• bazar ertəsi, 02 dekabr, 00:31
  • Baku Bakı 8°C

Hədəf uğurun yarısıdır!

24.07.20 09:00 12143
Hədəf uğurun yarısıdır!
Hədəf uğurun yarısıdır, deyirlər. Misal üçün,bir idmançı nail olmaq istədiyi hədəfi dəqiq görməsə, istədiyinə nail ola bilməz. Bir çox dünya çempionlarının müsahibələrində açıq etiraf edirlər ki, hər zaman Dünya birincisi olub, Azərbaycan bayrağını ucalara qaldırmağı hədəfləyiblər. Bu, hər işdə belədir. Eyni yanaşma teatrlarımıza da aiddir. Son bir neçə ildə, nəhayət ki, teatrlarımızda gənc rejissorların da, az çox, fəaliyyətlərini görürük. Axır ki, yaşlı nəslin rejissorları gənclərə, istəməsələr də, meydan verməyə məcbur olurlar. Gənclər isə daha enerjili, fərqli ruha sahibdirlər. Onların bu istəklərini səhnədə nə qədər reallaşdıra bilmələri başqa bir müzakirənin mövzusudur. Bu dəfə Azərbaycan teatrının tumurcuqları olan gənc rejissorlarımız arasında sorğu keçirdik onlardan hədəflərini xəbər aldıq. Görəsən, gənc rejissorlarımız Azərbaycan teatrında nələri hədəfləyiblər. Bizi 10-15 ildən sonra nələr gözləyir? Aldığımız cavablar isə fərqli oldu.
"Hədəfim cəmiyyətə xidmət etməkdir”
Gənc rejissor Mir QabilƏkbərovla söhbət etdikdə bildirdi ki, o teatra heç də təsadüfi gəlməyib: "Demək olar ki, gözümü açıb teatrı görmüşəm. Mənim ətrafımda ancaq teatr adamları, aktyorlar, rejissorlar, teatr rəssamları olub. Yəni, mən bu mühitdə böyümüşəm. Elə uşaq vaxtından fikirləşirdim ki, görəsən, bu sənət nə üçündür, bu sənətə gələn adamların məqsədləri nədən ibarət olur? Bir müddətdən sonra mən özüm də bu sənətlə məşğul olmağa başladım və istər-istəməz, daxilimdə olan acıları, ağrıları, bir növ, buraya köçürdüm. Sonradan belə bir qənaətə gəldim ki, doğrudan da, öz daxilində acısı, ağrısı olmayan bir insan bu sənətdə davam gətirə bilməz. Bu o demək deyil ki, mən ona görə bu sənətdəyəm ki, öz acılarımı, az da olsa, yumşaldım. Əksinə, bu acılar daha da artır. Bu o deməkdir ki, mənim yaşadığım ağrıları, acıları insanlar yaşamasın deyə çalışıram. Çünki teatr cəmiyyətin güzgüsüdür. Teatrda biz çalışıb cəmiyyətin yaxşı və pis cəhətlərini göstərməliyik ki, bizim cəmiyyətimiz, insanlığımız düzgün formada inkişaf etsin. Mənim hədəflərim tanınmış rejissor olmaq və ya xaricə çıxmaq deyil. Hədəfim insanlara, cəmiyyətə və ən önəmlisi, bəşəriyyətə xidmət etməkdir. Mənim fikrimcə əgər teatr rejissoru olaraq, bunu etsəm, onsuzda, tanınmış biri olacam. Məsələn, absurd cərəyan yarananda onu yaradanlar məşhur olmaq üçün yaratmadılar, insanlara xidmət etmək üçün, insanları düşdükləri pis vəziyyətdən çıxarmaq üçün yaratdılar. Başqa bir misal, Viktor Hüqo "Gülən adam" əsərini yazarkən pul qazanmağı, tanınmış olmağı nəzərdə tutmamışdı, insanlara xidmət edirdi, onlar üçün çalışıb-vuruşurdu. Mənim də hədəflərim, nə olur-olsun, insanlara, cəmiyyətə, bəşəriyyətə xidmət etməkdir. Çünki teatr insanlar üçündür. Soruşa bilərsiniz ki, nə vadar edir sizi buna? Çünki mən düşünürəm ki, teatr hər bir tamaşaçının özünü tapdığı yerdir. İstəyərəkvə ya istəməyərəkteatra nəsə öyrənmək üçün gəlirlər. Və təbii ki, biz o gücə qadir deyilik ki, dünyanı mehriban edək, bizim işimiz dünyanın yadına salmaqdır ki, mehriban ola bilərsiniz”.
