti mövsümdə də xarici səfərlərini davam etdirəcək.
Teatr artıq bir neçə beynəlxalq festivaldan dəvət alıb.
Altay Cəfərsoy