Snob teatra nifrətlə
Rejissor, aktyor, ssenarist, şair,
dramaturq kimi Antonen Artonun hansısa çox parlaq uğurundan danışmaq olmur. O,
sənət nəzəriyyəçisi idi.
Fransanın Marsel şəhərində doğulmuşdu. Dörd
yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən
əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto
1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı.
Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri
uğursuzluqla nəticələnirdi.
Arto özü də çox ziddiyyətli adam idi. Bu
gün yazdığını sabah alt-üst edirdi. Onun uğursuz bədbəxt kimi təqdim edilməsində
ətrafının da rolu böyük idi. Söyür, müxtəlif kəskin fikirlər səsləndirirdi. Məsələn,
deyirdi ki, yazıçılıq donuzluq kimi bir şeydir, öz zir-zibilində eşələnməkdir.
Bu fikirlərin arasında əsəb böhranı keçirən
adamın sayıqlamaları çox idi. Arto kinoaktyor kimi də fəaliyyət göstərmişdi.
Frits Lanq, Abel Hans, Hersoq Vilhelm Pabst kimi kinorejissorların filmlərinə çəkilmişdi.
Amma Arto ən çox teatr nəzəriyyəçisi kimi yadda qaldı. «Qəddar teatr» nəzəriyyəsi
dövrünün bir çox sənət adamına böyük təsir göstərdi. Baxmayaraq ki, praktik
olaraq bu teatr özünü doğrultmadı.
Qəddar teatr
Antonen Artonun "Qəddar teatr”ı reallıq üzərində
qurulan qəddar həyat teatrı idi. Onun repertuarını Artonun, P.Klodelin,
Strindberqin pyesləri təşkil edirdi. Bu tamaşalar xəstə təxəyyülün məhsulu kimi
görünürdü, sanki, Artonun tamaşaları yuxugörmə teatrından idi. Lakin onun bu eksperimentləri
uğurlu olmadı. Tamaşaçılar açıq və qalmaqallı şəkildə öz narazılığını bildirdilər.
4 illik fəaliyyəti dövründə Artonun teatrında cəmi 4 tamaşa oynanılmışdı. 20-ci
illərin sonlarında Arto məqalələr yazmağa başlayır və 1938-ci ildə bu məqalələrdən
ibarət «Teatr və onun oxşarı» kitabını nəşr etdirir. Bu məqalələr, ümumiyyətlə,
Artonun fikir və mülahizələri sanki XX əsr mədəniyyətinə girişdir (məsələn:
onun fikrincə, incəsənət insanları ayırır, mədəniyyət isə birləşdirir). Bu məqalələrdə
(«Səhnə mizanı və metafizika», «Teatr və taun», «Əlkimya teatrı» və s) Arto öz
«qəddar teatr» nəzəriyyəsini işləyir. O, müasir teatrı tənqid edir və əsl
teatrın əsasını irrasionallıqda və mistiklikdə görürdü. Onun reallıqla əlaqələrini
itirmiş hər hansı mədəniyyəti görməyə gözü yox idi. Arto dəfələrlə teatrı «həyata
toxunmağa» çağırırdı. Arto üçün tamaşa qəddarlıq və zorakılıqla dolu olan
ritualdır. Onun teatr sisteminin pafosu teatrı inkar etməkdir. Hərçənd, Artonu
məşhurlaşdıran onun yaratdığı hər hansı teatr forması yox, ümumiyyətlə teatr
baxışları idi.
Snob teatra nifrətlə
Antonen Arto yaradıcılığında yalnız bir
ümumi məsələ durur: təsadüfi subyektiv formalarını dağıtmaqla insan varlığının əsl
mənasını açmaq. Onun yaradıcılığında teatr mərkəzdədir. Tarixən teatr sənəti
iki ayrı-ayrı səviyyələrdə inkişaf edib: tamaşaçının ənənəvi maraqlarına cavab
verən vərdiş olunan teatr tamaşaları və insan varlığının mənasını açmaq kimi məsələni
qarşısına qoymuş teatr. Birinci mahiyyətcə ölü teatrdır. Arto bu teatrı tənqid
edərkən onun snob ədalı saxta davranışlarına dözümsüz idi. Arto teatrı insan
varlığının həqiqətlərini açmaq üçün ən uyğun məkan, məqam hesab edirdi:
«Rejissura daha doğrusu, aktyorun səhnədəki hərəkətləri gizli bir dilin görünən
işarələrindən başqa bir şey olmayacaq. Bütün teatral jestlər özündə xəyalların
gizli çağırışını və həyatın bütün fatallığın cəmləşdirəcək. Müəyyən məqamda
bizim səhnədə öncəgörmə ilə bağlı peyğəmbərlik cəhdləri görünəcək. Aydındı ki,
bizim cəhdimiz həm də təhlükəlidi. Amma güman edirik ki, təbiətdə elə bir
boşluq yoxdur ki, onu insan ruhu doldura bilməsin».
Arto tamaşaçıya emosional həyəcan yaşatmağı
yox, emosional şok keçirməyi arzulayır. Onun fikrincə, məhz bu halda, tamaşaçı
ruhən təmizlənə bilər. O, Aristotelin «katarsis»ini reallaşdırmaq istəyirdi.
Artonun teatrı inkar pafosunda teatr
formalarını rədd edən konseptual yanaşma idi. XX əsr sənətkarların mədəniyyətin
hər hansı bir sahəsində formanı dağıtmağa olan meyli ilə başlayır. Marsel
Prustun romanları roman formasını dağıtmağa yönəlmişdi, Moris Meterlinq
antidramanı yaradırdı, Fridrix Nitsşe «həyatın fəlsəfəsin»ndə fəlsəfəni antifəlsəfəyə
çevirirdi. Antonen Arto bu sırada dayanan və heç cür anlaşılmayan, ziddiyyətlər
içində həqiqət axtaran ilk teatr «sərkərdə»si idi ki, ölümündən xeyli sonra
böyük maraq oyatdı. O, mistika ilə maraqlanırdı. Misirlilərin "Ölü kitab”ını
oxumaq istəyirdi.
Antonen Arto yazırdı: "Mən həddən artıq əzab
çəkirəm, ona görə də danışmağa haqqım var”.
1920-39-cu illərdə Fransanın ən məşhur
teatr adamı o idi-qəzetlər, sənət jurnalları onun şəkillərini dərc edir, ondan
yazırdılar. "Üsyankar intellektual, "keçmiş sürealist” 1936-cı ildə Meksikaya
yollandı və bir müddət orda yerli hindu qəbiləsində yaşadı, onların mərasimlərində
iştirak etdi. Daha sonra o İrlandiyaya səfər etdi-druidlərin bilgiləri ona çox
maraqlı idi. Fasilələrlə psixatrik xəstəxanalarda müalicə alan Arto ömrünün son
illərində hətta radioverilişdə iştirak edirdi və yenə də şeirlər yazırdı.
Son aylarda isə o, yüksək dozalı narkotiklər
qəbul etməyə başlamışdı. Arto 1948-ci il martın 4-də vəfat etdi. Bu adam XX əsr
mədəniyyətinə böyük təsir göstərmiş və mədəniyyət, teatr barədə düşüncələrdə
çevriliş etmişdi. İllər sonra məşhur rejissor, Artonun ideyalarından təsirlənən
teatr refarmatoru Yeji Qrotovski yazacaqdı: «Biz Arto epoxasına daxil olmuşuq»…
Aliyə