"Hədəfim işimizdə ən yaxşı olub, zirvəyə çatmaqdır”
Fərqli dünyagörüşünə sahib olanrejissor Asiman Ağa Rövşən öz hədəflərindən danışarkən ölkəmizin özündən böyük dərdini, sevincini, zəngin mədəniyyətini dünyaya çatdıracaq, onun beynəlxalq nümayəndəliyini edə biləcək tanınmışlara daha çox ehtiyacının olduğunu deyir: "Tək özüm barədə deməyəcəyəm, ümumi gümanımı dilə gətirmək istəyirəm. Hazırda hələ də müzakirə mövzusu olan, İyulun 12-dən yaşadığımız Tovuz hadisələrinin təsiri altında olduğum üçün bu ərəfədə hər şeyi, həmçinin incəsənəti onun içərisində qiymətləndirirəm. Cavabım da bu əhvala uyğun olacaq. Belə ki, bu günlərdə başqa cür düşünə bilmirəm. Bizim dünya çapında tanınmış, nüfuzlu azərbaycanlımız yoxdur ki, instagramda 180 milyon izləyicisi olan, hiper məşhur Kim Kardaşyanla kəllə-kəlləyə gəlsin. Körpə uşaq belə o dayaz şou ulduzunun cavabını artıqlaması ilə verə bilər, bəyəm Kim kimdi ki?! Amma səsimiz çatmayacaq, Kardaşyanın yüzmilyonlarla ölçülən pərəstişkarlarının gurultusu arasında boğulacaq, necə ki, boğulur. Təkcə Kardaşyanın təbliğat arenası bütöv Azərbaycanın təbliğ imkanlarından daha genişdir. Odur ki, Azərbaycana xatir milli məfkurəsi olan hər bir azərbaycanlı sənətçiyə dünya miqyasında sevilən insan olmağı arzu edirəm. Hədəfim işimizdə ən yaxşı olub zirvəyə çatmaqdır. Bu amal uğrunda təkcə fərdlər yox, dövlət də səfərbər olmalıdır, şəffaflığı təmin etməli, korrupsiyaya, qohumbazlığa, peşəkar qiymətləndirmədən deyil, şəxsi simpatiyadan qaynaqlanan səbəblərlə kimlərinsə qabağa çəkməyinə son qoyulmalıdır, həqiqi, dürüst mexanizm qurulmalıdır. Bunları və sadalanmayan başqa problemləri həll etmək dövlətin əlindədir, buyursun, həll etsin. İnsan amili həlledicidir. Beynəlxalq aləmdə azərbaycanlıya olan sevgi Azərbaycana da yönələcək, istər-istəməz. Bu, strateji məsələdir. Neftlə hörmət qazanılmır, eləcə pul qazanılır, bir də siyasi rıçaq kimi istifadə olunur”.
