• şənbə, 26 Sentyabr, 03:16
  • Baku Bakı 22°C

Yığmamızın növbəti ciddi sınağı

26.09.26 02:30 14
Yığmamızın növbəti ciddi sınağı

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov qarşıdakı oyunlar üçün seçimini edib. Mütəxəssis 30 futbolçuya dəvət göndərib. Futbolçuların əksəriyyəti daxili çempionatda çıxış edir.

Futbol üzrə Azərbaycan millisi növbəti ciddi sınaq qarşısındadır. Ölkənin əsas komandası Millətlər Liqasının 2026/27 mövsümünə başlayır. Millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə üz-üzə gələcək. Keçən Millətlər Liqasında C Liqasının 1-ci qrupunda sonuncu olaraq aşağı liqaya düşən kollektiv ən zəiflərin yarışdığı divizionda uğur qazanmağa çalışacaq.

Abbasovun sərəncamındakı 30 futbolçu

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov qarşıdakı oyunlar üçün seçimini edib. Mütəxəssis 30 futbolçuya dəvət göndərib. Futbolçuların əksəriyyəti daxili çempionatda çıxış edir. Eyni zamanda “Petrolul”dan (Rumıniya) Cəlal Hüseynov, “Daejon Hana”dan (Cənubi Koreya) Anton Krivotsyuk, “Bursaspor”dan (Türkiyə) Toral Bayramov, “Kiryat Şmona”dan (İsrail) Rüfət Abdullazadə, “Kişvarda”dan (Macarıstan) Anatoli Nuriyev, “Malisheva”dan (Kosovo) Vüsal İsgəndərli, “Rakuv”dan (Polşa) Mahir Emreli və “Bukovina”dan (Ukrayna) Renat Dadaşov da heyətə cəlb olunub. Qapıçı Rəvan Mirzəmmədovla yarımmüdafiəçilər Edqar Adilxanov, Oruc Məmmədov və Fərid Yusifli isə millidə debüt edə bilərlər.

Ümumilikdə, baş məşqçinin seçimi ilə bağlı müəyyən müzakirələr olsa da, diqqətçəkən və hazırda milliyə namizəd hesab olunan futbolçuların əksəriyyətinə dəvət göndərilib. Bununla belə, komanda üzvlərinin heç də hamısının ideal formada olduğunu demək olmaz. Təəssüf ki, bir sıra futbolçular klublarında əsas heyət üzvü hesab edilmir. Oyun praktikasının azlığı qarşıdakı görüşlərdə komanda üçün əlavə çətinlik yarada bilər.

Digər tərəfdən, mövcud resurslara nəzər saldıqda baş məşqçinin böyük seçim imkanlarına malik olmadığı da aydın görünür. Bu baxımdan, Abbasovun sərəncamındakı futbolçular arasında həm təcrübəli oyunçular, həm də özünü milli səviyyədə göstərmək imkanı qazanan yeni simalar yer alır.

Litva ilə başlayan kampaniya

Komandamız Millətlər Liqasında ilk oyununu sentyabrın 27-də Litva yığmasına qarşı keçirəcək. Baltikyanı ölkə təmsilçisi də yığmamız kimi C Liqasından aşağı düşüb və qrupun reytinq baxımından ikinci komandasıdır. Hazırda Litva FIFA sıralamasında 149-cu pillədə qərarlaşıb. Azərbaycan millisi isə həmin siyahıda 126-cıdır. Bu baxımdan, qrupda ilk pillə uğrunda əsas mübarizənin məhz bu iki komanda arasında gedəcəyi gözlənilir.

Litva millisi heyətinə görə Azərbaycan yığmasından üstün hesab olunmasa da, kifayət qədər yaxşı oyunçulara malikdir. Komandanın əksər futbolçuları ölkə xaricində çıxış edir. Xüsusilə İtaliyanın “Torino” klubunun üzvü Qvidas Kineitisi qeyd etmək lazımdır. Bazar dəyəri səkkiz milyon avro olan yarımmüdafiəçi bu mövsüm A Seriyasında keçirdiyi 4 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu baxımdan, orta xətt oyunçularımızın ona qarşı xüsusi diqqətli olması vacibdir.

Ümumiyyətlə, D Liqasında mübarizə aparmasına baxmayaraq, Litva kifayət qədər yaxşı heyətə malik və möhkəm təsir bağışlayan komandadır. İndiyədək yığmamız litvalılarla üç dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. Tərəflər hərəyə bir qələbə qazanıb, daha bir qarşılaşma isə heç-heçə başa çatıb.

Dünyanın ən zəif komandalarından biri

Millimizin ikinci rəqibi Lixtenşteyn millisidir. Qrupun aşkar autsayderi olan bu komanda FIFA reytinqində 211 yığma arasında 206-cı pillədə qərarlaşıb. Belə rəqib qarşısında millimizin hədəfi yalnız qələbə ola bilər. Bu komanda ilə keçiriləcək oyunlarda hər hansı xal itkisi komandanın hədəflərinə ciddi zərbə vura bilər.

Maraqlıdır ki, Lixtenşteyn millisi tarixində ilk qələbəsini məhz Azərbaycan yığması üzərində qazanıb. Bu, 1998-ci ildə baş verib. Sonrakı dörd qarşılaşmanın üçündə isə millimiz rəqibini məğlub etməyi bacarıb. Hazırda komandamız heyətin gücünə, futbolçuların fərdi keyfiyyətlərinə görə Lixtenşteyndən açıq şəkildə üstündür. Millimizin D Liqasındakı məqsədi qrupda ilk pilləni tutmaqdırsa, Lixtenşteynlə oyunlarda maksimum xal toplamaq vacibdir.

D Liqası tarixə qovuşur

UEFA Millətlər Liqasında D Liqası ilə bağlı ciddi dəyişiklik edib. Qarşıdakı mövsüm bu divizionun tarixində sonuncu olacaq. Növbəti Millətlər Liqasında artıq D Liqası olmayacaq və hazırda burada qərarlaşan bütün komandalar avtomatik olaraq C Liqasında mübarizə aparacaqlar.

Bu baxımdan, qarşıdakı oyunların turnir nəticəsi baxımından əvvəlki mövsümlərlə müqayisədə xüsusi əhəmiyyəti olmayacaq. Qrup qalibi olmaq millimizə C Liqasına vəsiqə qazandırmayacaq. Bununla belə, bu məqam Litva və xüsusilə Lixtenşteyn kimi rəqiblərlə oyunlarda nəticə gözləntisini dəyişmir. Millimizdən hər iki rəqibə qarşı qələbə, qrupda isə mümkün qədər maksimum nəticə gözlənilir.

Komandamız ilk oyununu sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcək. Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyni qəbul edəcək millimiz bundan 3 gün sonra, oktyabrın 4-də 8-ci kilometr qəsəbə stadionunda Litva yığması ilə qarşılaşacaq. Son qrup oyunumuz isə noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı olacaq.

Millətlər Liqası ərəfəsində hazırlıq məqsədi ilə milli komanda yoxlama oyununda qüvvəsini sınadı. Bakıda Tacikistanla qarşılaşan yığmamız minimal hesablı qələbə qazandı. Komandamızın heç də ən yaxşı oyununu göstərə bilmədiyi görüşdə Toral Bayramovun cərimə zərbəsi milliyə uğur gətirdi. Onun qüvvətli zərbəsi əvvəlcə qapı tirinə, sonra rəqib qapıçıya dəyərək tora qovuşdu. 

banner

Oxşar Xəbərlər