Vüsal Mehrəliyev: “Teatr həmişə yeni söz deməyə hazırdır”
Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və
sevilən aktyoru Vüsal Mehrəliyev Moskvada Boris Şukin adına Teatr İnstitutunda
təhsil alır.Aktyor təhsil müəssisəsinin "teatr rejissorluğu” fakültəsində öz biliklərini
daha da təkmilləşdirir. Açığı onun yeri hələ də Gənc Tamaşaçılar Teatrında
görünür. Biz onun bu səhnədə tamaşalardakı rolları üçün darıxmışıq. Bəzən də
hazırlanan yeni tamaşaların məşq proseslərində onun xareoqraf kimi aktyorlara məsləhətlər
və göstərişlər verdiyinin şahidi olmuşam.
Qısası, kollektivin sevimlisi olan Vüsal Mehrəliyevin teatrda və sənət
aləmində yoxluğu çox hiss edilir. Çünki onun öz dəsti xətti və səhnədə oyun tərzi
var.Biz də aktyorun axtarışına çıxdıq, səsi Moskvadan
eşidilən V.Mehrəliyevlə müasir texnologiyanın bizə yaratdığı şəraitdən
yararlanaraq əlaqə saxladıq. Gələn ay vətənə gələcəyini deyən aktyor hazırda
rejissorluğun sirlərinə yiyələnir.Deyir ki, aktyor və rejissor olmaq üçü təhsil mütləqdir.Beləliklə, suallarımızı cavablandırır Vüsal Mehrəliyev.
- Bir ildir
ki, Bakıda yoxsunuz. Buralar sizin üçün darıxır.
- Gələn ay inşallah vətənimə gələcəm. Açığı mən də
darıxmışam.
- Moskvada təhsil
alırsız. İstərdik ki, oradakı təhsil prosesi ilə bizi tanış edəsiniz.
- Bir ildir ki, Moskva şəhərində Boris Şukin adına
Teatr İnstitutda əyani şəkildə rejissor təhsili alıram. Burada tələbələrə keçirilən dərslər çox maraqlıdır,
həm də faydalıdır. Biz bu dərs prosesindən çox şey öyrənirik. Bu İnstitutda peşəkar
müəllimlər dərs keçir. Boris Şukin adına Teatr İnstitutun öz yolu və sistemi
var. Burada Vaxtanqov sistemi hələ də
qüvvədədir. Bu məktəbin özünün ənənələri var və həmin ənənələrə uyğun dərs
sistemi mövcuddur. Əslində bu sistem məni qane edir. Ümumiyyətlə hər bir sistem
maraqlıdır. Hər birinin öz yeri var. Burada təhsil aldığım üçün özümü şanslı
hesab edirəm. Bunun üçün ilk növbədə mənə burada yaratdıqları şəraitə görə Mədəniyyət
və Turizm nazirliyinə, onunla bərabər Teatrımızın direktoru Mübariz Həmidova təşəkkürümü
bildirirəm. Burada aldığım təhsildə onların çox böyük dəstəyi var. Mən burada dövlət hesabına təhsil alıram. Belə
ki, təhsil haqqım, qaldığım yer və digər xərcləri məhz bizim dövlətimiz tərəfindən
ödənir.
- Bu tədris
ocağında kimlərdən dərs alırsınız?
- Bədii kurs rəhbərimiz Mixayıl Borisoviç Borisovdur. Tanınmış rejissorlar və teatr
camesinin nümayəndələri bu İnstitutda dərs deyir.
- Bəs, tələbələr
hansı ölkələrin nümayəndələridir?
- Dünyanın müxtəlif ölkələrindən bu təhsil ocağına
gələn tələbələr var. Belə ki, Amerikadan, Yaponiyadan, Avropa ölkələrindən,
Türkiyədən, Yunanıstandan və digər ölkələrdən. Biz onlarla birgə təhsil alırıq.
