İçimizdəki qorxu

İl olub 2020.
Dünya zərrəciklərdən ibarət olan, çəkisi, qoxusu olmayan yüngül bir virusun
əlində çarəsiz qalıb. Digər planetlərə ekskursiyaya çıxan, Yer planetində
oturub, Ayda torpaq almaq eşqinə düşən müasir insanın kiçik bir virusun əlində
girinc qalması necə də gülməli və bir o qədər də ağlamalı durumdur. Dünya yeni
bir canlı yaratdığı, tibbin "möcüzələrinin” planetə meydan oxuduğu bir dövrdə
koronavirusun vaksininin tapılmaması real vəziyyətimizin acizliyinin
göstəricisidir. Bizim ağ atlı oğlanlarımız qızlarımızın gözünü yollarda qoyduğu
üçün ondan daha ümidimizi kəsmişik. İzlədiyimiz Hollivud filmlərindəki
qəhrəmanlar da dadımıza çatmır. Gözümüzü yollara dikib, bir qəhrəmanın
gələcəyini gözləyirik. Doğmalarımızın, əzizlərimizin göz görə-görə
ovuclarımızın arasından çıxıb bu virusun qurbanına çevrilməsinə şahidlik edirik.
Dünən yanımızda oturan, birlikdə çörək kəsdiyimiz insanlar bu gün bu balaca
virusa görə torpaq olurlar. Mənzərə acınacaqlı, dəhşətlidir. İzlədiyimiz isə nə
əcnəbi filmlər, nə də televiziya tamaşalarıdır, həyatın özüdür. Karantin
sözünün nə olduğunu bilməyən bizlər üçün də bir tarix yaşanır. Bu tarixdən
canlı çıxmaq üçün qorunmaq və mübarizə aparmaq əsas şərtlərdəndir.
Kaş, yaşadıqlarımız
bir yuxu olaydı. Kaş, düşdüyümüz bu
vəziyyət Hollivud filmi olaydı və sonu xoşbəxtliklə bitəydi. Ancaq reallıq
budur ki, dünyadan köçənlər film bitdikdən sonra aramızda olmayacaqlar. Hər
axşam gözümüzü günün statistikasına dikmədiyimiz, SMS-li icazələrin ləğv olunduğu
karantinsiz bir həyat istəyirəm.
Hərdən "Facebook”
da xəbərçi dostlar kimi bizə xatırladır ki, "Ötən il bu vaxtı siz filan yerdə
idiniz”. Bağrın çatlamasın, neyləsin? Əslində, xoşbəxtliyimizin fərqində
olmamışıq. Bir şeirdə deyildiyi kimi, "bəlkə də xoşbəxtik, xəbərimiz yox”.
"Vaxt var
idi, tamaşalara, filmlərimizin qalalarına gedərdik” kimi yarızarafat
atmacalarımızdan da qalmırıq. "Gələcək nəsillər bilməz canlı tamaşa izləmək
necə hisdir” kimi cavablar da alırıq. Amma zarafatı belə tükürpədicidir. Həmkarlarımızla tədbirlərə getmək, canlı
tamaşa izləyə bilmək üçün indi nələrdən keçərdik.
İlk dəfədir
yaşadığımız bu karantin günlərində bir çox suallara cavab tapmaqqda acizik. Görəsən
karantin bitsə, yenə o kinoteatra, teatra gedə biləcəyikmi? Yenə o əyləncəmiz,
şənliyimiz olacaqmı? Yenə o teatr festivalları, səfərlər, premyeralar,
tədbirlər olacaqmı? Suallar çox, cavabları yox.
Dünənə qədər
virus yoxdur, inandırıcı deyil deyənlərin ətrafındakı insanlar, elə özləri də
bu virusdan xəstəxana divarlarında nəfəs almaq üçün min bir əziyyət çəkdikdən
sonra həyatdan ikiəlli yapışdıqlarının şahidi oluruq. Virusa yoluxaraq sağalıb
cəmiyyətin bir parçası olmağa davam edənlər isə artıq ikinci həyatlarını
yaşadıqlarını deyirlər. Yəni, deməyim odur ki, daha həssas və ehtiyatlı
davranmağa çalışdığımız zamanda bir aydan sonra teatrlarımız yeni mövsümə
başlayacaq. Teatr yazarıyam deyə özümü mövsüm açılışında teatrın qapısından
içəri atmaq fikrində də deyiləm. Özümdən əlavə, ailəmi düşünüb, övladlarımı,
valideynlərimi təhlükə altına ata bilmərəm.
Mövsüm
açılanda hansı ana öz uşağını teatra göndərəcək? Məgər siz göndərəcəksiniz? Evdən çölə çıxarmadığımız,
havadan belə virus tutar deyə qorxduğumuz, qohum-əqrəbalarımızın belə evinə aparmadığımız
uşaqlarımızı, sizcə, bir neçə dəqiqə əyləncə xətrinə teatrlara aparacağıqmı?
Uzun müddətdir
ki, teatrın təbliği ilə məşğul olan, klaviaturası teatr və onun PR-ı naminə
çalışan teatr jurnalisti olsam da, şəxsən mən övladlarımı teatra aparmaqdan
çəkinəcəyəm. İnsanların kütləvi toplaşdığı məkanlara övladımı göndərməyə
qorxacağam. Məgər siz belə düşünmürsünüz?
Sözgəlişi,
görəsən, teatr mövsümü başlayacaqmı? - deyə soruşsaq da, hamımızın içində bir əndişə,
"görəsən”lər var. Mövsüm başlasın deyirik,
amma hamımız ehtiyat edirik. Özümüzü və ailəmizi qorumaq üçün, bəlkə də,
çoxumuz 2020-ci ilin sonuna qədər yolumuzu teatrlardan salmayacağıq. Pandemiya
hamımızın içində bir qorxu yaratdı. Elə bir qorxu ki, yanımızda əyləşən
insanlardan belə şübhələnməyə, bəlkə virus daşıyıcısıdır, deyə düşünməyə
başlayırıq. Elə bir qorxu ki, uzun müddət onun təsirindən çıxmaq mümkünsüz
görünür. Düzdür, hər nə qədər dünya teatrları müəyyən qaydalar əsasında
qapılarını tamaşaçıların üzünə açmağa hazırlaşsa da, biz özümüzü bir cəmiyyət
olaraq buna hazır hiss etmirik. Sizin adınızdan danışmaq olmasın, müşahidələrim
əsasında bu qənaətə gəlmişəm.
Mədəniyyət
ocaqlarına nəzarət edən Mədəniyyət Nazirliyinin də bu istiqamətdə hansı
qərarlar verəcəyi bəlli deyil. Amma onlayn tamaşalara ümid bağlamaqdansa,
koronovirusa yoluxmağı daha üstün tutardım. Bu müddət ərzində onlayn
tamaşaların həll yolu olmadığını hamımız gördük. Yenidən uşaq başı aldatmaq
kimi bir üsuldan istifadə edilməsinin insanların səbr kasasını daşdırmaqdan başqa
bir effekt verməyəcəyini də hər birimiz bilirik. Sizin kimi də oturub, yeni
qərarları gözləyirik. Elə qərarlar ki, pandemiyada gördüklərimizi bir daha
görməmək ümidindəyik.
Vallah
insanların yenidən o onlayn tamaşaları izləməyə nə taqəti, nə də mənəvi gücü
qalmayıb. Onsuz da baxılmır, siz hər nə qədər rəhbərliklə iclaslarınızda 10 min
izləyicidən dəm vursanız da, daxilinizdə, vicdanınızla baş-başa qalanda bunun
həqiqətdən nə qədər uzaq olduğunu bilirsiniz. Əsas odur ki, plan cədvəliniz
dolsun. Yaradıcı sahələrdə plan məsələsi də bir kal üzüm olub keçib boğazımıza,
nə uda bilirik, nə tüpürə. Bu tamaşanı da oynayaq, planımız dolsun, bunu da
edək, plan yerinə yetirilsin. Hər hektara 40 sentner pambıq. Yaşasın Lenin
kolxozu, Ura-ura! Teatrın canlı sənət olduğunu siz unutsanız da, biz
unutmuruq. Bugünün tamaşaçısı gözüaçıq, müasir
insandır. Nəyi plan üçün, nəyi tamaşaçı üçün etdiyinizi sizdən də, bizdən daha
yaxşı bilir.
Onu deyirdim
axı, yeni teatr mövsümünün necə başlayacağı da sual altındadır. Vay o günə ki,
yenə yeni mövsümdə aktyorlarla ZOOM proqramı ilə məşqlər salınsın. Bu təhsil
deyil, bu heç plenar iclas da deyil ki, virtual ünsiyyət proqramları ilə iş
aşsın. İnternetlə məşq anlayışını qəbul etməkdə çətinlik çəkirəm. Bunu kim necə
ağlınıza salıbsa, ona biri başa salsın ki, atam-qardaşım, elə deyil. Rejissorlar hər nə qədər "evdən işləyirik, onlayn
məşqlər edirik” desələr də, bununla məsələ həll olunmur.
Aktyorlara ev
tapşırığı ilə yenə şeir söyləmək tapşırılacaqsa, onlar da bir gözü kitabda, bir
gözü gözü kamerada sevdiyimiz şairlərin şeirlərini gözümüzdən salacaqlarsa,
onlara bəri başdan bir məqbul yazın getsin. Heç olmasa, o şeirləri yazan mərhum
şairlərimizi qəbirdə rahat buraxın. Hər nə qədər o aktyorlar, aktrisalar sizin
teatrda baş tacınız olsa da, sosial şəbəkə vasitəsi ilə çıxışları,
performansları ilə batdıqca batırlar.
4 aydan
çoxdur ki, karantin qaydalarına əməl edən aktyorlar yeni mövsüm ab-havasında
deyillər. Yaradıcı insanları yenidən bir araya topalamaq, yenidən o coşquyla
yaradıcılıq prosesinə qoşulmaq və köhnə tamaşaların bərpa etmək heç də asan
məsələ kimi görünmür. ZOOM proqramı ilə rejissorla üz-üzə olan aktyorlar
arasında psixoloji gərginliyin yaşanması da mümkündür. Karantin qaydaları daha
da sərtləşsə, aktyorlar və teatrların yaradıcı heyəti yenə də evdən işləməyə
məcbur olacaqlar. Yoxdurmu bunun başqa bir çarəsi?
Görünən odur
ki, bu mövsüm də teatrda çalışan aktyorlar yenə fəhləlik edib, özlərinə
alternativ iş yerləri axtaracaqlar. Ya da
bir az fərasəti və manevr etmək qabiliyyəti olanlar bir yol tapıb,
fürsətdən yararlanıb öz PR-larına xidmət edəcəklər.
Tamaşaçısız
qalan teatr ya pandemiyaya qaydalarına boyun əyməli, ya da başqa alternativlər
tapmalıdır. Ümidimiz isə yeni təyin olunacaq mədəniyyət nazirinədir. Ümid edirik ki, gələn gedənə rəhmət
oxutdurmaz.
Xəyalə Rəis