"Əsas hədəfim yaşadıqlarımdan düzgün nəticə çıxarmaqdır”
Gənc xanım rejissor Ayla Bəhramqızı isə qeyd edir ki, əsas hədəfi yaşadığı dövrü gənclik prizmasından öyrənməkdən ibarətdir: "Əsas hədəfim yaşadıqlarımdan, təcrübələrimdən düzgün nəticə çıxarmaq və bu nəticəni hazırladığım istər müasir, istərsə də klassik mövzulu əsərlərdə düzgün təhlil edib tamaşa hazırlamaqdır. Niyə bu cür deyirəm, çünki teatr sənəti bu gün, bu an tamaşa zamanı yaransa da, əslində, biz aktyorlarla bərabər bir neçə ay hər hansı bir pyesin hazırlanmasına vaxt sərf etmirik. Biz, əslində, bir bədii əsər əsasında hazırlanan tamaşa ilə gələcəkdə baş verə biləcək hər hansı bir fəlakətin qarşısını almaq üçün həyəcan təbili vururuq. Teatr mənim üçün məhz buna görə maraqlı bir sənət növüdür”.
"Hədəflərimiz, ilk növbədə, əxlaqi qaydalar, sonra sənət olmaldır”
İstedadlı rejissor Emil Bakuvi bildirir ki, Azərbaycan teatrı ilə bağlı hədəflər, arzu və istəklər kifayət qədərdir: "Hər insan bir peşə sahibi olmazdan öncə bir fərddir. Yəni işinin peşəkarı olmazdan öncə vicdanlı, əxlaqlı olması əsas şərtlərdəndir. Və ən əsası, belə formalaşmış insanlarla bir araya yığılmaqdır. Bu sadalananlar olduqdan sonra hədəfimizə daha əmin addımlarla çata bilərik. Məndən ötrü hər şey çox yaxşıdır. Amma mən tək deyiləm. Ətrafımda o qədər istedadlı, əxlaqlı insanlar var ki, onlarla bir bütün olduqdan sonra hansısa hədəf haqqında danışa bilərəm. Mən bu yolda hədəfə çatmaq üçün tək mübarizə apara və ya ancaq mənim hədəflərim reallaşsın deyə çalışa bilmərəm. Bizim hədəflərimiz, ilk növbədə, əxlaqi qaydalar, sonra sənət və sənətkarlıq olmaldır. Buradan özümü daha intellektual göstərmək üçün sizə daha elmi-nəzəri, konseptual cümlələr qura bilərdim, ancaq hədəfimiz o deyil. Hədəf düzgün mühitin içində çalışmaq və bu istiqamətdə əlimizdən gələni etməkdir. Biz bunun üçün bacardığımız qədər çalışırıq. O ki, qaldı bizim gələcək hədəfimizə, bu, Qarabağ olmalıdır. Bütün yaradıcı, mənəvi, ruhsal, fiziki gücümüzlə ancaq o hədəfə çatmaqdır arzumuz”.
Bu günün gəncləri müəllimlərini izləyir, bir çoxları onların yolu ilə getməyə çalışır. Yeni ideya, yeni nəfəs, yeni düşüncə sahibi kimi tanıdığımız o gənclər yeni cığır açmaqdan çəkinir. Bəziləri isə öz yollarını seçir və ancaq onlara bu istiqamətdə arxa-dayaq duran insanlar az olur. Ancaq onlar da anlamır ki, bu gənclər səhvlərindən dərs çıxararaq nəticə əldə bilərlər, başqa cür olmur, alınmır. Bu sorğuda fikirlərini öyrənmə çalışdığım gənc rejissorlar gələcəkdə Azərbaycan tamaşalarının qurucularından olacaqlar. Onların bu istiqamətdə hədəfləri hər şeydən daha önəmlidir. Hədəfin olması isə gözəl və sevindiciri haldır, yetər ki, onların qol-qanadlarını kəsməsinlər, yollarında bir daş da özləri olmasınlar. Bu hər nə qədər çətin də olsa, sözüm sizədir, gənc rejissorlarımız,hədəflərinizdən bir an belə əl götürməyin. Çünki Azərbaycan teatrının gələcəyi məhz sizdən asılıdır. Bu kif atmış, paslanmış bütləri ancaq siz sındıra bilərsiniz. Sizcə artıq vaxt deyilmi?
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər