AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xatirələrə köçən sənətkara məktub

Xatirələrə köçən sənətkara məktub

26 İyun 2020, 09:45 481
Böyük türk dramaturqu, əziz dost, dəyərli sənətkar

TUNCƏR CÜCƏNOĞLUnun xatirəsinə...

 Salam, əziz dostum, istedadlı, qüdrətli sənətkar! 
     
Bu məktubumu Sizə rahat yazıram, bilirəm ki, harada olsanız da, kimsə, bəlkə, mələklər, bəlkə, ulduzlar mənim məktubumu gətirib mütləq sizə çatdıracaqlar... Mən buna inanıram... 
     
Artıq bir il olacaq... Bir il olacaq ki, yoxsunuz aramızda... Bu bir ili sizsiz keçirdi dünya... Sizsiz payız gəldi, sizsiz qış düşdü, sizsiz bahar çiçəklədi, sizsiz yaya yetişirik... Yayda getdiniz, lakin gedişinizlə qəlblərimizə, türk sənət dünyasına elə çovğunlu, fırtınalı qış gətirdi ki yoxluğunuz, böyük ustad! Əzəmətli, vüqarlı sənətkar! Susdu qələminiz 2019-cu ilin iyulunda... Qələminizin yaşı 50 ilə az qalmışdı... Amma... Təəssüf!.. Çatmadı... Ömür vəfa etmədi... Fani həyatı tərk edib, ürəklərə, xatirələrə köçdünüz, Tuncər Cücənoğlu!.. Heyif!.. Heyif, sizdən...
     
Bir az yaddaşımı vərəqləyib, fikrimin, xəyalımın yelkənini ömür adlı dəryada sizinlə şəxsi tanış olduğum ilə çəkmək istəyirəm... 2018-ci ilə... Sizinlə sosial şəbəkə vasitəsilə tanış olmuşduq. Azərbaycan dilinə tərcümə etmək üçün pyeslərinizi istəmişdim, Siz də sevə-sevə mənə, ilk olaraq, "Ah, bir yoksul olsam”, daha sonra isə 10 pyesinizi yollamışdınız. Amma bir az da geri fırlasaq ömrün lentini, mən "Tuncər Cücənoğlu” adı ilə dünya dramaturqlarının Azərbaycan dilində əsərləri toplanmış antologiya vasitəsilə tanış oldum. Həmin kitaba Sizin "Uçqun” əsəriniz daxil olmuşdu. Heyran qaldım əsərə... Və sonra bir neçə müddət keçdi və tale mənə Sizinlə şəxsən tanış olub, ünsiyyət qurmaq xoşbəxtliyini nəsib etdi. Üz-üzə görüşməsək də, üzünüzdəki səmimi təbəssüm gördüyüm şəkillərinizə elə hopub ki, elə bil, hər dəfə şəkliniz qarşıma çıxanda, Sizinlə söhbət edirmiş kimi hiss edirəm özümü... 
     
Amma bu, hələ hamısı deyil. Mən Sizinlə təkcə şəkliniz vasitəsilə yox, həm də əsərləriniz vasitəsilə, pyeslərinizdəki qəhrəmanlar vasitəsilə də ünsiyyət qururam. Əsərlərinizin hər sözündə, hər hərfində duyğularınız, hissləriniz, həyəcanınız, sevinciniz, kədəriniz, intizarınız həkk olunub... Ruhunuz hopub yazılarınıza... 
     
Türk yazıçılarının bir çoxunun əsərləri ilə tanışam... Amma özləri ilə yox... Sizin isə həm də özünüzlə tanışlığım mənə taleyin hədiyyəsi deyil, bəs, nədir?.. Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Haldun Taner və başqalarını təkcə əsərləri ilə tanışam, amma Tuncər Cücənoğlu dedikdə həm də şəxsi tanışlıq gəlir gözlərim qarşısına...
     
