Ervin Piskatorun siyasi teatrı
Birinci Cahan Savaşının sonlarında bəzi Alman şəhərlərində
özlərini dadaist adlandıran və açıq şəkildə ekspressionizmə qarşı çıxan sənətkarlar
qrupu yarandı. Ancaq dadaistlərin nümayişkaranə, ünvansız və adətən, qalmaqallı
etirazları tezliklə özünü tükətdi və bu qruplar dağıldı. Dadaizmin bəzi tərəfdarları
öz çıxışlarına sosial istiqamət və siyasi dəqiqlik qataraq, inqilabi incəsənət
xadimlərinə çevrildilər. Georq Qross, Con Hartfild, Viland Hersfelde kimi sənətkarlar
yaradıcılığa məhz dadaist qrupların tərkibində başlasalar da, Almaniyada
teatrın siyasiləşdirilməsi ideyası ilə ilk dəfə, əsasən, ekspressionist
rejissorlar çıxış etmişdir. Ancaq onların siyasi kredosu "siyasi teatrın”
formalaşması üçün möhkəm zəmin ola bilmədi. Siyasi teatrın ən parlaq nümayəndəsi
isə Ervin Piskatordur.
Ervin Piskator bəlkə də dünya teatr tarixinin ən
şanssız sənətkarlarındandır. Niyə? Ona görə ki, həm epik teatrın, həm siyasi
teatrın, həm də sənədli teatrın banisi olduğu halda, adı, demək olar ki, çox
adama bəlli deyil. Məsələn, epik teatrdan danışanda çoxları Bertolt Brextin, sənədli
teatrdan söz düşəndə "Teatr.doc”-un adını çəkdiyi halda, Ervin Piskatorun
tamaşalarında epik teatr elementlərdən və sənədli teatr estetikasından geniş
istifadə edildiyini çoxları heç yada da salmır. Hər halda, teatr ictimaiyyətimizin
arasında Ervin Piskatorun yaradıcılığına bələd olan adamların sayı o qədər də
çox deyil. Elə bu səbəbdən yazım daha çox informativ xarakter daşıyır.
Ervin Piskatorun (1893-1966) yaradıcılıq yolu
Kenisberqdə başlayır. 20-ci illər ərəfəsində E.Piskator burada "Tribunal” adlı
teatr açmışdı. Teatrın repertuarı və gənc sənətkarın rejissor proqramı hələ
anlaşılmaz, ziddiyyətli idi. Ancaq buna baxmayaraq, yerli hakimiyyət teatrın
tamaşaçıya arzuolunmaz təsir göstərdiyini nəzərə alaraq Tribunalı bağladı.
Piskator 1920-ci ildə Berlində Proletar Teatrını yaratdı. Bu teatrda o, parlaq
ifadə olunmuş təşviqat xarakterli tamaşalar hazırlamaq məqsədini qarşıya
qoymuşdu. Yaradıcılığının ilkin dönəmlərində Piskator estetik problemləri ikinci
plana keçirmiş, daha çox siyasi məqsədlərə qulluq edən teatr yaratmaq yolunu
tutmuşdu.
1920-ci ildə Berlin tamaşaçılarına təqdim olunan
"Rusiya günü” tamaşası tamaşadan çox siyasi-mədəni proqramı xatırladırdı. Səhnə
əsəri təşviqat xarakterli "Şikəstlər”,
"Darvazalar önündə” və "Rusiya günü” adlı üç pyes əsasında hazırlanmışdı.
Piskatorun truppası, əsasən, özfəaliyyət aktyorlarından
toplanmışdı. Teatrın daimi binası yox idi, adətən, fəhlə klublarında çıxış
edirdilər. Dekorasiyalar təmtəraqlı deyildi. Tamaşalarda dekorasiya qismində
çox vaxt plakatlardan, tələsik çəkilmiş karikatura və lozunqlardan istifadə edilirdi.
"Rusiya günü” tamaşasında hadisələr coğrafi xəritənin fonunda baş verirdi.
Tamaşa janr baxımından bir-birindən seçilən kiçik epizodlardan ibarət idi. Hələ
dadaistlər tərəfindən qəbul edilmiş kollaj prinsipi predmetsizlikdən
uzaqlaşmışdı. Tamaşada söhbət müxtəlif sosial təbəqələrin nümayəndələrinin
Rusiyada baş vermiş inqilaba münasibətindən gedirdi. Bununla da, irticaçıların
və proletariatın sinfi və siyasi mahiyyəti açılırdı.
Piskatorun Proletar teatrı bir ildən az müddət ərzində
mövcud oldu və Berlin polisayprezidentinin ərmi ilə bağlandı. Teatr ideyalarını
realizə etmək üçün imkanlar axtaran Piskator 1923-cü ildə Refişin rəhbərlik
etdiyi Mərkəzi teatrda çalışdı. Piskator burada klassik əsərləri müasir yozumda
tamaşaya hazırlayırdı.
