Unudulan Qəhrəman - TƏRS BUCAQ
Onun bölgə
futbolunun inkişafında müstəsna xidmətləri var. Tamamilə yerli futbolçulardan
qurulmuş "Viləş”lə Azərbaycan çempionatında hər kəsə "əlcək atıb”. Maliyyə cəhətdən
daha iddialı klubdan - "Şəmkir”dən dəvət
alıb. Özünü sübut edib, komandası Azərbaycan çempionu olub. Futbolçu karyerası ərzində
də "Avtomobilçi”i, Xabarovsk OİK-i və "Neftçi”də top qovub. Yetərincə məşhur
simadır Azərbaycan futbolunda Qəhrəman Əliyev. Amma bu məşhur indi heç kimin
yadına düşmür.
Az xərc tələb olunmur
Qəhrəman
Əliyev artıq 11 aydır ki, komadadır. Koronavirusa tutulduqdan sonra insult
keçirib. Həkimlər onu süni komaya saldılar, amma səhhətində irəliləyiş olmadı.
Uzun müddət xəstəxana şəraitində müalicə aldı. Yaxınları xəstəxana xərclərini
qarşılaya bilməyincə müalicə ev şəraitində davam etdirilir. Əslində ev şəraitində
də müalicə üçün az xərc tələb olunmur. Gün ərzində 500-600 manatlıq dava-dərman
lazımdır. Həkimlər hər şeyin möcüzəyə bağlı olduğunu deyirlər.
Yazımızın
"mustafa”sı
Bu yerdə
"Allah şəfa versin” deyib yazımızın "mustafa”sını bəyan edək. Bu müddət ərzində
Qəhrəman Əliyevlə futbol təsərrüfatından kimsə maraqlanmayıb. Azərbaycan
futbolunda belə bir məşqçi olmayıb sanki. Baxmayaraq ki, çempionatda ən çox
oyun keçirən məşqçilərdən biridir. Üstəlik, qarşısına süni maneələr qoyulanda,
böyük futboldan uzaqlaşdırılanda uşaq futboluna üz tutdu. Heç nədən çəkinmədən,
usanmadan gələcək üçün futbolçu yetişdirməyə başladı. Baxmayaraq ki, o ranqda
olan mütəxəssislərin hamısı uşaq futbolunda çalışmağı şənlərinə sığışdırmırlar.
O isə kimsəyə ağız açmadı iş üçün. Uşaqlarla işi şərəf bildi özünə.
Bu qayğı nədən
ibarətdir?
AFFA-nı
ataq bir tərəfə. Bəs Futbol Veteranları İttifaqı haradadır? Axı bu qurumun sədri
Oqtay Abdullayevin veteranlara "qayğıdan” danışanda ağzına çullu dovşan yerləşmir.
Bu qayğı nədən ibarətdir? Hərdən-birdən veteranlar arasında yoldaşlıq görüşü təşkil
edib 5-10 manat silməkdən? Axı Qəhrəman Əliyevin həm futbolçu karyerası, həm də
məşqçilik fəaliyyəti çox zəngindir. O qədər zəngindir ki, "Neftçi”də cəmisi 5-6
oyun keçirmiş, sonradan klubun sürücüsü işləmiş Oqtay Abdullayev ona bu
karyeraya görə yalnız həsəd apara bilər.
Belə idarəetmə
davam etdikcə...
Ancaq bu
gün Oqtay Abdullayev veteranların təşkilatına rəhbərlik edir. Futbolumuzun
adlı-sanlı veteranının ölümlə
çarpışdığından isə heç xəbəri də yoxdur. Dövlətin ayırdığı vəsait əcnəbi
mütəxəssislərə verilir, azərbaycanlı veteran isə ağır xəstəliklə mübarizədə
tamamilə unudulub. Necə olacaq? Bilmirəm. Qəhrəman Əliyevin xəstəliyə
qalib gəlib-gəlməyəcəyini də bilmirəm. Amma onu bilirəm ki, Azərbaycan
futbolunun tarixində Qəhrəman Əliyev kimi zəhmətkeşlər qalacaq, Oqtay
Abdullayev kimi hazıra nazir olanlar yox.
Natiq Muxtarlı