İşıqlı simanızda həyat, yaşamaq həvəsi var idi... İnana bilmirəm yoxluğunuza... Vallah, "daha bu həyatda Tuncər Cücənoğlu yoxdur” deməyə dilim gəlmir... Hərdən elə bilirəm ki, sakitliyə, hamıdan uzağa çəkilib, yeni pyesinizi yazmaqla məşğulsunuz... Bir gün yenidən görünüb, teatrlara "Budur, yeni pyesimi bitirdim”, deyə qayıdacaqsız və yenidən afişalarda "Tuncər Cücənoğludan yeni pyes” yazısını görəcək gözlərimiz, ürəyimizsə həmin tamaşanı bir an öncə görməyə can atacaq... "Neçə müddət idi ki, yeni pyesim üzərində işlədiyim üçün hamıdan uzaqlaşmağa qərar verdim və budur, artıq qayıtdım, bu da mənim yeni pyesim...” – Bunu deməyinizi elə çox istəyirəm ki... Amma həqiqət... Eh!.. İndi ruhunuz nəhayətsiz göylərin sonsuz, uzaq dərinliklərinə çəkilib, bizə baxır, bəlkə də... Yarımçıq qalan yazılarınızı təzədən oxuyur ruhunuz, bəlkə də... Bəlkə də, davamını göylərdə yazırsınız o yarımçıq yazıların?!.. Bəlkə də, indi daha rahat işləyə bilirsiniz... Səs-küysüz, sakitlik içində... Yazıçıya əsil lazım olan mühit içindəsiniz, bəlkə də... 
   
Bilirsiz, indi qəhrəmanlarınız sizi axtarır... Mənim Azərbaycan dilinə tərcümə etdiyim "Müəllim” pyesinizdəki Həsən müəllim, Maral, İlkər, Tanər, "Dalan”dakı Lilika, Celika, Spanos, "Ziyarətçi”dəki Qadın, Ana, Adam, Ziyarətçi... Hələ tərcüməsini tamamlamadığım "Vertalyot” əsərinizdəki Nazir, Operator sizi soraqlayır... Sizi axtarır... Lakin heç yerdə tapa bilmirlər Sizi... Yaman nigarandırlar... Bilirsiz, bəlkə də, inanmayacaqsız, amma onlar sizi məndən soruşur... Mənsə... Nə cavab verəcəyimi bilmirəm, gözlərim dolur, dilim ağzımda quruyub qalır... Cavabsız suallar məni ağuşuna alır. Harada adınızı eşidirəmsə, adınız harada qarşıma çıxırsa, özüm də hiss eləmədən, ürəyimin telləri kaman kimi titrəyir, gözlərim dolur... 
     
Mən də Sizi axtarıram... Axı, mənə söz vermişdiz... Mən Sizi Şəkiyə dəvət etmişdim, Sizsə mənə: "Pyesim Şəki teatrında oynanıldığında gələcəyəm” demişdiniz... Bəs, nə oldu?.. Həsrətdən yolların gözünün kökü saraldı... Gəlmədiniz... Bizimlə görüşə gəlmək əvəzinə başqa yolu seçdiniz, mələklərin apardığı səmtə - Allahla görüşə getdiniz... Özü də əbədi görüşə... Bu səfərin əbədi olacağını bilə-bilə getdiniz... Yaxşı yol, əziz insan! Getdiyiniz yollar aydın olsun!
     
Yaxşı yadımdadır... Azərbaycana son səfəriniz... Gəncəyə gəlmişdiniz... Gəncə teatrında "Matruşka” pyesinizin premyerasına gəlmişdiniz... 
     
"Kordöyüşü”ndən başlayan yaradıcılıq yolu "Brut və ya Yuli Sezarın qətli” ilə sona çatdı... İlləri bir-birinin üzərinə gəlsək, 50 ilə yaxın keçən yaradıcılıq yolunuz işıqlı, rəngarəng, bənzərsiz oldu... Heç kimin keçmədiyi yollarla ilk olaraq, siz getdiniz... Keçilməz yollardan keçdiniz, cığır açdınız, sanki... Bəlkə, maneələr oldu yollarınızda, çətinliklərlə üz-üzə gəldiniz, amma geri çəkilmədiniz, sənətinizlə, sənətkarlığınızla bütün çətinlikləri dəf etdiniz... Adınızı tarixin yaddaşına əbədi olaraq yazdınız! Silinməz izlər qoydunuz keçdiyiniz yollarda... O izlər həmişə Sizi bütün dünyaya xatırladacaq... Siz heç zaman unudulmayacaqsınız... Siz heç zaman keçmiş olmayacaqsınız, dünəndə itib-batmayacaqsınız. Gələcəkdən gələcək səsiniz, Siz sabahın adamısınız... Tale Sizə unudulmaq qorxusunu heç zaman rəva görməz... Siz unudulası insan deyilsiniz, axı...
     
Əziz insan, mən Sizinlə görüşə bilmədim, düzdür, amma Sizə verəcəyim suallarım var, onları bu məktubumda yazıram, vaxt tapa bilsəniz, cavablandırarsınız, xahiş edirəm...
     