Piskatorun Folksbyüne teatrındakı fəaliyyəti daha zəngin
olub. O adi kommersiya teatrına çevrilməkdə olan Folksbyüne teatrına sosial
mahiyyət qazandırmış, teatrın tamaşaları aktuallıq kəsb etməyə başlamışdı.
Piskatorun bu
teatrda hazırladığı 3 tamaşada – "Plakatlar” (1924, A.Pake), "Fırtınalı dərə”
(1927, A.Pake) və "Qotlandda fırtına” (E.Velk) – yeni rejissura prinsipləri xüsusilə
parlaq şəkildə özünü göstərib. Bu tamaşalarda Piskator dokumentalizm prinsipindən
geniş istifadə edib. Tamaşalarda uydurulmuş hadisələr real tarixi olaylarla
birləşir, səhnə hərəkəti kinofilm, kinoxronika, bəzənsə bu və ya digər epizod
üçün çəkilmiş xüsusi video ilə növbələnir. Folksbyünedə işlədiyi dövrdə
Piskatorun rejissurasının əsas mövzusu inqilabi çıxışlar olur.
Rejissor
tez-tez öz tamaşalarında Rusiya inqilabını bütün zamanların və bütün xalqların
inqilabının apafeozu kimi təqdim edir. Piskatorun bu teatrda hazırladığı
tamaşaların finalı həmişə inqilabın qələbəsinin tərənnümündən ibarət olurdu.
"Plakatlar” tamaşasının sonunda qırmızı ulduz yanır, "Qotlandda fırtına”
tamaşası isə Leninin kronştadt dənizçiləri ilə söhbət etdiyi kinokadr ilə bitirdi.
Piskatorun yaratdığı teatr
siyasi-sənədli teatr idi. Tamaşaların ədəbi əsasını, adətən, pyes yox, rejissor
senarisi, sənədlərin montajı təşkil edirdi. Piskatorun
istifadə etdiyi mətnlər oxu üçün yaramır, onlar ancaq səhnə meydançasında həyat
qazanır.
"Hər şeyə
rəğmən” tamaşası həqiqi nitqlərin, qəzet məqalələrinin, müraciətlərin,
vərəqələrin, fotoşəkillərin montajından yaranmışdı. Piskator tamaşanı Almaniya
Kommunist Partiyasının təklifi ilə hazırlamışdı. Qroses Şauşpilhaus səhnəsində
vahid fırlanan qurğu yerləşdirilmişdi. Səhnə konstruksiyası nişlərə və
dəhlizlərə bölünürdü.
İcmal 23
şəkildən ibarət idi. Birinci şəkildə 1914-cü ilin Berlini təsvir olunurdu. Daha
sonra Almaniyanın yaxın tarixinin hadisələri canlandırırılır, tamaşa Karl
Libknext və Roza Lüksemburqun öldürülməsi səhnəsi ilə bitirdi. Finalda isə
xüsusi kinoekranda alman proletarının bayraqdarı Libknextin fəhlələrə müraciət
etdiyi kinokadrlar nümayiş etdirilirdi. Libknextin öldürülməsindən sonra bu
kinokadrın verilməsi inqilabçının hətta ölümündən sonra da yaşaması ideyasını
qabardırdı.
Tamaşa boyu
seyrçilər səhnədə baş verənlərə aktiv reaksiya bildirirdilər. Səhnə və tamaşaçı
zalı vahid "toplantı məkanına” çevrilirdi. Con Hartfild məxsusi olaraq bu
tamaşa üçün üzərində lozunqlar yazılmış panno düzəltmişdi. Hartfildin
hadisələri tamamlayan, ayrı-ayrı epizodların mənasını aydınlaşdıran plakatları
tamaşanın ayrılmaz tərkib hissəsinə çevrilmişdi. Piskator hər şeydə sənədliliyə can atırdı. O,
real dövlət xadimlərinin rollarını oynamağı bu xadimlərin özlərinə təklif etmək
istəyirdi. Siyasi təşviqat vəzifəsi rejissoru yeni teatr formaları yaratmağa məcbur
edirdi.
"Proletarı
yalnız proletar oynaya bilər” prinsipindən çıxış edərək, rejissor ilk
quruluşlarında, əsasən, həvəskarlarla işləyirdi. 20-ci illərin sonlarında hazırladığı
tamaşalarda isə Piskator daha çox peşəkar teatrların aktyorları ilə işləməyə
başladı. Ancaq bu zaman da rejissor əvvəlki kimi ifaçıların qarşısına müəyyən
tipik cizgilər vasitəsilə siyasi maska yaratmaq tələbi qoyurdu.
