• şənbə, 22 Avqust, 05:39
  • Baku Bakı 26°C

“Qarabağ”ın iz qoyub gedən sehrbazı

22.08.26 01:46 27
“Qarabağ”ın iz qoyub gedən sehrbazı

Zubir uzun illər “Qarabağ”ın dəyişilməz simalarından biri olmağı bacardı. O, hər dəfə top ayağına gələndə tribunaların ayağa qalxmasına səbəb olan futbolçulardan idi.

Futzal futbola bənzəyir, amma əslində çox fərqli oyunlardır. Futzalda meydan daha kiçik, vaxt daha az, rəqib daha yaxındır. Topu ayaqda saxlamaq, dar məkanda çıxış yolu tapmaq, bir toxunuşla vəziyyəti dəyişmək bu növün əsas xüsusiyyətlərindəndir. Böyük futboldan futzala keçidlər olduqca geniş yayılıb. Lakin əks marşrutla hərəkət edib uğur qazananların sayı elə də çox deyil. Onlardan biri isə artıq “Qarabağ”ın əfsanəsi kimi xatırladığımız Abdullah Zubirdir. Onun oyununda yuxarıda sadaladığımız keyfiyyətləri ən incə detallarına qədər görmək mümkündür. O, futzaldan gələn texnikanı böyük futbola uğurla daşıyan futbolçulardan biridir. 6 yaşından futzalla məşğul olan Zubir hətta Fransa U-21 futzal millisində də oynayıb. Lakin daha sonra şansını böyük meydanda sınamaq qərarına gəlib. 2018-ci ildə yolu Azərbaycana, “Qarabağ”a düşən Abdullah burada keçirdiyi səkkiz il ərzində futbolumuzun ən tanınan fiqurlarından biri oldu.

Səkkiz möhtəşəm mövsüm

“Qarabağ”ın formasını 2018-ci ilin yayından geyinən Zubir Ağdam təmsilçisinin heyətində 368 oyunda 78 qol vurub. “Atlılar”la altı dəfə ölkə çempionu titulunu qazanan vinger iki dəfə də kubokun sahibi olub. Avrokuboklarda parlaq çıxış edən Zubir Azərbaycan klublarının qitəmiqyaslı yarışlarda rekordçusudur. Mərakeş əsilli oyunçu 18 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. O, avrokuboklarda keçirdiyi oyunların sayına görə isə yalnız Maksim Medvedevdən geri qalır. Legionerlər arasında isə yenə də birincidir.

Zubirin karyerasının Azərbaycana qədər olan hissəsi də maraqlıdır. O, “Qarabağ”a gəlməzdən əvvəl Fransa, Şotlandiya və Rumıniyada oynayıb. 2018-ci ildə isə “Lans”dan Ağdam klubuna keçidi heç də futbolçunun ətrafındakı insanların hamısına məntiqli görünmürdü. Onun üçün Azərbaycan seçimlərdən biri idi, amma sonradan bu seçim karyerasının ən uzun və ən uğurlu mərhələsinə çevrildi. Zubir “Qarabağ”a gələndə 26 yaşında idi. O buradan 34 yaşında, 8 möhtəşəm mövsümdə ciddi uğurlar əldə etmiş, minlərlə azarkeşin qəlbini fəth etmiş, bir klubun əfsanəsinə çevrilmiş şəkildə ayrıldı.

Saf istedad

Zubirin futbolçu profilinin əsas hissəsi onun driblinq bacarığıdır. O, topu qəbul edir, qısa fasilə verərək qarşısındakı müdafiəçini bir anlıq süzür, sonra bədəni ilə bir istiqamət göstərib başqa tərəfə gedir. Bəzən heç sürətini artırmadan rəqibini geridə qoymağı bacarır, bəzən üç nəfərin arasına girib topu özündə saxlamağı bacarır. “Qarabağ”lı Zubir üçün bu, oyunun təbii axarı idi. Özü də bu, onda saf istedad idi. Zubir bir müddət əvvəl “Məşqdə driblinq üzərində işləyirsən?” sualına belə cavab vermişdi: “Mən heç vaxt driblinq üzərində işləməmişəm. Bu, məndə olan və heç vaxt üzərində düşünmədiyim bir şeydir. Bunu necə izah edəcəyimi bilmirəm, rəqibin qarşısına çıxıram və nəsə edirəm, keçirəm, ya da keçmirəm. Bu, instinktivdir”. 

Zubir həmin müsahibədə böyük futbola keçidinin ilk mərhələsində taktiki baxımdan xeyli çətinlik çəkdiyini də etiraf etmişdi. Lakin onun həqiqi istedadı bu əngəlləri aşmasına imkan verib. Eləcə də zəhmətkeşliyi. Futbolçu bildirir ki, “Qrenobl”da oynamağa başladığı ilk vaxtlarda məşqdən sonra əlavə çalışmalarla özünü inkişaf etdirib. 

“Qarabağ”da səkkiz il qalmasının səbəblərindən biri 

Zubirin “Qarabağ”dakı uzunömürlülüyünü yalnız texnika ilə izah etmək doğru olmaz. Qurban Qurbanovun son açıqlaması bu baxımdan xüsusilə maraqlıdır. Baş məşqçi Zubir üçün vida oyununun niyə keçirilmədiyini izah edərkən onun xarakterindən də danışıb: “Zubir sadə futbolçudur, davranışı və mənəvi keyfiyyətləri yüksək olan insandır. O, məşqləri buraxmırdı, intizam qaydalarını pozmurdu. Həmişə saat mexanizmi kimi işləyirdi”.

Bu, Zubirin “Qarabağ” karyerasının görünməyən tərəfidir. Çünki azarkeş yalnız onun meydandakı improvizasiyasına şahidlik edirdi, Qurban Qurbanov isə hər gün məşqdə işləyən futbolçunu. Zubirin “Qarabağ”da səkkiz il qalmasının səbəblərindən biri də məhz bu idi. Azərbaycan onun üçün sadəcə karyerasının növbəti dayanacağı olaraq qalmadı. O, burada futbolçu kimi böyüdü, “Qarabağ”ın sisteminə uyğunlaşdı və klubun Avropa səviyyəsində yüksəlişinin bir hissəsinə çevrildi.

33 yaşında Çempionlar Liqası

Zubirin “Qarabağ”dakı ən yaddaqalan dövrlərindən biri 2025/26 mövsümüdür. O, 33 yaşında ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində oynadı. Debütü isə adi oyun olmadı. “Qarabağ” həmin qarşılaşmada “Benfika”nın qonağı idi. Ağdam klubu 0:2 hesabı ilə geridə olduğu oyunda 3:2 qalib gəldi və Çempionlar Liqasının əsas mərhələsində tarixində ilk qələbəsini qazandı. Zubir həmin oyunda komandanın əsas fiqurlarından biri idi. Bu, Zubirin karyerasının ən böyük hadisə oldu. O, Bakıya qayıdandan sonra hava limanında azarkeşlərin onları gözlədiyini görəndə qələbənin nə qədər böyük hadisə olduğunu daha yaxşı başa düşdüyünü etiraf etmişdi. 
İndi isə yollar ayrılıb. “Qarabağ” avqustun 16-da Zubirlə müqaviləyə xitam verildiyini açıqladı. Klubdan ayrılan futbolçunun son dayanacağı Qətər olacaq.

 

banner

Oxşar Xəbərlər