Görəsən, Sizi indi də düşündürürmü "Müəllim”in taleyi?..
     
Görəsən, "Gözəlçələr”i düşdükləri səfalətdən, çirkab yollardan geri çəkməyi bacardınızmı?..
     
Görəsən, "Dalan”larda qalanlar ümid işığı tapa bildilərmi?..
     
Görəsən, "Qovluq” indiyəcən neçə dəfə açılıb-bağlanıb?..
     
"Biga – 1920” necə?..
     
"Qumarbazlar” günahını anlayıb, Haqq yoluna qayıdıblarmı?..
     
"Vertalyot”dakıların aqibəti necə oldu?.. Maraqlanmısınızmı?..
     
"Yıldırım Kemal” necə, sizi xatırlayırmı?..
   
"Matruşka”nın içindən xoşbəxtlik tapıldımı?..
     
Orda da "Ziyarətçi”ləriniz varmı?..
     
"Boyaçı” saçlarına ləkə düşməsin deyə, "Papaq” örtürmü?..
     
"Neyzen Tevfik” məzarınızı ziyarət edirmi?..
     
"Teatrçılar” ruhunuza dualar oxuyurlarmı?..
     
"Qızılırmaq”ın səsi qulaqlarınıza gəlib çatırmı?..
     
"Uçqun”lardan xilas yolunun gülüş, sevinc, dostluq olduğu hamıya bəlli oldumu?..
   
 "Səbahəddin Əlini kim öldürdü?”... Qatil tapıldımı?.. Günahkar cəzasına çatdımı?..
     
Rəşad Nuri Güntəkinlə "Yaşıl gecə”lərdə görüşüb, dərdləşirsinizmi?..
   
 Allahdan: "Ah, bir yoxsul olsam”, deyə diləyənər varmı?..
   
 Hal-hazırda olduğunuz yerdə "Gecə klubu”nun sakinləri daha çoxdur, ya "Qadın sığınacağı”nın?..
   
 "Fosforlu Cevriyə” daha çox sizin görüşünüzə gəlir, yoxsa, Suat Dərvişin?
   
 "Yuli Sezarın qətli” necə, hamıya dərs oldumu?..
     
Əgər vaxt edə bilsəniz, suallarımla – yazdıqlarımla tanış olarsınız...
     
Deyəsən, çox danışdım... Görürsüz, mənim Sizə nə qədər suallarım var idi?!.. Bu qədər suala cavab yazmaq çətin, ağır məsələdir... Bu qədər suala nə kağız yetər, nə də qələm... Ən yaxşısı, Siz mənim bu məktubumu saxlayın, Sizinlə ilk görüşümüzdə hamısını üz-üzə danışarıq... Mən bu sualları Sizə təzədən verərəm, siz də tələsmədən geniş şəkildə cavablandırarsınız... Bilirəm ki, mənim istəyimə "yox” deməzsiniz, suallarımı cavabsız qoymazsınız... 
     
Bir də onu demək istəyirəm ki, Siz mənim həyatımda işıqlı xatirənizlə həmişə yaşayacaqsınız... Mən Sizi heç zaman unutmayacağam...     
     
Məndən bu qədər... Sizi yordumsa, bağışlayın, Ustad!
     
Əgər məktubumu mələklər laqeydlik edib, yolladığım ünvana çatdırmasalar da, heç qəm eləmərəm... Bu məktubda yazdıqlarım ömür boyu yaddaşıma həkk olaraq qalacaq. Nə vaxtsa görüşəndə bu məktubda yazdıqlarımı sözbəsöz özüm Sizə deyəcəyəm... Unutmaram... Mən inanıram... Mən inanıram ki, biz nə vaxtsa görüşəcəyik... Azərbaycanın sevgi şairi Nüsrət Kəsəmənlinin sözləri ilə desəm: "Əlvida demirəm, görüşəcəyik...” 
     
Mən də Sizə, 2019-cu ilin iyulunda o ağır, gözləmədiyim xəbəri alanda, Azərbaycandan – Şəkidən qəlbimdə kədər içində "əlvida” yox, "hələlik” dedim. Çünki mən bilirəm ki, biz nə vaxtsa görüşəcəyik... Odur ki, özünüzə yaxşı baxın oralarda... Vaxtı çatanda, yollarıma çıxıb qarşılayarsız məni... Gələndə, mütləq Sizə xəbər edəcəyəm... Hələlik, ustad... Görüşənədək...
 
Böyük sevgi və hörmətlə,
ELVİN NURİ...