• şənbə, 29 Avqust, 09:15
  • Baku Bakı 25°C

“Sabah” “Barselona”nı Bakıya gətirir 

29.08.26 02:20 37
“Sabah” “Barselona”nı Bakıya gətirir 

Valdas Dambrauskasın komandası “Barselona”, “Borussiya” (Dortmund), “Napoli” və “Slaviya”nı (Praqa) Bakıda qəbul edəcək, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə qarşılaşacaq. Səkkiz komandadan altısının “Böyük beşlik” təmsilçiləri olması püşkün necə ağır olduğunu anlamaq üçün kifayətdir.

Azərbaycan 10 il sonra yenidən avrokubokların əsas mərhələsində iki klubla təmsil olunmağa çox yaxın olsa da, yenə alınmadı. Son illər bu missiyanı təkbaşına icra edən “Qarabağ” bu dəfə tapşırığın öhdəsindən gələ bilmədi. Ağdam klubunu Avropa səhnəsində “Sabah” əvəzləyəcək. Ölkə çempionatında “atlılar”ın hegemonluğuna son qoyan “futuristlər” ilk cəhdindəcə Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə vəsiqə qazanmağı bacardı. “Qarabağ” isə heyətdəki böyük dəyişikliklər və çoxsaylı itkilər fonunda Avropa Liqasında başlayıb Konfrans Liqasında (KL) davam etdirdiyi mübarizəni pley-off mərhələsində dayandırdı.

“Boyundan yuxarı tullananlar”

“Sabah”ın ilk mərhələdə Uels təmsilçisi TNS-i mübarizədən kənarlaşdırması tamamilə normal qarşılanmışdı. Elə ikinci raundda KuPS (Finlandiya) ilə hər iki qarşılaşmada qələbə qazanmaq və ən azı KL-in əsas mərhələsinə vəsiqəni təmin etmək də Azərbaycan çempionu üçün minimum tapşırıq sayılırdı. Lakin 3-cü təsnifat mərhələsində Danimarkanın ən güclüsü “Orhus”u Bakıda darmadağın edərək pley-offa adlamaq artıq komandanın “boyundan yuxarı tullanması” kimi qiymətləndirilirdi. Klubun ilk cəhdindəcə ÇL-in pley-offuna yüksəlməsi özlüyündə böyük uğur idi. Burada dayanmaq heç kim üçün uğursuzluq sayılmayacaqdı.

Hədəfləri böyük olan “Sabah” kollektivi isə tam başqa xəyallarla yaşayırdı. Pley-offdakı rəqibin İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) olması dəqiqləşdikdən sonra iştaha daha da artmışdı. Yumşaq desək, bu komanda heç də keçilməz görünmürdü. Litvalı Valdas Dambrauskasın komandası artıq bir neçə dəfə gözləniləndən artığını etmişdi və bu dəfə də tapşırığın öhdəsindən gəlməyi bacaracağına inam böyük idi.

Bakıda dramatik gecə

İlk qarşılaşmada hesabı açmasına baxmayaraq, yekunda “Hapoel”ə 1:2 uduzan “Sabah” göstərmişdi ki, bu rəqibi keçmək tamamilə mümkündür. Bakıdakı cavab oyununda yaşananlar isə sadəcə fantastika idi. 

“Sabah” oyunun son dəqiqəsinə 2:2 hesablı heç-heçə ilə daxil olmuşdu. Bu, rəqibi liqa mərhələsinə aparırdı. Lakin “Sabah” ardıcıl hücumlarla rəqibi qapısına sıxışdırmağı bacarmışdı. Komanda bu əziyyətinin bəhrəsini gördü. Həmin mistik an 90+4-cü dəqiqədə yetişdi. “Sabah”ın xilaskarı, meydana bir qədər əvvəl çıxan Tellur Mütəllimov oldu. 2025-ci ildə Azərbaycan Kubokunun “Qarabağ”a qarşı final oyununun son dəqiqəsində fərqlənərək komandaya tarixində ilk titulu qazandıran müdafiəçi bu dəfə də sözünü dedi. 

3:2 hesablı qələbə ilə oyunu əlavə vaxta aparan Azərbaycan çempionu psixoloji üstünlüyü də ələ keçirmişdi. Son 30 dəqiqədə meydanda yalnız bir komanda var idi. Çoxsaylı hücumların ikisindən dəqiq yararlanan “Sabah” yekunda 5:2 hesablı qələbə ilə ÇL-in əsas mərhələsinə vəsiqə qazandı. Cəmi doqquz il əvvəl yaranmış klub turnirdəki debüt mövsümündə dörd təsnifat mərhələsini keçərək əsas mərhələyə adlayan ilk komanda kimi tarixə düşdü.

Nəhənglərə qarşı ağır sınaqlar

“Sabah”ın növbəti rəqibləri də artıq məlumdur. Düzü, əsas raundun püşkü komandamız üçün bir o qədər də əlverişli olmadı. “Sabah” burada Avropanın bir sıra nəhəng klubları ilə üz-üzə gələcək. Valdas Dambrauskasın komandası “Barselona”, “Borussiya” (Dortmund), “Napoli” və “Slaviya”nı (Praqa) Bakıda qəbul edəcək, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə qarşılaşacaq. Səkkiz komandadan altısının “Böyük beşlik” liqaları təmsilçiləri olması püşkün necə ağır olduğunu anlamaq üçün kifayətdir. Amma Bakıya gələcək dünya səviyyəli ulduzları canlı izləmək, onların qarşısında “Sabah”ın mübarizəsini görmək Azərbaycan futbolsevərləri üçün böyük bir fürsətdir.

“Qarabağ” üçün reabilitasiya mövsümü

“Qarabağ” KL pley-offunun ilk oyununda səfərdə Niderland “Tvente”sini 1:0 məğlub etsə də, Bakıda son dəqiqələrdə buraxdığı qolla 1:2 hesabı ilə məğlub olaraq işini çətinə saldı. Əlavə vaxtda daha iki qol buraxan Ağdam klubu 13 il sonra ilk dəfə avrokubokların əsas mərhələsindən kənarda qaldı. Maraqlıdır ki, komanda tarixində ilk dəfə əsas mərhələyə məhz “Tvente”ni keçərək yüksəlmişdi. 2013-cü ildə Niderland klubunu mübarizədən kənarlaşdıran “atlılar” 13 il sonra eyni rəqib qarşısında yolun sonuna gəldi.

Amma bu uğursuzluğun səbəblərini yalnız meydandakı 90 və ya 120 dəqiqədə axtarmaq düzgün olmaz. “Qarabağ” yay fasiləsində ciddi dəyişikliklər yaşadı. Komandanın əsas liderlərinin bir çoxu ayrıldı, heyətə xeyli yeni futbolçu cəlb olundu. Kollektivin tam uyğunlaşması üçün isə zaman lazımdır. Üstəlik çoxsaylı zədələr Qurban Qurbanovun heyətlə bağlı işini daha da çətinləşdirdi.

Əlbəttə, avrokuboklardan kənarda qalmaq “Qarabağ” üçün yaxşı xəbər deyil. Ancaq bəzən geriyə addım daha güclü qayıtmaq üçün fürsətə çevrilə bilər. Bu mövsüm Ağdam klubu üçün məhz belə bir reabilitasiya və toparlanma dövrü ola bilər. “Qarabağ” bu mövsüm özünü yenidən qurmalı və daha güclü qayıtmalıdır.

 

banner

Oxşar Xəbərlər