Hər bir tələbə bu məktəbdə öz teatr ənənəsi
ilə seçilir. İnstitutda müxtəlif teatr studiyaları var və biz Azərbaycan
studiyası olaraq fəaliyyət göstəririk. Bizdən əlavə İnstitutda Rus, Qafqaz,
Dağıstan və digər millətlərin də studiyaları mövcuddur.
- Azərbaycan
studiyasında neçə tələbə təhsil alır?
- Biz burda 11 nəfərik. Onların 2 si rejissor, 9-u
isə aktyorluq fakültəsində təhsil alır. Bizi Azərbaycanda seçib göndəriblər.
Biz ikinci kursun sonundan tamaşalardan parçalar hazırlamağa başlayacağıq.
-
Hazırlanacaq olan tamaşalar arasında bizim dramaturqların əsərləri də yer
alacaqmı?
- Əlbəttə. Biz burada öz müəllimlərimizə Azərbaycan
dramaturqlarının əsərlərini təqdim etmişik. Belə ki, Mirzə Fətəli Axundzadədən
başlayaraq müasir yazarlarımız Anara, Elçinə qədər, onların əsərlərinin rus
dilində tərcüməsini təqdim etmişik. Bizim müəllimlərimiz də Azərbaycan
dramaturqlarının əsərləri ilə tanışdırlar. Əlbəttə ki, burada hazırlanan
tamaşaların içərisində Azərbaycan dramaturqlarının əsərləri də olacaq.
- Qeyd
etdiniz ki. dünyanın müxtəlif ölkələrindən gələn tələbələrlə birlikdə təhsil
alırsınız. Yəqin ki, onlar da öz teatr ənənələrini sizinlə bölüşüblər.
Maraqlıdır Bu gün dünya teatr camesində
hansı proseslər gedir?
- Teatr həmişə cavandır, yenidir. İllər ötdükcə o
da zəmanəyə addım atır, dəyişir və müasirləşir. Azərbaycanda teatr prosesi necə
gedirsə dünya teatr prosesində də vəziyyət eynidir. Teatr həmişə yeni söz deməyə
hazırdır. Dünya teatr proseslərində axtarışlar edilir. Yeniliklər tapılır,
araşdırılır. Ancaq sizə onu deyim ki,
dünya teatrı bir qədər bizdən öndədir. Təbii ki, bizdə də müəyyən proseslər gedir. Teatrlarımız beynəlxalq
festivallarda iştirak edir, dünyaya inteqrasiyası ildən ilə artır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana
rejissorlar, aktyorlar gəlir. Teatrlar arasında mübadilələr baş verir.
Aktyorların, rejissorların xaricdə təhsili, elə bizim burada təhsil almağımız
dünya teatr prosesi ilə ayaqlaşmaq deməkdir.
- Sizcə xarici
İnstitutlar rejissorlarımıza, aktyorlarımıza nələr verir? Yəni orada öyrənilənləri
buradakı müəllimlərdən öyrənmək mümkündürmü?
- Burada keçirilən təhsili Azərbaycanda da almaq
mümkündür. Çünki bizim özümüzün də çox peşəkar müəllimlərimiz və mütəxəssislərimiz
var. Mən onların hamısına hörmətlə yanaşıram. Ancaq buradakı təhsil ayrı bir sistemdir.
Bu yeni bir nəfəsdir. Azərbaycanda bu sistemə təhsil verilmir. Mən bildiyim qədərilə bizdən əvvəl də
bu sistemlə təhsil verən olmayıb. Düzdür bu sistemdə təhsil alırsansa bu o demək
deyil ki, sistem aktyora istedad bəxş edir. Sadəcə, bu, təhsil sisteminin bir
metodudur. Onlar tələbələrini bir başqa
cür öyrədirlər. Bu gün Rusiyanın üzdə olan aktyorları Şukin adına İnstitutun tələbələridir.
Rusların özləri də bu İnstitutu
yüksək qiymətləndirirlər.
- Oradakı təhsildən,
dostlarınızdan danışmışkən heç Gənc Tamaşaçılar Teatrında oynadığınız rollar üçün
darıxırsınızmı?
