• bazar ertəsi, 02 dekabr, 00:29
  • Baku Bakı 8°C

İntiqam Soltan: "Kabinet teatr direktoru üçün deyil"

10.07.20 10:45 7438
İntiqam Soltan: "Kabinet teatr direktoru üçün deyil"
Onlayn tamaşalar... şeir demə mərhələsi... zoom proqramı ilə məşq prosesi... karantin günlərində teatrlarımızdan ən çox eşitdiyimiz sözlər oldu. Məhz bu dönəmdə teatrlarımızdan - insanları evdə qaldığı müddətdə darıxmamağa səsləməli olan canlı sənət növündən gözləntilərimiz böyük idi. Bu dəfə cansızlığı, pafosu, bayağılığı ilə diqqəti özünə çəkməyi bacardı desək, yəqin ki, yanılmarıq. Mövzu ilə bağlı Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltanlı söhbət etdik.
- Bu gün mətbuatda teatrların onlayn tamaşaları ilə bağlı tənqidi fikirlər çox səslənir. Bu sizi narahat etmirmi?
- Mözu ilə əlaqədar nə qədər özümüzə bəraət qazandırsaq da, mətbuat onsuz da haqlı olaraq, bizi tənqid edəcək və edir də. Olmazmı özümüz öz işimizə bir az tənqidi yanaşaq? Həm də belə olduqda mətbuatı qabaqlamış, eyni zamanda mətbutda dərc olunan, narazı qaldığımız məlumatların sayını azaltmış olarıq! Teatrın "canlı sənət növü" olması haqqında mühazirələri çox eşitmisiniz... O haqda bir kəlmə də danışmayacam.
- Yəni, teatr karantin günlərinə hazırlıqsız yaxalanıb.
- Lap elə günü bu gün deyək ki, teatr onlayn fəaliyyətə keçir... Necə ki, bu hadisə baş verdi... Axı, teatr heç vaxt buna hazır olmayıb.Əvvəla, teatrlarda videomontaj və internetlə peşəkar şəkildə məşğul olan mütəxəssislər nəzərdə tutulmayıb... Yəni, bu ştatlar teatrlarda yoxdur. İkincisi də, hansı aktyor öz evində çəkiliş üçün texniki avadanlıq quraşdırıb gözləyirdi ki, "pandemiya gəlsin və mən onlayn fəaliyyətdə öz yaradıcılığımı davam etdirim"."Müdir deyib, mütləq etməliyəm?!" prinsipi nə vaxtacan öz qüvvəsini saxlamalıdır, axı...
- Bu gün teatr direktorları nəinki yaradıcı insanların işi ilə maraqlanır, çoxu heç səhnə üzü görmürlər.
- Teatr yaradıcı təşkilatdır. Direktorun diktəsi ilə yaradıcılıq fəaliyyəti baltanın suda üzməsi qədər tərs mütənasibdir... Teatr direktoru kabinetdə otura bilməz. Ola bilər kabinet direktorlar üçündür, ancaq teatr direktoru üçün deyil. Əgər teatr direktoru bütün günü kabinetdə otursa, təbii ki, səhnənin də qibləsini unudacaq. Eyni zamanda atyorların da məbəd dediyi teatrın qibləgahını yaddan çıxaracaq. Teatr rəhbəri teatr adamlarının içində dörd divardan ibarət kiçik bir xanədanda oturmamalıdır.
- Yaxşı, bəs, onda teatrların mövcud durumda öz fəaliyyətlərini yüksək səviyyədə davam etdirmələrini iddia edənlərə nədir sözünüz?
- Mövcud durumda, yəni, pandemiya dövründə biz, yəni, teatrlar nə qədər məhsuldar işlədiyimizi iddia etsək də, "karantin" və "teatr" bir-birinə barışmaz müxalifətdə duran məsələlərdir.Axı, bu şəraitdə teatrlardan yaradıcılıq planı tələb edənlərdən fərqli olaraq, biz səhnəni daha yaxşı tanımalıyıq. Onun füsunkarlığını daha yaxşı bilməliyik. Səhnədən zalda oturan tamaşaçıya birbaşa nüfuz etməyin necə mümkünlüyünü və nə demək olduğunu bizlər gözümüzlə görürük. Biz kabinet adamı deyilik, səhnə adamıyıq. Və səhnə ilə bağlı həqiqətləri demək qəbahət deyil. Demirəm, əlimizi əlimizin üstünə qoyub oturaq. Şükürlər olsun ki, heç oturmuruq da...
