“Qızıl Top” uğrunda amansız mübarizə
Dünya çempionu Lamin Yamal, rekordlar qıran Harri Keyn və mundialın bombardiri Kilian Mbappe əsas namizədlərdir. 30 nəfərlik namizədlər siyahısı tezliklə açıqlanacaq. Artıq indidən bu mövzuda qızğın müzakirələr gedir.
Dünya futbolunun ən prestijli fərdi mükafatında finiş xəttinə yaxınlaşmışıq. “Qızıl Top” uğrunda budəfəki mübarizənin maraqlı tərəfi odur ki, cavabı əvvəldən bilmək mümkün deyil. Son illərdə mükafatın ətrafında müəyyən mərhələdə bir futbolçunun digərlərindən ciddi şəkildə fərqlənməsi adi hal almışdı. İndi səhnədə Lionel Messi və Kriştiano Ronaldonun yaratdığı uzunmüddətli hegemoniya mövcud deyil. 2025-ci ilin qalibi Usman Dembele olsa da, fransızın ardıcıl ikinci “Qızıl Top”u qazanması ehtimalı da dünya çempionatından sonra xeyli zəifləyib. İndi əsas mübahisə üç adın ətrafında gedir. Dünya çempionu Lamin Yamal, rekordlar qıran Harri Keyn və mundialın bombardiri Kilian Mbappe əsas namizədlərdir. 30 nəfərlik namizədlər siyahısı tezliklə açıqlanacaq. Lakin artıq indidən bu mövzuda qızğın müzakirələr gedir.
Rəqəmlər Keyni işarə edir
“Qızıl Top”un sahibi yalnız statistik göstəricilərlə müəyyənləşsəydi, mübahisə çoxdan bitmişdi. Harri Keyn 2025/26 mövsümündə “Bavariya”da 73 qol və səkkiz məhsuldar ötürmə edib, Almaniyada çempionluq, ölkə kuboku və Super Kuboku qazanıb. 33 yaşlı forvard İngiltərə millisində isə dünya çempionatında altı dəfə fərqlənib. Üstəlik Çempionlar Liqasında 13 oyunda vurulan 14 qol da onun aktivini zənginləşdirir. Keynin ən böyük üstünlüyü məhz bütün mövsümü yüksək səviyyədə keçirməsidir.
Nəzərə alsaq ki, 2026-cı il dünya çempionatı ilidir və mundialda bir futbolçunun parlaması “Qızıl Top” tarixində həmişə üstünlüyün ona tərəf istiqamətlənməsinə səbəb olur. Keynin qarşısındakı əsas problem də elə dünya çempionatıdır. İngiltərə favoritlərdən sayılsa da, çempion ola bilmədi. Heç finala çıxmağı da bacarmadı. Bu baxımdan Keyn möhtəşəm keçirdiyi mövsümdə son nöqtəni qoya bilmədi. Lakin bütün turnirlərdə göstərdiyi fərdi performansı onu əsas favoritlərdən biri edir.
Yamal tarixə düşəcək?
19 yaşına qədər həm dünya, həm Avropa çempionluğu əldə etmiş Lamin Yamal indi futbol dünyasının ən prestijli fərdi mükafatından cəmi bir neçə addım aralıdadır. Əslində onun “Qızıl Top”a əsas namizədlərdən olması sensasiya deyil. Çünki Yamal ötən il də yalnız Usman Dembeledən geri qalaraq, ikinci yeri tutmuşdu. Bu dəfə isə onun əlində dünya çempionluğu kimi çox böyük arqument var.