20-ci illərin
sonlarından etibarən Piskator tamaşalarında epik teatr elementlərindən geniş
istifadə etməyə başlayır, amma onun estetikasının mahiyyəti dəyişməz qalır. Bu
estetika montaj prinsipinə əsaslanır ki, bu da onu konstruktivizm estetikasına
və dadaistlərin eksperimentlərində meydana gələn kollaj prinsipinə
yaxınlaşdırır. Onun tamaşalarında, adətən, montaj prinsipi kollaj üsulları ilə
birləşir. Ernst Tollerin "Qoplya, biz yaşayırıq!” (1927) tamaşasında səhnədə
meydança-hücrələrdən ibarət binanın fasadı qurulmuşdu. Tamaşanın epizodları
müxtəlif mərtəbələrdə oynanılırdı. Gah eyni zamanda iki və ya artıq hücrə, gah
da bir hücrə və səhnədə qoyulan ekran işıqlandırılırdı. Bu tamaşada Piskatorun
rejissor düşüncəsinə xas olan montaj metodu xüsusilə aydın şəkildə özünü göstərirdi.
Valter
Merinqin "Berlin taciri” (Şekspirin "Venesiya taciri” pyesinin yenidən işlənmiş
variantı, 1929) əsəri əsasında hazırladığı tamaşada Piskator burjua iqtisadi
hiylələrinin spesifik xüsusiyyətlərini təhlil etməyə cəhd göstərmişdi. Bu
tamaşada rejissor inflyasiya zamanı Berlinə gələrək qəfildən varlanan, sonra isə
müflis olan qəhrəmanın əhvalatını nəql etməklə yanaşı, dövrün mühüm hadisələrinin
geniş icmalını da verməyə çalışmışdı. Tamaşaçılara iqtisadi rəqəmlər, siyasi məlumatlar
bildirilirdi. Rəqəmlər və qəzet məlumatları ekrana proyeksiya olunurdu.
Ümumiyyətlə,
ekran Piskatorun tamaşalarının ayrılmaz elementinə çevrilmişdi. Tamaşanın
finalında isə rejissor öz yeni kəşfini - konveyeri tətbiq etmişdi. Səhnə
meydançası boyu üzərinə ötən illərin artıq heç kimə lazım olmayan gərəksiz əşyaları
yığılmış enli metal zolaq – konveyer hərəkət edirdi. Berlin zibilyığanları səhnədən
dəmir əsgər dəbilqəsini, köhnə bayrağın parçalarını, dəyərdən düşmüş pulları
süpürür və konveyer onları həmişəlik aparırdı.
Yaroslav
Qaşekin romanı əsasında hazırlanan "Cəsur əsgər Şveykin sərgüzəştləri” tamaşasında Piskator epik-satirik icmal yaratmağa
çalışmışdı. Brextin, Qasbarranın və Lenianın köməkliyi ilə romanın səhnələşdirilməsinə
nail olan Piskator konveyer vasitəsi ilə epizodların ardıcıllığını təmin edə
bilmişdi. Zolaqlar iki istiqamətdə hərəkət edirdi, obrazların hərəkətləri, bir
qayda olaraq, lentin hərəkət istiqamətinin əksinə qurulmuşdu. Səhnə konveyeri
Piskator üçün prinsipial əhəmiyyət kəsb edirdi: Dinamizm, səhnə hərəkətinin
fasiləsizliyi, səhnə məkanında tez bir zamanda radikal dəyişiklik imkanı ona
zamanın və tarixin daimi hərəkətini teatral vasitələrlə ifadə etməyə imkan
verirdi. Texniki manipulyasiyalarla rejissor sosial qanunları və siyasi həqiqətləri
açmaq istəyirdi.
A.Tolstoyun və
P.Şeqolevin "İmperatriçanın sui-qəsdi” (tamaşa "Rasputin, Romanovlar, müharibə
və ona qarşı qalxan xalq” adı ilə təqdim edilmişdi) əsərinin tamaşasında qlobus
formasında səhnədən istifadə etmişdi. Bu cür səhnə forması yalnız simvolik yox,
həm də praktiki baxımdan əlverşli idi. Bu tapıntı tamaşada fərqli məkanları təsvir
etmək üçün çoxsaylı dekorasiya dəyişmələrini əvəzləmişdi.
1927-ci ildə Piskator, nəhayət ki, Teater am Nollendorfplats adlı öz
teatrını açmağa müvəffəq oldu. "Qoplya, biz yaşayırıq”, "Rasputin”, "Cəsur Əsgər
Şveykin sərgüzəştləri”, "Berlin taciri” kimi tamaşalar məhz bu teatrda
hazırlanıb. Bir mövsüm fəaliyyət göstərən teatr maddi problemlərə görə
fəaliyyətini dayandırmalı oldu. Nollendorfplats teatrının bağlanmasından sonra
Piskatorun yaradıcı fəaliyyəti nisbətən səngiyir. O kiçik səhnələrdə bir neçə
tamaşa hazırlayır, gənc aktyorlarla eksperimentlər aparır, kitab yazır və
keçilmiş sənət yolunun təcrübəsini analiz edərək ümumiləşdirməyə çalışır.
Elçin
Cəfərov
Teatrşünas