- Yaxşı, bəs, pandemiya dövründə Bakı Uşaq və Gənclər Teatrının fəaliyyətini necə qiymətləndirərsiniz?
- Bakı Uşaq və Gənclər Teatrının bu ərəfədə, yəni, pandemiya dövründə gördüyü işlərin faktlarını sadalasam, inandırıcı olmaya bilər. Amma qısaca deyim; mövcud durumda məcburi şəkildə evdən işləməyə məcbur olan teatr, nə az nə çox, 100-ə qədər müxtəlif videomaterial (kiçik nağıllar, kompozisiyalar, viktorina tipli videolar, hətta müxtəlif ölkələrin aktyorları ilə birgə və s.) hazırlayaraq, teatrın "Youtube" kanalına yerləşdirib. Bundan əlavə də, hər iki-üç gündən bir teatrın tamaşalarını "Youtube"a planlaşdırdığımız ardıcıllıqla yerləşdirmişik. Və bu tamaşaların da hər üçüncüsü gənclərə yönəlmiş, əsasən, sağlam həyat tərzi, zərərli vərdişlərlə mübarizə və sair tamaşalar olub. Bu sadaladıqlarımı bilirsiniz, çünki mətbuatda dəfələrlə gedib.
- Gəlin, səmimi olaq.
- Səmimi olsaq, bütün bunlar teatr adlanan qurum üçün daha çox qonşudan qalma dala prinsipinə bənzər işlərdən başqa bir şey ola bilməz... Müqayisədə daha aydın görünər. Düşünün ki, futbol komandası onlayn rejimdə məşq edir...
-Onlayn tamaşalarda izləyicilərin sayının azlığından belə qənaətə gəlmək olarmı ki, bizim tamaşaçılara teatr lazım deyil?
- Mən bu fikirlə razı deyiləm. Teatr onlayn çalışmaq üçün deyil, canlı sənətdir. Əgər internet, onlayn canlı qüvvələrə, canlı güclərə üstün gəlirsə, bu artıq, ümumiyyətlə, canlıların zəifliyidir. Sadəcə olaraq, Azərbaycanda teatr onlayn çıxışlara hazır deyil. Teatrlarımız onlayn rejimə hazır deyil. Bu onlayn məsələsi ayrıca məktəbdir. Bir gün ərzində onlayn rejimə keçmək mümkünsüzdür. Buna hazırlaşmaq, tədrisini almaq lazımdır. İndiyə qədər teatrı onlayn şəkildə nümayiş etdirmək heç planda da olmayıb. Bunu teatrların zəifliyi kimi qəbul etmirəm. Bu, sadəcə, o demək idi ki, teatrlarımız belə sistemə, sabahkı onlayn aləmə hazır deyil. Nəinki Azərbaycanda, dünyanın heç bir yerində teatrlar onlayn dünya ilə müharibəyə hazır deyildilər. Virtual aləmin öz peşəkarları var, biz onlara bata bilmərik. Teatrın onlayn versiyası üçün ayrıca bir qol açılmalıdır, orada peşəkarlar işləməlidir.
- Bəs, bu gün onlayn şəkildə tamaşaçı qarşısına necə çıxırsınız?
- Aktyorların çoxunun hələ krediti bağlanmamış telefonu ilə əli əsə-əsə "ala başına-kül başına" "formatında" nələrisə çəkib, Azərbaycanda hər kəsə məlum, dörd təkərinin biri olmayan at arabası sürətilə çalışan mb-la göndəririk müəyyən olunmuş işçinin vhatshapına. Videonun olan keyfiyyəti də yolda itir, o da qeyri-peşəkarcasına həmin materialı "montaj edir"... Əslində, paslı mişarla işləyən cərrah kimi didik-didik edir. Və biz təsəvvürünüzdə rahat canlandıra biləcəyiniz keyfiyyətdə olan materialla bizi öz təxəyyülündə ideallaşdıran tamaşaçı qarşısına çıxırıq.
- Sizcə, o çəkilən videolar "Quş qoymaq" üçündür, yoxsa daha çox like topamaq üçün?
