Yazdıq ki, izimiz qalsın...
Bəzən hər şeyin başlanğıcı
kiçik bir cəsarətdən doğur, eynən bizimki kimi. 9 il bundan öncə bir cəsarətdən yola çıxıb
"Teatr" əlavəsi
yaratmaq istədik. İstəyin qələbənin yarısı olduğunu ilk dəfə o zaman anladıq. Yəni, kiçik bir kollektivlə Azərbaycanın müasir teatr
prosesinə güzgü ola bilmək iddiası bizim üçün hər nə qədər böyük görünsə də, bacaracağımıza inandıq. "Kaspi"
qəzeti bizə bir qapı açdı. Artıq
bizim də bir ünvanımız vardı. "Kaspi" qəzetində hər həftə
"Teatr" səhifəmiz olacaqdı. Komandada məndən başqa hamının bu sahədə kifayət qədər təcrübəsi vardı. Bu əlavədə ən
çox öyrənən, təcrübə toplayan elə bəndəniz
oldu. Teatr əlavəsi məni böyütdü, "Kaspi" ailəsinin
qonağına deyil, bir parçasına çevirdi. Bu əlavə məni teatr dünyası ilə tanış
etdi. Yeni dostluqlar, əlaqələr, ünsiyyət qurmaq bacarığı, yazı yazmaq vərdişi... aşıladı. Mən onunla bərabər böyüdüm. Həftəlik yazılar,
mövzular, müzakirələr....
Geriyə boylananda 9 il o qədər
böyük rəqəm kimi görünməsə də, bu illərin
hər biri xatirələlərlə doludur. İnsanın özü böyük bir kitabdır.
Mən bədii ədəbiyyatdan, tamaşalardan daha çox insanı öyrəndim.
"Teatr" əlavəmiz mənə öyrətdi ki,
istək olduğu halda, dar çərçivə daxilində, məhdud imkanlarla da arzularına toxuna bilərsən. Biz bu gün fəxrlə "bacardıq" deyə bilirik. Çünki bizdən əvvəlkilər bunu
ancaq xəyal edirdilər. Arzulayırdılar, ancaq reallaşdırmaq üçün o kiçik cəsarətin qanadından
yapışmağa cəhd etməmişdilər. Kiçik bir ümid bizi uzun bir yola çıxardı. Bəzən
müşahidəçi olduq, bəzən də prosesin tam mərkəzində dayanıb, yaşanan hadisələri
qələmə aldıq. Beynəlxalq teatr festivallarında iştirak edib, səfər təəssüratlarımızı
qeyd etdik. Teatrlarımızın direktorlarından tutmuş, bu sənətə yeni gələn ən gənc
sənətçilərinə qədər müsahibələr aldıq,
araşdırmalar etdik, portretlər, tərcümələr, resenziyalar, esselər yazdıq. Bu
gün fəxrlə deyə bilərəm ki, bu əlavədə yazısı olan hər bir teatrşünasın qələmi
kifayət qədər tanınır. Onların da deməyə sözü var.
"Teatr" əlavəsinin yaradıcısı Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Vidadi
Qafarov təəssüratlarını belə ifadə
edir:
May ayı xalqımız üçün çox əlamətdar
aydır. Bu ayda biz hər il 9 may - faşizm üzərində Qələbə gününü, 28 may – bizi
azadlığa çıxaran Respublika gününü bayram edirik. Bu bayramlarla yanaşı, teatr
cameəsinin də bu ayda özəl bir bayramı var. Artıq 9 ildir ki, 11 may
tarixini "Kaspi” qəzetinin "Teatr” əlavəsinin ad günü kimi qeyd edirik. Üç əsrdən
bəri yol gələn milli peşəkar teatrımızın inkişafına və təbliğinə xidmət edən "Teatr”
əlavəsinin məhz, üç əsrdən bəri xalqımızın mədəni inkişafına xidmət edən
"Kaspi” qəzetində işıq üzü görməsi, görünür, özü də bir rəmzi məna daşıyır.Bəli, ilk sayı 11 may 2011-ci il tarixində işıq üzü görən "Teatr” əlavəsi,
artıq 9 yaşını qeyd edir. Və artıq 9 ildir ki, çağdaş milli mətbuatımızda
teatra həsr olunmuş (təəssüf ki...) yeganə nəşr olaraq, hər həftə qəzet içində
qəzet kimi oxucuların, tamaşaçıların görüşünə gəlir.
"Kaspi” qəzetinin "Teatr” əlavəsi haqqında danışmaq mənimüçün qürurvericidir.
