Futbolçuların transfer qaydaları dəyişir
Ən mühüm yeniliklərdən biri odur ki, klub və futbolçu müqaviləni imzalayarkən onun vaxtından əvvəl pozulması halında ödəniləcək kompensasiyanın məbləğini əvvəlcədən razılaşdıra biləcəklər. Müqavilədə belə bir məbləğ ümumiyyətlə yazılmayıbsa, bu halda kompensasiya real zərər əsasında müəyyənləşdiriləcək.
Yay transfer pəncərəsinin ən çox danışılan hadisələrindən biri reallaşmayan keçid oldu. Xulian Alvaresin “Atletiko” Madriddən “Barselona”ya mümkün keçidi uzun müddət gündəmdə qaldı. Futbolçunun istəyinə baxmayaraq, “Atletiko” futbolçunu satmaq niyyətində olmadığını bildirdi və nəticədə keçid baş tutmadı.
Bu hadisə futbolda çoxdan mövcud olan müqaviləsi davam edən futbolçu getmək istədiyi halda klubun onu nə qədər müddət saxlaya biləcəyi mövzusunu yenidən gündəmə gətirdi. Cavab yaxın gələcəkdə dəyişə bilər. FIFA gələn ilin əvvəlində qüvvəyə minəcək yeni transfer qaydalarını təsdiqləyib.
Diarranın şikayəti ilə dəyişən sistem
Yeni qaydaları anlamaq üçün 12 il əvvələ qayıtmaq lazımdır. 2014-cü ildə Fransa millisinin keçmiş futbolçusu Lassana Diarra “Lokomotiv” (Moskva) ilə müqaviləni birtərəfli ləğv etdikdən sonra klub axtarmağa başladı. Lakin onun yeni kluba keçməsi asan olmadı. Həmin dövrdə FIFA qaydaları müqaviləni əsaslı səbəb olmadan pozan futbolçu və onu qəbul edən yeni klub üçün ciddi maliyyə və idman riskləri yaradırdı. Yeni klub əvvəlki kluba ödənilməli kompensasiyaya görə birgə məsuliyyət daşıya bilərdi. Bundan başqa, müqavilə mübahisəsi davam etdiyi müddətdə Beynəlxalq Transfer Sertifikatının verilməsi də problem yarada bilirdi.
Diarra məsələni məhkəməyə apardı. İş Avropa İttifaqı Ədalət Məhkəməsinə qədər getdi və FIFA-nın həmin vaxt qüvvədə olan qaydalarının müəyyən hissələrinin futbolçuların sərbəst hərəkətinə və klublar arasında rəqabətə məhdudiyyətlər yaratdığı müəyyənləşdirildi. Bundan sonra FIFA qaydaları yenidən nəzərdən keçirdi. 2027-ci il qaydaları həmin prosesin nəticəsidir.
Futbolçu müqaviləni pozub gedə biləcək?
Yeni qaydaların ən çox müzakirə ediləcək hissəsi müqavilənin vaxtından əvvəl pozulmasına görə kompensasiyanın hesablanmasıdır. Düzdür, yeni qaydalar futbolçuya istədiyi vaxt müqaviləni birtərəfli ləğv etmək və azad agent olmaq hüququ vermir. Əsaslı səbəb yoxdursa, bu, yenə də müqavilə öhdəliyinin pozulması hesab olunur. Sadəcə, gələn ildən bu nəticənin necə hesablanması daha aydın tənzimlənəcək.
Ən mühüm yeniliklərdən biri odur ki, klub və futbolçu müqaviləni imzalayarkən onun vaxtından əvvəl pozulması halında ödəniləcək kompensasiyanın məbləğini əvvəlcədən razılaşdıra biləcəklər. Müqavilədə belə bir məbləğ ümumiyyətlə yazılmayıbsa, bu halda kompensasiya real zərər əsasında müəyyənləşdiriləcək. Yeni qaydalar futbolçu və klub üçün zərərin hansı elementlərdən ibarət ola biləcəyini ayrıca göstərir. Klubun zərərinə futbolçunun xidmətlərinin dəyəri, mümkün transfer gəlirinin itirilməsi, onu əvəzləmək üçün çəkilən xərclər və digər itkilər daxil ola bilər. Futbolçu üçün isə müqavilənin qalan müddətinin dəyəri və digər zərərlər nəzərə alına bilər.