-Videokonfranslarda yuxarıların qarşısında necə yazıldığını belə bilmədiyimiz "like"lərlə öyünmək məqsədilə tamaşaçı "like"ləri yığa bilmədiyimizi görəndə isə məcbur "müxtəlif" yollarla "like"lər əldə edirik. Bu yerdə unuduruq ki, o müxtəlif yolları ən zəif tanıyan teatr adamlarıdır. Yəni, hamı bunu bizdən yaxşı bilir. Üzümüzə vurmasalar da... Amma axı, bizim işimiz kimlərdənsə daha çox tamaşaçının xoşuna gəlmək, bir çox hallarda yuxarıdan baxdığımız səhnədən zala tamaşaçıya nəsə verməkdir. Özünüz deyin, tamaşaçı evdə oturduğu müddətdə Hollivudun, Bollivudun, nə bilim daha hansı "...vud"un" 3 D"-dən "7 D"-yə, "HD"-dən "ultra HD"-yə qədər keyfiyyətli, peşəkar çəkilişlərini qoyub mənim plan vermək xətrinə "Kitayski", "donqili" telefonlarla "selfiyə" "çəkdiklərimə" baxarmı?!Heç olmasa, bizim teatrın bu sarıdan bəxti gətirib ki, əməkdaşlarımızın əksəriyyəti gənclərdir və müasir həyatın nəbzinin dəqiqədə neçə dəfə vurduğunu bilirlər. Belə ki, aktyorların çoxunun evində müxtəlif personaj geyimləri və milli geyimləri var (Birincisi, ona görə ki, teatrın hətta öz paltarlarını belə saxlamağa yeri yoxdur, ikincisi də, gənc aktyorlar əlavə qazanc üçün müxtəlif təşkilatlarla işdən sonra əməkdaşlıq etdikləri üçün şəxsi geyimlər tikdiriblər). Olmayanlara da tamaşaçılarımızın xətrinə "karantin qaydalarını pozub" paylamışıq. Aidiyyatı təşkilatlar əl-ayağa düşməsin. Çünki biz karantin qaydalarını pozanda hələ cərimələr tətbiq olunmamışdı. Üstəlik aktyorlarımızdan biri televiziyalardan birində montaj işində çalışır... Ona görə də işlərimizi az-çox qura bildik. Elə o hesaba dedim ki, 100-ə qədər müxtəlif videomateriallar hazırlayıb teatrın Yutub kanalına yerləşdirə bildik...
- Aktyorların formada qalması üçün, sizcə, bu kifayət idimi?
- Bu elədiklərimiz nə sənət əsəri sayıla bilər, nə də aktyorların yaradıcılıq imkanlarının inkişafında irəli addım ola bilər. Və mən düşünürəm ki, aktyorların bacarıqları, istedadları üzərində öz işimizi qurmaqla (direktor imicimizi qorumaq xətrinə) onlardan sui-istifadə etmək, sadəcə, misilsiz cinayətdir... Ona görə də nəsə düşünmək lazım idi ki, sabah pərdələrin arxasından boylanıb tamaşaçı ilə üzbəüz qalacaq aktyor "formada" qalsın...Düşündüm və qərarlaşdırdıq ki, teatrımızın bütün aktyorlarının iştirakı mütləq olmaq şərti ilə "monotamaşalar festivalı" planlaşdıraq.
- Hər il monotamaşalar festivalı təşkil edirsiniz. Ümumiyyətlə, məqsədi və məramı nə idi bu festivalın?
- Əgər monotamaşa hazırlayırıqsa, niyə festival etməyək – dedik. "Bizim teatr – Monotamaşalar” – adlandırılan festivalın karantin müddəti bitdikdən sonra keçirilməsi nəzərdə tutulur. "Evdə qal, teatrsız qalma” – festivalın devizidir. Festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirməsi üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır. Hazırda Bakı Uşaq və Gənclər Teatrında çalışan hər aktyor monotamaşalar festivalı üçün öz tamaşasını hazırlayır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş, müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq. Və hər bir aktyor bu gün öz monotamaşası üzərində çalışır. Karantin bitər-bitməz biz baza hissəsi hazır olacaq həmin monotamaşalara daxili baxış edib, teatrın daxili imkanları hesabına həmin tamaşaları texniki baxımdan ərsəyə gətirib festivalın tarixini müəyyənləşdirək.Bununla əlaqədar ölkə teatrlarına rəsmi müraciət etmişik. Bir neçə teatr artıq bizə qoşulmaq qərarı verib. Hətta planımız belədir ki, festival bütün ölkə ərazisində (teatr olan bölgələrdə) təyin olunmuş hər gün bir rayon və ya şəhər teatrında olmaqla keçirilsin.Tərəfimdən tərtib olunmuş bu layihədə bütün detallar, fors-major halları daxil olmaqla nəzərə alınıb.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər