Azarkeşlər stadionlara qayıdır
Mövcud rəqəmlərə əsasən, çempionatın baş tutan 46 qarşılaşmasında orta izləyici sayı 3056 nəfərdir və bu, iki dəfədən çox artım deməkdir. Beləliklə, biz çəkinmədən vəziyyətin müsbətə doğru dəyişdiyini söyləyə bilərik.
Azərbaycanlı futbol azarkeşləri yenidən stadionlara qayıdırlar. Komandaların əsasən Bakıda cəmləşdiyi, cəmi 8 klubun mübarizə apardığı liqa formatının hökm sürdüyü dövrdə ölkəmizdə ən çətin günlərini yaşayan “idmanın şahı”nda vəziyyət tədricən dəyişir. Azarkeş marağındakı müsbət dinamika ildən-ilə daha aydın hiss olunur. Üstəlik, bu artım yalnız komanda sayının 12-yə çatdırılması ilə əlaqəli deyil. Burada bir sıra amillər rol oynayır ki, onların hər biri olduqca əhəmiyyətlidir.
Rəqəmli panorama
Bu mövsüm Azərbaycan Premyer Liqasında geridə qalan 8 turu ümumilikdə 140 mindən bir qədər artıq azarkeş izləyib. Bu, ötən mövsüm 33 tur üçün cəmi tamaşaçı sayının təxminən yarısıdır. Çempionatın heç ¼ hissəsinin keçirilmədiyini nəzərə alsaq, hazırkı göstərici olduqca yaxşı hesab edilməlidir. Koronavirus pandemiyasından sonra stadionların azarkeşlərə tam açıldığı dövrü nəzərə alsaq, ən yüksək göstərici keçən mövsüm qeydə alınıb. Baş tutan 198 qarşılaşmada yaşananlara 286 minə yaxın azarkeş tribunadan canlı şahidlik edib. Bu isə hər oyunda 1443 nəfərin yer aldığı deməkdir. Bəli, bu, futbol üçün elə də yüksək rəqəm hesab edilməməlidir. Ancaq cəmi 5 mövsüm əvvəl orta göstəricinin cəmi 795 nəfər olduğunu nəzərə alsaq, az qala ikiqat artımın olması sevindirici məqamdır. Bu gedişatla mövsümün sonunda keçənilki nəticənin ikiqatına nail olmaq tamamilə real görünür. Mövcud rəqəmlərə əsasən, çempionatın baş tutan 46 qarşılaşmasında orta izləyici sayı 3056 nəfərdir və bu, iki dəfədən çox artım deməkdir. Beləliklə, biz çəkinmədən vəziyyətin müsbətə doğru dəyişdiyini söyləyə bilərik.
Rəqabət marağı artırır
Son illərdə futbolumuzda aparılan islahatlar klubların ümumi səviyyəsinin yüksəlməsinə səbəb olub. Komanda sayının artırılıb 12-yə çatdırılması ilə futbolun miqyası böyüyüb. Hər nə qədər yerli oyunçuların mövqelərini zəiflətmək riski daşısa da, legioner limitinin ləğvi də komandaların daha yaxşı əcnəbilərlə daha iddialı olmasına səbəb olub. Bunların fonunda ötən mövsüm “Qarabağ”ın uzun illər davam edən hegemonluğuna son qoyuldu. “Sabah” həm Premyer Liqada, həm ölkə kubokunda Ağdam klubunu üstələməyi bacardı. Üstəlik, çempionatda güclənən “Neftçi”, daha iddialı “Turan Tovuz”, stabil “Zirə” kimi nümunələr var. Xüsusilə “ağ-qaralar”ın uğurlu çıxışı və yenidən avrokuboklara vəsiqə qazanması qeyd edilməlidir. Düzdür, “Neftçi” azarkeşləri komandanın pis vaxtlarında da “flaqman”ı tək qoymurdular, lakin nəticələrin azarkeşlərin tribunaya gəlməsində rol oynaması şübhəsizdir. Tovuz stadionunda aparılan yenidənqurma işləri, işıqlandırma sisteminin qurulmasının oyunların daha münasib saatlara salınmasına imkan verməsi Qərb təmsilçisinin oyunlarındakı tamaşaçı sayına da təsir edib. Rəqabət səviyyəsinin artması azarkeşlərin marağının artmasına səbəb olur.
Gəncə effekti
Azərbaycan Premyer Liqasında mövsümün əsas qazancı barədə danışsaq, artıq indidən çəkinmədən bunun Gəncə şəhər stadionu olduğunu söyləyə bilərik. Uzun müddət stadion problemi yaşayan “Kəpəz” avqustun 30-da “Turan Tovuz”a qarşı Qərb derbisi ilə öz məbədinə qayıtdı. Yenidən tikilən Gəncə şəhər stadionundakı ilk oyunu tribunadan 13500 azarkeş izlədi. Artıq ilk oyundan göründü ki, oradakı oyunlar azarkeş marağına görə digər qarşılaşmaları üstələyəcək. “Kəpəz”in bu mövsüm keçirdiyi 5 oyununda ümumilikdə 68 minə yaxın azarkeş izləyib. Bu, ümumi sayın az qala yarısıdır. Bu mövsüm Gəncədə “Kəpəz”in “Qarabağ”, “Neftçi” kimi rəqiblərlə tarixi rəqabətə söykənən oyunlarının olduğunu nəzərə alsaq, hətta 15 min nəfərdən artıq tutuma malik olan stadionun kifayət etməyəcəyini söyləmək olar. İstənilən halda, böyük futbolun Gəncəyə qayıtması, bu oyuna ac olan yerli azarkeşlərin sevimli komandalarını rahat şəkildə dəstəkləmələri ümumilikdə futbolumuz adına müsbət məqamdır. Çünki Gəncə hər zaman Azərbaycan futbolunun məbədlərindən biri olub. Doğma arenada oynaması “Kəpəz”in nəticələrinə də təsirsiz ötüşməyib. Son illər autsayderlər sırasında yer alan “sarı-göylər” bu mövsüm stabil çıxışı ilə diqqət çəkir və üst pillələrə yüksəlmək uğrunda mübarizə aparır.
Dinamika müsbətdir, amma...
Müşahidələr və konkret rəqəmlər Azərbaycan futbolunda azarkeşlər baxımından irəliləyiş olduğunu aşkar göstərir. Lakin hələ də bu baxımdan ciddi problemlər qalmaqdadır. Xüsusilə, bəzi klubların stadion problemi ilə üzləşməsi, öz doğma rayonlarında oynamaması, onların dəstəkdən məhrum olması ilə nəticələnir və ümumi mənzərəyə mənfi təsir göstərir. Bu baxımdan xüsusilə “Araz-Naxçıvan” və “İmişli”ni qeyd etmək lazımdır. Muxtar respublika təmsilçisi bir neçə il Bakıda məskunlaşdıqdan sonra bu mövsüm oyunlarını gah Qəbələdə, gah Şamaxıda keçirir. Təsadüfi deyil ki, azarkeşlərin ən az maraq göstərdiyi qarşılaşmalar da məhz “Araz-Naxçıvan”ın ev oyunlarıdır. Son məlumata görə Naxçıvan şəhər stadionunda təmir işlərinə başlanıb. Klub doğma şəhərinə qayıtsa, bu, şübhəsiz, həm nəticələrin yaxşılaşmasına səbəb olar, həm komandanın oyunlarına marağı artırar. “İmişli” isə Qubadan sonra indi də oyunlarını Yevlaxda keçirir. Vaxtilə “MKT Araz”ın oyunları zamanı İmişlidə stadion tamamilə dolurdu. Təəssüf ki, klub problemin aradan qaldırılması üçün hansısa real addım atmır.
Stadionsuz Premyer Liqa klubları arasında “Şəfa” da var. Komandanın köhnə “Şəfa” stadionuna köçəcəyi deyilsə də, proses hələ tamamlanmayıb. Klub hazırda Sumqayıtda oynamaq məcburiyyətindədir. Yeri gəlmişkən, “gənclik şəhəri” təmsilçisi “Sumqayıt” özü də əsas stadionunun ot örtüyündəki problem səbəbindən ehtiyat stadionda oynayır və bu da azarkeş sayına mənfi təsir göstərir. Nəhayət, “Sabah” uzun illər məskunlaşdığı Masazırı tərk edir. Komanda yaxın zamanda ev oyunlarını Mərdəkanda keçirəcək. “Sabah”ın azarkeşlərlə bağlı apardığı fəaliyyət olduqca müsbət idi və Masazırda azarkeş ordusu formalaşmışdı. İndi prosesi Mərdəkanda sıfırdan başlamaq lazım olacaq. Bununla belə, ərazinin ümumi xüsusiyyəti Bakı kəndləri ilə işləmək fürsəti kluba əlavə imkanlar qazandırır.
Göründüyü kimi, ümumilikdə müsbətə doğru xeyli dəyişiklik var. Lakin mövcud problemlər də kifayət qədər ciddidir və gözardı edilməməlidir.