Çünki biz bu illər ərzində çox çətinlikərdən keçsək də, az iş görülmədi:
- "Teatr” əlavəsi işə yalnız peşəkar teatrşünasları cəlb etməklə, az
qala, unudulmuş "teatrşünas” kəlməsini yenidən dövriyyəyə qaytardı;
- uzun illərdən bəri mətbuatda teatra qarşı hökm sürən qeyri-peşəkar
münasibətə son qoydu;
- səhifələrində dərc etdiyi obyektiv təhlil yazıları ilə, xəbər,
resenziya, müsahibə, portert, reportajlarla milli teatr prosesini əks etdirməyə,
onun tarixini yazmağa, canlandırmağa və inkişaf etdirməyə çalışdı;
- heç vaxt yaşlı nəsli unutmadı, həmişə gənclərə dəstək oldu: bir çox gənclər
ilk dəfə məhz "Teatr” əlavəsində geniş oxucu kütləsinə təqdim edildi.
- bu gün ölkədə yeganə teatr saytı olan "Teatro.az” portalının
yaranmasında birbaşa rol oynadı;
- və bunları heç bir təmənna güdmədən, heç bir intriqaya getmədən, yalnız
teatra olan sevgisi naminə etdi.
"Teatr” əlavəsi çağdaş teatr prosesinin canlanmasına xidmət etməklə
yanaşı, özü də inkişaf etdi, yeni teatrşünaslar yetişdirdi, mətbuata yeni
imzalar gətirdi. 9 il əvvəl yaradıcılığa yeni başlayan gənc teatrşünaslar:
Elçin Cəfərov, Könül Əliyeva-Cəfərova, Aygün Süleymanova, Xəyalə Rəis, Nigar
Pirimova bu gün kifayət qədər tanınan və hörmət edilən imzalardır. Çox sevindiricidir
ki, onların davamçıları - Dağlar Yusif,
Emin Əliyev, Razimə İsmayılova, Əli Hacılı kimi gənc və istedadlı teatrşünaslar
yetişməkdədir. Bu gün "Teatr” əlavəsinin redaktoru, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Cəfərov işinin öhdəsindən yüksək peşəkarlıqla gəlməkdə və uğurla ənənələri
davam etdirməkdədir.
Sonda, sözsüz ki, "Kaspi” qəzeti redaksiyasının rəhbərliyindən tutmuş,
sıravi əməkdaşına qədər, hamısına hər zaman göstərdikləri dəstəyə görə ayrıca
minnətdarlıq düşür. Çox sağ olun dostlar, milli mədəniyyətimizin inkişafına
göstərdiyiniz bu xidməti tarix unutmayacaq!
Ad günün mübarək, "Teatr” əlavəsi, 100 yaşa!
Teatrşünas Könül
Əliyeva-Cəfərova "Teatr” əlavəsini ovuc içi qədər xoşbəxtlik
adlandırır: "10 milyonluq əhalisi olan məmləkətdə bir ovuc sənət adamı var ki, həqiqi sənət eşqi, gerçək
teatr sevgisiylə yaşayır, yaradır və yaşadır. "Kaspi” qəzetinin "Teatr” əlavəsində
bu insanların gördüyü işi işıqlandırmaq, onların yaradıcılığına güzgü tutmaq, düşünürəm
ki, ən azı, elə o insanların gördüyü iş qədər dəyərlidir, qiymətlidir, özü də dəyərlərin
alt-üst olduğu, doğruyla yanlışın seçilmədiyi bir çağda.Gördüyümüz iş – 9 il çiyin-çiyinə apardığımız əqidə mübarizəsi (bunu
deməyə tam haqqım çatır) qutludur, əziz məsləkdaşlarım!Bu 9 il ərzində sərt tənqid də yazdım, amansız qınaq dolu yazı da, bəzən
gözəlim teatrı qamçıladım da, amma nə etdimsə, sevgiylə etdim, Vaqif müəllimin
(İbrahimoğlu) öyrətdiyi bir amalı heç zaman unutmadım – TEATR mənimdir: yaxşısı
da, pisi də...Bizi bir amal ətrafında birləşdirən Vidadi müəllim (Qafarov) də hər
şıltaqlığımıza dözdü (ona ən çox əziyyət verən də Xəyalə ilə mən olmuşam – yəqin
buna görə ən çox ikimizi sevir), doğru yoldan sapınmağa imkan vermədi, bəzən
yazımın bir cümləsi üstündə qopartdığım həngaməni sülhlə yola verdi.Biz – "Teatr” əlavəsinin yazarları TEATRımıza sahib çıxdıq, ovuc içi
qədər olsaq da, dünya boyda sevgi yaratdıq. Şairsə deyir ki, "ovuc içi qədər
xoşbəxtlik yetər”. Yetərmi?”