- Əlbəttə. Gənc Tamaşaçılar Teatrında oynadığım
obrazlar üçün darıxıram. Azərbaycanım, yaradıcı kollektivim, dostlarım,
doğmalarım üçün darıxıram. Mən burda olsam da özümü hələ də Gənc Tamaşaçılar Teatrının
bir üzvü hesab edirəm. Çünki mən hələ də orada çalışıram. Teatr bir ailədir və
biz də onun üzvləriyik. Moskvada dostlarım, yaradıcı kollektivim, xüsusən də teatrınızın direktoru Mübariz müəllim və baş
rejissorumuz Bəhram Osmanov məni tək qoymur. Mütəmadi olaraq danışırıq. Burda
özümü teatrdan kənar hiss etmirəm.
- Siz öz
istedadınızla sübut etdiniz ki, təhsil almadan da istedadlı aktyor olmaq
mümkündür. Sizcə belə bir təhsil almağa ehtiyac var idimi?
- Təhsil aktyor
üçün çox önəmlidir. Aktyor mütləq təhsil almalıdır. Təhsilsiz mümkün deyil.
Aktyor bilməlidir ki, bu sənət haradan başlayır və hara gedir. O qədər təhsil
ocağına gedib, təhsil almayan tələbələr var ki... Aktyor sənəti elə bir sənət
növüdür ki, burada təhsil mütləqdir. Mən Bakı Mədəni Maarif texnikumunda təhsil
almışam. Təhsilmi Gənc Tamaşaçılar Teatrında davam etdirmişəm.
Teatrın özü də bir məktəbdir. Burada müəllimlərim mənim haqqımda hansısa bir
xoş söz deyəndə ilk növbədə teatrımıza minnətdarlığımı bildirirəm.
- Vüsal bəy,
siz həm də gözəl qiraətçisiniz. Ancaq tamaşaçılar sizin bu istedadınızdan o qədər
də məlumatlı deyil. Günah kimdədir?
- Mən qiraətçi deyiləm, aktyoram. Heç zaman özümü qiraətçi hesab etməmişəm. Düzdür tamaşaçılar bu barədə məlumatlı deyillər.
Amma olsun. Mən heç zaman çalışmamışam ki, tamaşaçılar məni nə qiraətçi, nə də
aktyor kimi tanısınlar. Tanınmağa o qədər də meylli biri deyiləm. Başımı aşağı
salıb işimlə məşğul olmuşam. Əsas işdir. Bütün
enerjimi işimə verirəm. Teatra yeni gələn kadrlara da deyirəm ki, işləmək,
işləmək və yenə də işləmək lazımdır. İş enerjidir, enerji isə heç vaxt itmir.
Əgər sən tanınmalısansa, səni tanıyacaqlar. Bunun üçün artıq enerji sərf etməyə
ehtiyac yoxdur. O enerjini sənətdə öz işimizdə xərcləsək daha yaxşı olar.
O ki, qaldı sualınızın cavabına yəqin ki, günahkar
mənəm. Baxmayaraq ki, İctimai radioda hələ də şerlərimi səsləndirirlər.
- Vüsal bəy,
ölkənizə döndükdən sonra hansı layihələri həyata keçirmək istəyirsiniz?
- Ölkəmizə döndükdən sonra yenidən var gücümlə işləməyə davam edəcəm. Yəqin
ki, dövlətimizin bizimlə bağlı layihələri olacaq. Teatr sahəsində çalışan insan
daim yenilik axtarışında olur və bunu öz yaradıcılığında tətbiq etməyə çalışır.
Hazırda yeni pyeslər oxuyuruq, yeni
üslublarla tanış oluruq. Bütün bunlar yəqin
ki öz bəhrəsini verəcək. Biz burada bacardığımız qədər yeniliklərlə tanış
olmağa çalışırıq ki, vətənimizə qayıdanda teatrımız üçün nəsə yeni bir şey verə
bilək.
- İnşaallah,
bu yolda sizə uğurlar arzu edirik.
Xəyalə Rəis