Yeni klub avtomatik məsuliyyət daşımır
Dəyişikliklərin ən mühüm hissələrindən biri futbolçunu qəbul edən yeni klubun məsuliyyəti ilə bağlıdır. Əvvəlki sistemdə futbolçunun müqaviləni əsaslı səbəb olmadan pozması halında keçdiyi yeni klub futbolçunun kompensasiya öhdəliyinə görə birgə məsuliyyət daşıya bilərdi. Diarra işində məhz bu mexanizm ciddi suallar doğurmuşdu.
2027-ci ildən yeni klub yalnız futbolçunu əvvəlki müqaviləni pozmağa sövq etdiyi müəyyənləşdirildiyi halda birgə məsuliyyətə cəlb oluna bilər. Bu, bazar üçün kifayət qədər ciddi dəyişiklikdir. Çünki futbolçunun əvvəlki klubundan ayrılması ilə yeni klubun onu qəbul etməsi arasındakı hüquqi münasibət artıq əvvəlki kimi avtomatik qurulmur.
Futbolçunun öz transferindən pul qazanması
Yeni qaydaların başqa diqqətçəkən yeniliyi futbolçunun öz transferindən pay almasıdır. Ümumi prinsip kimi klub və futbolçu transfer haqqından futbolçuya pay verilməsi barədə razılaşa bilərlər. Bundan əlavə, beynəlxalq daimi transferlərdə illik sabit gəliri 150 min avrodan aşağı olan futbolçular üçün xüsusi mexanizm nəzərdə tutulur. Bu halda futbolçuya klubun aldığı transfer haqqının beş faizi ödənilməlidir.
Azərbaycan futbolu üçün bunun mənası nədir?
Bu dəyişikliklər Azərbaycan futbolu üçün də nəzəri məsələ deyil. Uzun müddət klublarımızın transfer modeli əsasən azad agentlər üzərində qurulurdu. Xaricdən gələn futbolçuların əhəmiyyətli hissəsi müqaviləsiz oyunçular olur, klub transfer haqqı ödəmədən heyətini formalaşdırırdı. Futbolçular da əksər hallarda Azərbaycan klublarından müqavilələri başa çatdıqdan sonra ayrılırdılar.
İndi mənzərə dəyişir. Klublarımız artıq transfer haqqı ödəyərək futbolçu alır, eyni zamanda öz futbolçularını xaricə sata bilir. Bu dəyişikliklə azarkeşlərin münasibəti arasında isə təbii ziddiyyət yaranır. Klubda parlayan futbolçunun xaricdən təklif alması azarkeş üçün çox vaxt yaxşı xəbər deyil. O, həmin futbolçunun komandada qalmasını istəyir. Xüsusilə vacib oyunlardan əvvəl və ya komandanın Avropada iddialı olduğu vaxtlarda “niyə satdınız?” sualı ortaya çıxır.
Amma futbolçu müqaviləsinin sonuna yaxınlaşırsa və daha böyük bazardan ciddi təklif alırsa, onu sadəcə “satmamaq” həmişə real strategiya deyil. Yeni qaydalar bu məsələdə də maraqlı balans yaradır. Klub futbolçu ilə uzunmüddətli müqavilə bağlayaraq onun iqtisadi hüquqlarını qorumağa çalışa bilər. Müqavilədə kompensasiya şərtlərini əvvəlcədən müəyyənləşdirmək də mümkündür. Lakin bu, futbolçunun hər şəraitdə komandada qalmağa məcbur ediləcəyi anlamına gəlmir. Əksinə, yeni sistemin məntiqi ondan ibarətdir ki, klubun futbolçu üzərində müqavilə hüququ ilə futbolçunun əmək bazarında hərəkət etmək hüququ arasında balans qurulsun.
Azərbaycan futbolunun transfer bazarında yeni-yeni qazanc əldə etməyə başladığı bir dövrdə yeni xüsusilə əhəmiyyətlidir. İndi əsas məsələ futbolçunu necə saxlamağın yollarını axtarmaqdan çox, onunla müqaviləni necə düzgün hazırlamaqdır.