“Barselona” ilə La Liqa və İspaniya Super Kubokunu qazanan Yamal 2025/26 mövsümünü 26 qol və 21 assistlə başa vurub. Dünya çempionatında İspaniyanın çempionluğuna gedən yolda da gənc oyunçu əsas simalardan olub. Yamalın problemi qəribə şəkildə onun ən böyük üstünlüyündən yaranır. Məsələ burasındadır ki, bu futbolçu çox gəncdir. Səsvermədə bəzi iştirakçıların “onun üçün hələ tezdir” düşüncəsinə qapılması mümkündür. Üstəlik Yamalın mundialda fərdi performansı gözlənilən qədər dominant olmayıb. İspaniya kuboku qazandı, Yamal komandanın vacib hissəsi oldu, amma turnir onun fərdi performansı ilə yadda qalmadı. “Qızıl Top” səsverməsində bəzən belə detallar həlledici olur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dünya çempionatının ən yaxşısı Yamalın komanda yoldaşı Rodri seçilib. Bu, onun özünü “Qızıl top” mübarizəsinə qoşur. Başqa sözlə, İspaniyanın iki əsas namizədi bir-birinin səsini bölə də bilər.
Yamalın əsas üstünlüyü göstərdiyi oyunun rəqəmlərə sığmamasıdır. Ekstravaqant futbolçu oyunun gedişinə təsir edən, izləyiciyə zövq verən, rəqibin planlarını pozan futbolçudur. Mövsümün ən yaxşısı seçilərkən statistika ikinci plana atılsa, Yamala rəqib ola biləcək ad tapmaq çətindir. 19 yaşlı oyunçu “Qızıl top”u qazansa, əfsanəvi Ronaldonu geridə qoyaraq mükafatı əldə edən ən gənc oyunçu kimi tarixə düşəcək.
Mbappe yenə namizəddir
“Real Madrid”in və Fransa millisinin ulduzu Kilian Mbappe bu dəfə də əsas iddialılardandır. 2025/26 mövsümündə Mbappe 58 qol və 14 assistlə çıxış edib. Madrid təmsilçisində mövcud problemlərə baxmayaraq, fərdi olaraq möhtəşəm il keçirib. Mbappenin əsas üstünlüklərindən biri dünya çempionatındakı çıxışıdır. Fransa mundialda yarımfinala qədər yüksəlib, Mbappe isə 10 qolla turnirin bombardiri olub.
Kilianın problemi isə kubok rəfindədir. O, dünya kubokunu qazana bilmədi. “Real Madrid” isə mövsümü böyük komanda uğuru ilə başa vurmadı. Bu, “Qızıl Top” səsverməsində çox ciddi mənfi amildir. Kollektiv nəticələrdə Kilianın əsas rəqiblərindən geridədir.
İddialıların sayı çoxdur
Ümumilikdə “Qızıl Top”a namizədlərin sayı kifayət qədərdir və onların hər birini keçən mövsüm yaxşı performansla yadda qalıblar.
Rodri yenə ən maraqlı namizədlərindən biridir. 2024-cü ildə “Qızıl Top”u qazanan ispaniyalı ağır zədədən sonra əvvəlki səviyyəsindən uzaq görünsə də dünya çempionatında yenidən ön plana çıxdı.
O, İspaniyanın çempionluğunda əsas rollardan birini oynadı və turnirin ən yaxşı futbolçusu seçildi. Bu da ”Qızıl Top”un ənənəvi mübahisəsini yenidən gündəmə gətirir: mükafat fərdi performansa görə verilməlidir, yoxsa komanda uğuruna?
Rodrinin 73 qollu Keyn və 58 qollu Mbappe ilə rəqabəti göstərir ki, “Qızıl Top”a iddia təkcə statistika ilə ölçülmür. Digər tərəfdən, Lionel Messi, Usman Dembele və Erlinq Haland kimi ulduzların da adları çəkilir.
Beləliklə, əsas mübarizədə Keyn, Yamal və Mbappe önə çıxsa da, onlarla rəqabət aparmağa qadir digər oyunçular da var. Sentyabrın 8-də namizədlər açıqlanacaq, oktyabrın 26-da isə Londonda qalib bəlli olacaq.