Teatr əlavəsini yeni başlayanda ilk üzvlərimizdən olan Teatrşünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova öz təssüratlarını belə bölüşür: "Bu yolu gedən hər
insan bilir ki, tələbəlikdən iş həyatına keçid zamanı yaşanan anlar, xatirələr
heç vaxt unudulmur, hər şeyin başlanğıcı kimi daima xatırlanır. "Kaspi” qəzetinin
"Teatr" əlavəsinin yaradılmasına çalışdığımız zamanlar da mənim üçün
belə unudulmaz anlardandır. Toplantılarımızın, söhbətlərimizin, müzakirələrimizin
belə peşəkar işlə nəticələnəcəyinin, kövrək tələbə addımlarının necə böyük
uğura çeviriləcəyinin, bəlkə də, o zamanlar fərqində deyildik. Bu gün 9 il öncəyə
baxarkən bunu daha yaxşı görə bilirik. İnanıram ki, "Teatr" əlavəsinin
uğurları gündən günə artacaq, hələ bundan sonra uzun illər teatr ictimaiyyətinə
qərəzsiz xidmət edəcək, neçə-neçə tələbənin iş həyatına keçidinin ilk unudulmaz
mərhələsi olacaq. Yarandığı vaxtdan bu günə qədər bütün çətinliklərə baxmayaraq,
"Teatr" əlavəsinin keşiyində dayanan müəllimlərimizin (başda Vidadi
müəllim olmaqla), əməyi keçən məsləkdaşlarımızın hər birinə təşəkkürümü
bildirirəm və bu gözəl gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əməyinizə
sağlıq, yolunuz açıq, oxucularınız bol olsun!".
AMEA-nın
dissertantı, teatrşünas Nigar Primova "Teatr" əlavəsinin Azərbaycan teatr
tarixində müstəsna xidmətlərindən bəhs edərək, onun bir parçası olduğu üçün
sevinc hissi yaşadığını bildirir: "Bu 9 il ərzində ilbəil irəliləyişlər
olub, teatr aləmində baş verən maraqlı məlumatlar, tamaşalarla bağlı müxtəlif
resenziyalar, önəmli şəxslər barədə portret yazıları, teatrlarımızın uğurları, qastrolları
haqqında saysız məqalələr yazılıb. Bununla yanaşı, xarici teatr aləmində baş
verən ən maraqlı hadisələrdən tərcümələr dərc olunub. Bu doqquz ildə biz
komanda olmağı, ailə olmağı bacarmışıq. Bu gün əminliklə deyə bilərəm ki, bu əlavədə
çıxan yazılarımız sayəsində teatra getməyən insanlar teatrlara doğru yol
alıblar, maraq göstəriblər. Bir daha 9 yaşımızı təbrik edirəm və arzum budur
ki, teatrlarımızda elə tamaşalar olsun ki, ürəkdolusu fəxrlə tərif də yazaq,
yeri gəldikdə tənqid də edək. Yəni, qısacası, haqqında yazılmalı iş olsun və
yazarlarımızın qələmləri heç zaman korşalmasın, həqiqi teatrı sevən, sənətə
bağlı olan teatrşünaslar yetişib sıralarımıza daxil olsunlar.ADMİU-nun
Magistr tələbəsi Əli Hacılı da təbriklərə qoşulur: Bəzən elə
anlar olur ki, səni anlayacaqları, sona qədər səbrlə dinləyəcəkləri yerə getmək
istəyərsən. Qəlbində olanları demək üçün, xoş hadisələri, yaxud problemlərini
bölüşmək üçün. Xəbər tutmaq, zamandan geri qalmamaq üçün. Bu danışdığım ortam,
çox insanın nəzərində uzaq kimi görünən, amma hər zaman gözümüzün qabağında
olan "Teatr” əlavəsidir. Çox böyük deyil, vur-tut 4 səhifə. Amma bu 9 il ərzində
həftəlik teatr xəbərlərini, yazıları, resenziyaları, dünya teatrında baş verənləri,
gərəkli bilgiləri özündə ehtiva edən 4 səhifə. Bu illər ərzində düzgün və qərəzsiz
şəkildə, hadisələrə obyektiv baxaraq, öz böyüklüyünü göstərən "Teatr” əlavəsi.
Azərbaycandakı cari teatr prosesini oradan rahatlıqla izləyə bilərik. Bizim üzərimizə
düşən isə bu əlavənin böyüməyi üçün, onu yaşatmaq üçün əlimizdən gələni etməkdir.
Təbriklər, teatr! Gör necə böyüksən ki, sənin xəbərini bizə çatdıranın ad
gününü qeyd edirik. Təbriklər, teatr, təbriklər
"Teatr” əlavəsinin zəhmətkeşləri!
Xəyalə Rəis